Modern.az

Kulinariya generalı  - Tahir Əmiraslanov əslində kimdir...

Kulinariya generalı  - Tahir Əmiraslanov əslində kimdir...

15 Mart 2018, 08:52

Gərək Tahir Əmiraslanovu hələ Tovuzdan, Gəncədən - uşaqlıq illərindən tanıyaydım.Heyf ki, Azərbaycan kulinarlarının bu istedadlı liderini çox gec - cəmi 24 il əvvəl tanımışam. Bununla da onun təkcə Azərbaycan mətbəxi barədə yox, xalqımızın bilavasitə mətbəxdən başlayaraq formalaşan məişəti, qədim milli adət-ənənələri, mədəniyyət və incəsənəti, ümumilikdə hələ lap minilliklər əvvəl, Dədə Qorqud dövrlərindən bəri tariximiz haqqında çox maraqlı söhbətləri, yeri düşdükcə bədahətən (ekspromt olaraq), həm də yalnız ona məxsus tərzdə vətən sevgisi-coşqunluğu ilə söylədiyi çox maraqlı elmi-tarixi, fəlsəfi fikirləri ilə bir qədər gec tanış olmuşam.

 


...İlk dəfə isə onu 1993-cü ilin ortalarında mənim üçün doğma olan, 12 il əməkdaşı olduğum "Vışka" qəzeti redaksiyasına gəlib-gedərkən görmüşdüm.  Qəzetin baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti Mədinə xanım Həsənova ilə söhbət zamanı onun heç də adi olmayan mühakimələrindən, həmsöhbəti ilə istənilən mövzuda asanlıqla dialoqa girməsindən, özünü sərbəst aparmasından başa düşmüşdüm ki, bu adam kimdirsə, adi oxucu deyil. Stereotip olmayan düşüncə tərzi, həyata öz baxışı ilə seçilən o vaxtkı 34-35 yaşlı oğlanla da məni elə Mədinə xanım tanış eləmişdi. Bildirmişdi ki, bu "gəncəli balası" - Tahir Əmiraslanov çox istedadlı, maraqlı bir adamdır, Azərbaycanın Milli Kulinariya Mərkəzinin direktorudur. Deməli, zənnimdə yanılmamışdım. Belə gənc yaşından respublikanın əhəmiyyətli bir vəzifəsinin ona həvalə edilməsi də bu gənc haqqında çox şey deyirdi. Onunla yaxından tanış olmaq üçün redaktoru olduğum, "Vışka" ilə üzbəüz otaqda yerləşən "Bakinets" qəzetinin redaksiyasına dəvət etdim. 


Məlum oldu ki, o, respublikanın ustad, həm də gənc, perspektivli kulinarları ilə birgə Maltada kulinariya üzrə keçirilmiş növbəti beynəlxalq müsabiqədən yenicə qayıtmışdır, özü də komandasının qazandığı qızıl və gümüş medallarla (bununla bağlı o vaxt qəzetimizin oxucularına geniş məlumat verərək, onları da "adi" sənətini "qeyri-adi" etməyi bacaran belə bir istedadlı adamla  tanış etməyə  çalışmışdıq).  

 


Qara qutu və... meduza dolması


O
vaxt Tahir müəllimin söhbət zamanı xatırladığı maraqlı bir fakt daha çox yadımda qalıb. Maraq doğuran isə o idi ki, 50-dən artıq ölkənin təmsil olunduğu bir beynəlxalq müsabiqədə münsiflər heyəti tərəfindən digər komandalar kimi Azərbaycanın (o zaman ölkəmiz özünün ağır, çətin günlərini yaşayırdı) kulinarlar komandası qarşısında da "məchul qutu" deyilən bağlı bir qara qutuda təqdim olunan, içərisində nə olduğu bilinməyən ərzaq və ədviyyatdan dadlı bir yemək hazırlamaq tapşırığı qoymuşdu. Elə bir yemək ki, hamının xoşuna gəlsin və iştahla yeyilsin. Həm də tələb belə olur ki, həmin qutudan hansı ərzaq və s. çıxırsa, komanda müsabiqə yeməyini ancaq onlardan hazırlamalıdır, başqa ərzaqdan istifadə etmək olmaz və bu, əslində orda heç mümkün də deyil. Qutunu açıb, oradakı okean meduzasını görəndə komanda üzvlərindən bəziləri qeyri-ixtiyari üzlərini yana çevirməli olmuşdular. Xəzərin göz oxşayan, "yaraşıqlı" nərə balığından sonra quyruqlu-saçaqlı meduzaya adicə baxmaq belə bizimkilər üçün o qədər də xoş deyildi, şərq adamı üçün nə qədər ekzotik görünsə də belə.


Komandanın məyusluq və çaşqınlıq içərisində qaldığını görən Tahir bəy həmkarlarını "şok"dan çıxarmaq üçün dərhal göstəriş verir: "uşaqlar, tez eləyin, qutudakı kahı yarpaqlarını, ərzağı və ədavaları ortalığa gətirin, dolma hazırlayacağıq!". Komanda üzvlərinin ona heyrətlə baxdığını görüb, əlavə edir: "bizim üçün olmasa da, münsiflər üçün meduza dolması çox iştahlı bir şey olacaq. Bircə vaxt itirməyin, əlli-ayaqlı tərpənin". Həqiqətən də, əsl dolma üçün lazım olan şeylər  yerli-yerində olmasa da, Azərbaycan dolmasının yerini verməsə də, "meduza dolması" görünüşü və "yarpaq texnologiyası" ilə münsifləri heyran edir və... milli komandamıza bürünc medal qazandıraraq, onun beynəlxalq müsabiqənin qalibləri sırasına çıxmasına səbəb olur.


Şübhəsiz ki, burada əsas rolu respublikamızın Baş kulinarının qısa bir vaxt ərzində düşüncə və hərəkət çevikliyi ilə düzgün, mühüm qərar verməsi oynamışdı. Axı, heç vaxt meduzadan istifadə etməmiş kulinarlarımız ondan hər hansı başqa bir yemək hazırlaya bilərdilərmi ki, münsifləri razı salsın? Bizim üçün xoşagəlməz olsa da, ekzotik sayılsa da, münsiflərin nəzərində heç bir qeyri-adiliyi olmayan meduza ilə hazırlanmış, ilk dəfə daddıqları "qəribə görkəmli" dolma isə onlara xüsusi zövq vermişdi.

 


Ali məktəbi bitirmədən diploma layiq görülən istedadlı Leninqrad tələbəsi

 


S
onralar da Tahir Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan kulinarlar komandası dəfələrlə rəqiblərinə üstün gələrək, beynəlxalq müsabiqələrin qalibi olmuş, ən yüksək mükafatlara layiq görülmüşdü. Və bu heç də təsadüfi deyildi. Əvvəla ona görə ki, vaxtilə Gəncədə orta məktəbi bitirən Tahir sonralar Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə tələbəsi idi ki, bəziləri kimi oranın ictimai iaşənin təşkili və texnologiyası fakültəsinin qiyabi yox, bilavasitə əyani şöbəsini, həm də  "öz gücünə", uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi.  Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən  - 1980-cı ildə onun “Çay Azərbaycan mətbəxində” adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü.

 
Nüfuzlu Leninqrad İnstitutunu bitirərək, seçdiyi sənətə həm nəzəri, həm təcrübi baxımdan mükəmməl yiyələnən Tahirin sonralar - 1984-1989-cu illərdə Gəncə İctimai iaşə Trestində mühəndis-texnoloq, yeməkxana müdiri işləməsi onun yüksək peşəkarlığının, ustalığının təməlini qoymuşdu. O, elə ilk günlərdən çoxlarından fərqli olaraq öz peşəsinə gəlir mənbəyi kimi yox, qədim milli mətbəximizin ənənələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilərək, Azərbaycanın iaşə-kulinariya sənətini yeni bir mərhələyə qaldırmaq üçün bir vasitə, şans kimi  baxırdı. Təsadüfi deyildi ki, milli mətbəximizi bütün dünyada daha yaxşı tanıtmaq, təbliğ etmək məqsədilə onun 1987-ci ildə ilk dəfə olaraq Azərbaycan Milli Mətbəx muzeyindən, tədris, tədqiqat komplekslərindən ibarət bir mərkəzin yaradılması ilə bağlı ideya irəli sürməsi və bu məsələ üzərində ardıcıl olaraq işləməsi, belə bir Respublika mərkəzinin yaradılmasının vacibliyini elmi-praktiki əsaslarla və həm də ideoloji baxımdan vacibliyini sübuta yetirməsi iki ildən sonra - 1989-cu ildə onun respublika Ticarət Nazirliyinin "Elmi və texniki naliyyətlərin tətbiqi" Mərkəzində ictimai iaşə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilməsi ilə nəticələnmişdi. Orada onun fəaliyyəti sadəcə respublikada iaşə məsələlərinin ənənəvi təşkili çərçivəsində qalmayıb, bu mühüm sahəyə daha çox yeni, müasir tələblər, dünya standartları ilə uzlaşma nəzərə alınmmaqla işə yaradıcı münasibət üzərində qurulmuşdu.

 



Rusiya, Türkiyə, Belorusiya və digər ölkələr niyə ona "minnətçi" düşmüşdülər?

 

Məhz Tahir Əmiraslanovun kulinariya sahəsinə qeyri-ordinar baxışının, yeni ideyalar "generatoru" olmasının, təşəbbüskarlığının nəticəsi olaraq o, 1989-90-çı illərdə Sovetlərin kulinariya sisteminin fəal, nüfuzlu bir mütəxəssisi hesab edilirdi. Və tamamilə təbii idi ki, 1990-cı ildə - hələ çox gənc, 32 yaşında ikən SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri kimi ona yüksək etimad göstərilərək, həmin təşkilatın idarə heyətinin üzvü seçilmiş və təbliğat şöbəsinin sədr vəzifəsi ona etibar edilir. Artıq bir il sonra isə - 1991-ci ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılır və həmin təşkilata rəhbərlik məhz Tahir Əmiraslanova həvalə olunur.  Ən maraqlısı və ən mühümü isə o idi ki, onun istedad və bacarığının, artıq Azərbaycanın sərhədlərini aşan böyük nüfuzu sayəsində Azərbaycan 1992-ci ildə, Rusiya da daxil olmaqla keçmiş SSRİ respublikalarından və bütün türk-islam dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə (ÜKTB)  qəbul edilən ilk və yeganə ölkə olur. Çox böyük qürur hissi doğurur ki, həmin beynəlxalq təşkilata üzv olmaq üçün sonralar Rusiya və bir-neçə digər ölkə, o cümlədən qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Serbiya, Belarusiya, Moldova və s. ölkələr məhz Tahir Əmiraslanova müraciət edərək, ondan kömək istəmiş, vasitəçi olmağı xahiş etmişdilər. Və təsadüfi deyil ki, ruslar öz sənətinin yüksək peşəkarı olan bu istedadlı Azərbaycan oğlunun bu mühüm məsələdə Rusiyaya kömək olmasını yüksək dəyərləndirərək, böyük minnətdarlıq ifadəsi kimi 1993-cü ildə onu özlərinin Kulinariya Assosiasiyasının vitse-prezidenti seçmişdilər. Ümumiyyətlə, dünyada bu ilk və yeganə hal idi ki, bir ölkənin Kulinariya təşkilatının vitse-prezidenti postu başqa bir ölkənin vətəndaşına etibar edilmişdi. 

 


Kulinariya üzrə elmi-tarixi əsərlərin "dəli"si, kitabları yağışdan islanan, ev, maşın, biznes həvəsində olmayan təmənnasız, gözü-könlü tox, nikbin adam

 


A
rtıq 27 ildir ki respublikamızın Baş kulinarı olan Tahir Əmiraslanov bu cür beynəlxalq nüfuza, etimada və bütün əldə etdiyi uğurlara əməksevərliyi, öz sənəti sahəsində elmi-nəzəri biliklərə səylə yiyələnməsi, dünya ölkələrinin məişət və tarixini, mətbəxini diqqətlə öyrənməsi, zəngin təcrübə toplaya bilməsi sayəsində nail olmuşdur. O, hələ tələbəlik illərindən başlayaraq kulinariya sahəsində nəşr olunan bütün kitab və foto-albomları əldə etmək üçün çox zaman hətta son manatından keçməyi, məcbur olduqda yemək-içməyini, nəfsini-iştahını belə "boğmağı" bacarmışdır.


...Deyəsən, 1995-ci il idi. Onunla Respublika Kulinariya Mərkəzinin Hökumət evindəki ofisində görüşüb, söhbət etdikdən sonra necə oldusa, axşam gedəcəyimiz hansısa tədbirə yolumuzu onun xahişi ilə xeyli uzaq bir yerdə (deyəsən – Keşlədə) yaşadığı evdən salmalı olduq. İlk növbədə məni öz zəngin, lakin mənzilin darısqallığından orda-burda qalaq-qalaq yerləşdirdiyi pərakəndə kitabxanası ilə tanış etdi. Kitab şkaflarından birinin üstünə əzizləyə-əzizləyə, selofana büküb dəstlə yığdığı, lakin evin üstü damdığından bir hissəsi islanmış nadir kulinariya və bədii-tarixi kitabları mənə həvəslə, həm də böyük ürək ağrısı ilə göstərdi. Yağış suyu bəzi kitabları pis hala salmışdı.  Duymaq, başa düşmək çətin deyildi ki, o kitablar onun ən böyük, ən qiymətli xəzinəsi idi. Hiss edirdim ki, illərlə Moskvadan, Leninqraddan və xaricdən əldə etdiyi bu kitabları dünya malına da dəyişməz, heç yaxın dostuna da qıymaz. Axı, onları özünün, ailəsinin, uşaqların "boğazından kəsib" almışdı. Qəribə idi ki, o zaman nə özü, nə də ailəsi sıxıntı içərisində yaşamalarına demək olar ki zərrəcə də darılmırdılar. Bu qürurlu gənc, respublikada və xaricdə də yaxşı tanınan adlı-sanlı kulinariya rəhbəri heç kəsdən heç nə ummayaraq, kömək üçün heç kəsə müraciət etmək fikrində də deyildi. Hər şeyə öz biliyi-bacarığı, zəhməti sayəsində nail olmağa çalışırdı. Hiss edirdim ki, onun dünya varında-dövlətində zərrəcə də gözü yoxdur, çünki o, daxilən, mənən öz milli duyğuları, xalqının dünəninə, bugününə, sabahına olan sevgisi ilə o qədər dövlətli, zəngin idi ki, gözünə başqa heç nə görünmürdü. Və mənə çox qəribə gəlirdi ki, bütün məişət qayğılarına, çətinliklərinə baxmayaraq, bu adam hələ o vaxtlar da nikbin ruhlu, şən və gülərüz idi. Hətta onu beynəlxalq kulinariya müsabiqələrində qazandığı uğurlarla, milli mətbəximizlə bağlı televiziya verilişlərində görənlər onun özünü tox tutmasından, nikbin ovqatından bəlkə də elə düşünə bilərdilər ki, bu adamın həyatda heç bir problemi yoxdur. Ancaq sadəcə məsələ ondadır ki, Tahir müəllim öz problemlərini kiminsə başqasının da probleminə çevirməyi xoşlamır, bütün məsələləri yalnız öz gücünə həll etməyə çalışır.

 



Beynəlxalq  təşkilata üzvlük haqqını ödəməkdə çətinliklərlə üzləşib, sarsıntılar keçirdi, Kulinariya Mərkəzini yaşatmaqda dadına Ulu öndər Heydər Əliyev yetişdi

 


T
ək bircə dəfə mən onu çox qayğılı, nigaran, ora-bura vurnuxan görmüşdüm. Bu, təxminən 22 il əvvəl - 1995-ci ildə olmuşdu. O vaxt respublika Kulinariya Mərkəzi üzvü olduğu beynəlxalq təşkilata 12 min dollardan çox olan üzvlük haqqını ödəyə bilmədiyindən onun həmin təşkilatdan uzaqlaşdırılması təhlükəsi vardı. O dövrdə Azərbaycanın iqtisadi vəziyyəti çox ağır olduğundan bu mühüm problemə o qədər də diqqət yetirilməmişdi. Düzdür, Tahir bəyin şəxsi nüfuzuna görə həmin beynəlxalq təşkilatın rəhbərliyi onu o qədər də tələsdirmirdi, inanırdı ki, qətiyyətli, iradəli və inadkar olan bu azərbaycanlı baş kulinar məsələni yoluna qoya biləcək. Düzdür, inam öz yerində, ancaq həmin dövrün reallığı tamam başqa idi - ölkə büdcəsi çox ağır vəziyyətdəydi. Ən qorxulusu isə o idi ki, Kulinariya Məkəzinin, daha doğrusu, Azərbaycanın başı üstünü çox ciddi bir təhlükə ala bilərdi. Belə ki, T.Əmiraslanovun Kulinariya Mərkəzi üzvlük haqqını ödəyə bilməyib, həmin təşkilatdan çıxmış olsaydı, onda çoxdan marıqda dayanaraq bunu səbrsizliklə, tülkü hiyləgərliyi ilə gözləyən Ermənistan heç bir maneə olmadan, əlüstü namizədliyini verərək o təşkilatın üzvü olacaqdı. Həmin vaxta kimi isə mənfur düşmənə bu məsələdə maneə olan yalnız Azərbaycan, onun səlahiyyətli, çox nüfuzlu nümayəndəsi Tahir Əmiraslanov idi. Üzərinə düşən məsuliyyəti, mühüm missiyanı bütün ciddiliyi ilə başa düşən, ermənilərin həmin təşkilata üzv olmasının qarşısını həmişə qətiyyətlə almağı bacaran baş Azərbaycan kulinarımız özünün yox, məhz doğma xalqının mənafeyi naminə öz həyat prinsipinin əleyhinə gedərək, vaxtilə qüruruna sığışdıra bilməyib, ağız açmaq istəmədiyi adamlara belə üz tutaraq, problemin həllinə, nəticə etibarilə isə ermənilərin istəklərinin baş tutmamasına nail ola bilmişdi.    

Və bunu xüsusilə qeyd etmək lazım gəlir ki, 1991-1997-ci illərdə bəziləri kimi yaxşı ev, torpaq sahəsi, biznes, maşın və s. haqqında düşünməyən Tahir bəy hətta kənardan qazandıqlarını belə Mərkəzin ehtiyaclarına yönəldirdi. Yalnız Ulu öndər Heydər Əliyevin şəxsən tapşırığı və imzası ilə Mərkəz 1997-ci ildən başlayaraq büdcədən ayrıca olaraq maliyyələşdirilməyə başladı.

 


Mətbuatın hər zaman qapılarını taybatay açdığı maraqlı həmsöhbət, kulinariyanın "ağlagəlməz" sahələrlə bağlılığı haqqında elmi əsərlər müəllifi 

 

 
Son zamanlar respublikamızın kütləvi informasiya vasitələri Tahir Əmiraslanovla vaxtaşırı müsahibələr aparır, radio və televiziya kanalları onu tez-tez verilişlərə dəvət edirlər. Ona marağın çox olması, əlbəttə, səbəbsiz deyil. Çünki orijinal, qeyri-adi düşüncə tərzinə malik olan Tahir müəllim öz söhbətlərində hamının dediklərini yox, heç kəsin deyə bilmədiklərini deyir və hətta kulinariya ilə bilavasitə bağlı olmayan mövzular ətrafında da maraqlı mühakimələri ilə nəinki tamaşaçıları, hətta teleaparıcıların da diqqətini özünə cəlb etməyi, ona heyranlıqla qulaq asmağa "məcbur" etməyi bacarır. İndi onu nəinki respublikamızın şəhərlərində, hətta ucqar kəndlərdə belə yaxşı tanıyır, onunla bağlı verilişləri, söhbətləri diqqətlə izləyir, nəzərdən qaçırmamağa çalışırlar. Ancaq o, hansı mövzuda danışsa da, həmin mövzunu yekun və məntiqi olaraq yenə də xalqımızın zəngin milli mətbəxi, mətbəx mədəniyyəti ilə bağlayır. Yəni ki, o, istənilən mövzuya mətbəx, kulinariya prizmasından baxır. Son dövrlərdə onun araşdırdığı, söhbətlər apardığı mövzular tamaşaçı-dinləyici auditoriyasının çox böyük marağına səbəb olur.


Doğrudan da, Tahir müəllim Azərbaycan mətbəxini, kulinariyasını hansı sahələrlə bağlamır ki? Onun toxunduğu, söhbət açdığı mövzular bəzən bu və ya digər sahə ilə bağlılığı qətiyyən düşünülməyən, tamamilə gözlənilməz olur. Məsələn, "Mətbəx və musiqi", "Mətbəx və rəqslər", "Din və qida", "Qida və tarix", "Qida və sağlamlıq", "Qida və mədəniyyət" və s. Həm də onun  təfsirində bu söhbətlər çox maraqlı məqamları, yeni fikir yanaşmaları ilə yadda qalır. Görün, onun geniş dünyagörüşü, ensiklopedik biliyi, bütün elmləri əlaqələndirmə, uzlaşdırma bacarığı, araşdırmaları "hara kimi" gedib çıxır, hətta arxeologiyaya, siyasətə belə "baş vurur" - "Mətbəx və arxeoloqiya",  "Qida və siyasət" (təsadüfi deyil ki, Tahir müəllim artıq neçə ildir ki, tarix elmləri namizədidir). Özü də onun əsaslandırmaları o qədər məntiqli, güclü və inandırıcı olur ki, adam təəccübünü və heyranlığını gizlədə bilmir. Və bütün bunlar ondan irəli gəlir ki, o, yurdumuzun qədim dövrlərindən baş alıb gələn sənətini bütün varlığı ilə sevir və daim axtarışda olaraq, yorulmadan Azərbaycan mətbəxini elmi-tarixi baxımdan araşdırmaqda davam edir. Məhz Tahir müəllim öz fərdi elmi-praktik tədqiqatları sayəsində ilk dəfə olaraq "Qidanın psixofizioloji təsiri" və s. kimi innovativ istiqamətlərin əsaslarını qoyub. Olduqca fərəhli haldlr ki, o, yeni informatıv qida nəzəriyyəsinin yaradıcısı kimi daim qida və kulinariya ilə bağlı müxtəlif səpkili yeni ideyalarla çıxış edir.

 

 

...Və Tahir Əmiraslanovun keçmişə qayıdaraq, yaratdığı "Xanədan", Məhəmməd Şah Qacarın, Şah İsmayıl Xətainin yeməklərini Bakıya gətirməsi

 


M
üxtəlif yeni qida texnologiyalarının yaradıcısı olan Tahir Əmiraslanov son zamanlar Azərbaycan mətbəxinin keçmiş, tarixi ənənələrini özünə qaytarmağa çalışaraq, qədim milli xörəklərimizin bərpasına, onların öyrənilərək, restoran menyularına daxil edilməsinə çox böyük diqqət və səy göstərir. Bununla yanaşı, özünün dediyi kimi, hazırda "insan hisslərinin istismarı" üzərində restoran quraraq, restoran konsaltinqi ilə məşğuldur. Onun ideyası və layihəsi üzrə iki-üç il əvvəl fəaliyyətə başlamış "Xanədan" restoranı nəinki  bakılıların, həm də paytaxtımızın xarici qonaqları üçün də bənzərsizliyi ilə seçilən, çox bəyənilən bir məkan olmaqla müştəriləri daha çox milli, xüsusilə də uzaq tarixdə unudulub qalmış, lakin Tahir müəllimin səyi ilə bugünümüzə gətirilib çıxarılmış yeməklərlə cəlb edir. "Xanədan" bir çox üstün, maraq doğuran cəhətləri ilə də digər iaşə obyektlərindən fərqlənir. Orada müştərilər üçün adi milli xörəklər deyil, respublikamızın bölgələrinə - Gəncəyə, Şəkiyə, Qubaya, Lənkərana və s. xas olan, lakin son dövrlərdə unudulmuş xörəklər, ən başlıcası isə...  şahların, xanların, o cümlədən - Məhəmməd Şah Qacarın, Şah İsmayıl Xətainin menyusundan olan yeməklər hazırlanır.  


Tahir müəllim özü bu haqda belə deyir: "Bütünlüklə milli üslubda, şahların, xanların saraylarının interyerləri üslubunda  yaradılmış bu restoranda hər bir xörəyin resepti xüsusi olaraq hazırlanıb. Qədim dövrlərdə yeməklərin hazırlanması zamanı "qram məsələsi" - dəqiq ölçü-biçi, hansısa nisbət olmadığına görə xüsusi reseptlər də olmayıb, olubsa da, itib-batıb. Biz onları araşdırıb bərpa etdik və "Xanədan"ı məhz Avropa Oyunları ərəfəsində yaratdıq ki, xarici qonaqlar sırf bugünkü və qədim milli mətbəximizlə yaxından tanış ola bilsinlər. Qiymətlər  də digər yerlərdə olduğundan fərqlənmir, hətta bir qədər də ucuzdur. Tam əminliklə demək olar ki,  burdakı təamlara başqa heç yerdə rast gəlmək mümkün deyil”.

 


Rusların da, fransızların da, ərəb əmirlərinin də nüfuzunu qazanıb, dəyərli elmi əsərlər, "Kulinariya ensiklopediyası", milli mətbəximizlə bağlı filmlər yaradıb

 


...B
u gün Tahir Əmiraslanov kulinariya sahəsində dünyanın ən nüfuzlu mütəxəssislərindən sayılır. Təsadüfi deyil ki, o, bu sahə üzrə Dünya hakimlər kollegiyasının üzvü, Ümümdünya Kulinarıya Təşkilatları Brliyinin (ÜKTB -nin), Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, Birləşmiş Ərəb Əmirliklərinin və s. ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü, Dünya İslam Kulinariya Birliyinin vitse-prezidentidir. Və artıq 20 ildir ki Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti kimi ölkəmizi beynəlxalq  yarışların münsiflər heyətində ləyaqətlə, yüksək səviyyədə təmsil edir.  


Tahir müəllim kulinariya sahəsində 35 illik fəaliyyətinin, nadir istedadının, elmi-yaradıcılıq axtarışlarının bəhrəsi olan "Mətbəx Dastanı", "Söz mətbəxı", "Qarabağ mətbəxi" (Aynurə Əmiraslanova ilə birğə), rusca  "Кулинарная клептомания",  iki il əvvəl isə  Londonda ingiliscə nəşr edilmiş "The Azerbaijani Kitchen" (Leyla Rəhmanova ilə) və "Azerbaijan culinary" (Aynurə Əmiraslanova ilə birğə) kitablarının və çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.


Öz sənətinin böyük vurğunu və bilicisi olan T.Əmiraslanovun ən böyük xidməti isə onun çoxillik gərgin əməyi sayəsində yazdığı vəAzərbaycanın tarixində ilk dəfə olaraq nəşr etdirdiyi  "Kulinariya ensiklopediyası"nıvə milli mətbəximizin bütün dünyada təbliği baxımından çoxəhəmiyyətli olan "Azərbaycan mətbəxinin rəngləri" (2009)"Azərbaycan mətbəxi: dad sonrası dad"  (2015) sənədli-etnoqrafik filmlərini ərsə gətirməsidir.


Onun ən böyük, şərəfli uğurlarından biri isə, heç şübhəsiz ki, ötən ilin sonlarında Azərbaycan dolmasını YUNESKO-da məhz bizim, türk dünyasının milli mətbəx nümunəsi olduğunu qətiyyətlə, inadla təsdiq etdirə bilməsi, ermənilərin dolmamızı mənimsəmək istəklərini gözlərində qoyması olmuşdur. Bu, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hər zaman dəstək verdiyi Kulinariya mərkəzinin, onun Baş diektoru Tahir Əmiraslanovun ermənilər üzərində çox yüksək qələbəsi, türk dünyasına verdiyi böyük töhfə, hələ uzun illər davam edəcək hədsiz bir sevincdir.


Çoxlarına elə görünə bilər ki, bu uğur, dadlı bir dolma bişirmək, ya da hansısa bir yerli təşkilata hesabat yazmaq kimi heç də çətin olmayan bir işdir. Yox, qətiyyən yox! Bu, illərlə arxivlərdə, muzeylərdə araşdırmalar, elmi-praktik dəqiqləşdirmələr, təhqiqatlar aparıb, elə bir dissertasiya hazırlamaq kimi bir işdir ki, ona güclü, barışmaz opponentlər belə irad tuta bilməsin. O da ola ki, opponentlərin İvanov, Petrov yox, qaniçən, şərəfsiz düşmənin - erməni olsun.


Bax, belə bir düşmənlə mübarizədə qalib gəlmək çox böyük əzm və hünər, dərin zəka və əlbəttə ki, ilk növbədə doğma xalqa, Vətənə hədsiz sevgi, məhəbbət tələb edir ki, bunlar da, çox yaxşı ki, Tahir Əmiraslanova xas olan ən yüksək, ən ümdə keyfiyyətlərdir.


Və çox fərəhli haldır ki, vaxtilə Ulu öndər Heydər Əliyev də baş kulinarımız Tahir Əmiraslanovla görüşərkən onun xidmətlərini yüksək dəyərləndirmiş, ölkə Prezidenti İlham Əliyev isə Respublika milli kulinariya sahəsində xidmətlərinə görə ona öz sərəncamı ilə "Azərbaycanın Əməkdar Mədəniyyət işçisi” fəxri adını vermişdir.

Bütün bunlar xalqımızın vətənpərvər, təəssübkeş oğlu Tahir Əmiraslanovun ötüb-kecməkdə olduğu 60 illik ömür yolunda qazandığı, xalqımıza baş ucalığı gətirən uğurlardır. Qarşıda isə hələ yenə də qalibiyyətlə, şərəflə yaşanacaq 50-60 illik bir ömür davamı var! Hələ o böyük yolun ortasıdır, Tahir müəllim. Sizin üçün 60 illik kiçik yubileydir. Başladığınız yol isə hələ davam edir. Sizə - yurdumuzun qədimlərdən üzü bəri gələn mətbəx mədəniyyətimizin yorulmaz  təbliğatçısına, onun yaşadanına, qoruyucusuna - yorulmaz, qətiyyətli, iradəli yolçusu olduğunuz o işıqlı yolun davamında da, bütün səmərəli fəaliyyətinizdə uğurlar arzu edirik!

Yaxşı yol 100-ün o tayına, Tahir müəllim!

 


Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır