Modern.az

Qafar Əsgərzadə dünyası və ya 55 ilin zirvəsində

Qafar Əsgərzadə dünyası və ya 55 ilin zirvəsində

28 Mart 2018, 09:57

Səmimi insan, etibarlı dost, peşəkar jurnalist və ictimai xadim... Mübaliğəsiz və tam əminliklə söyləyə bilərəm ki, bu sözlər Qafar Əsgərzadə şəxsiyyətində öz təcəssümünü tapır.

 

İlk tanışlıq...


Onunla tanışlığım birgə çalışdığımız Bakı Slavyan Universitetində baş tutdu. Dərs fasiləsi zamanı etdiyimiz qısa söhbətdə diqqətimi ilk cəlb edən Qafar müəllimin xüsusən ədəbiyyat aləmindən son dərəcə zəngin məlumatlılığı, şerə, bədii yaradıcılığa bağlılığı, dərin mütaliə qabiliyyəti oldu. Hər görüşümüzdə Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Süleyman Rüstəmin söz dünyasına varan, tarixin Azərbaycan xalqına bəxş etdiyi dəyərli ziyalıların zaman-zaman hər misrada canlandırdığı fəlsəfi düşüncələri, həyat, sevgi, gözəllik, amma həm də iztirab, zülm, həsrət dolu yaradıcılıq yolunu ən xırda incəliklərinə qədər təhlil edən həmkarım 5-10 dəqiqəlik də olsa, yəni dərs fasiləsinin imkan verdiyi müddətdə, məni sözün əsl mənasında ədəbi dünyaya səyahətə aparır, illərdir topladığı dəyərli fakt və məlumatlara, şəxsi təəssüratlarına “qonaq edirdi”. Bir sözlə, qısa dərs fasiləsi şəxsən mənim üçün səmimi söhbət üzərində qurulmuş ədəbi mühazirəni xatırladırdı. Bəli, mən öyrənirdim və əldə etdiyim məlumatlar, maraqlı faktlar sonralar jurnalistika fəaliyyətimdə dəyərli mənbələrə, istinad edə biləcəyim önəmli məxəzlərə çevrilirdi. Odur ki, tam əminliklə söyləyə bilərəm, Qafar Əsgərzadə ilə məni ilk növbədə ədəbiyyata, sözə, şerə, sənətə, bədii yaradıcılığa olan sonsuz maraq birləşdirdi və zaman – zaman bu münasibət yoldaşlığa, səmimi dostluğa çevrildi. Bir sözlə, qısa dərs fasiləsindən başlayan dostluq və ədəbi mühazirələr təxminən 10 ildir ki, davam edir. 


Hüseyn Cavid parkı...

                                                                                    

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? 

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Hüseyn Cavid

                                                                          

***


Gərgin işə, vaxtın azlığına baxmayaraq, imkan düşən kimi onunla Hüseyn Cavid parkında görüşürük. Tam əminəm, parka ayaq basar-basmaz, ölməz Cavid əfəndinin əzəmətli heykəli qarşısında dayanarkən hər ikimizin qəlbində, ruhunda, beynində onun əsrarəngiz yaradıcılığına aid bu sətirlər canlanır və hər ikimiz asta addımlarla, ətrafımızda yaşananları müşahidə etməklə birgə addımlayırıq. Söhbətimizin əvvəli də, sonu da bədii yaradıcılıq, elmi materiallar, fəlsəfi düşüncələr, jurnalistika və xusüsən televiziya ilə bağlı olur.


Qısa haşiyə... Şəxsi keyfiyyətlərini başqalarından üstün sayan, ətrafındakılara yuxarıdan aşağı baxan və öz bacarığından ağız dolusu danışanlar cəmiyyətdə daha çoxdur, yoxsa özünə - bacarığına, istedadına və peşəkarlığına səmimi və real qiymət verməyi bacaran, hətta digərlərini özündən üstün hesab edən və bunu səmimi şəkildə etiraf edən insanlar? Əminəm ki, birincilər daha tez – tez qarşımıza çıxır və say baxımından da daha çoxdur. Qafar Əsgərzadəyə gəlincə...


Təsəvvür edin, gənc yaşlarından televiziyaya bağlı olan, uzun yaradıcılıq yolu keçən, dövrümüzün görkəmli ziyalılarından, ədəbiyyat və elm xadimlərindən müsahibə alan, teleaparıcı və ictimai xadim kimi özünü təsdiq etmiş, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə “mən hələ öyrənirəm”, “o, (p.s. jurnalistikada olan gənc aparıcılardan və ya şərhçilərdən bir neçəsinin adını çəkir) məndən daha yaxşı aparıcıdır ”, hətta “mən ona çata bilmərəm”, “bu gün də üzərimdə çalışıram” deyir. Onu ayrı – ayrı televiziya kanallarının efirində tez – tez görmək olar. Hər efirə çıxanda isə dostlarından yalnız bir xahişi olur: “bax və fikrini de”. Qafar Əsgərzadə bax belə insanlardandır və bu dəyərli ziyalını başqalarından fərqləndirən ən böyük keyfiyyətlərdən biri də düşünürəm ki, məhz budur – məsuliyyət və daim öz üzərində çalışmaq. Bu keyfiyyətlər öz müəllifinin həm insanı dəyərlərini, həm peşəsinə hörmətini, həm də mənəvi dünyasını, ən əsası səmimiliyini açıq şəkildə ortaya qoyur.

Amma səmimilik öz yerində, əslində, Qafar Əsgərzadə kimdir? Onun jurnalistikada qazandığı uğurlar, hazırladığı verilişlərin səviyyəsi barədə nə demək olar?


Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm:
“Qafar Əsgərzadə klassik və müasir ədəbiyyatımızı dərindən bilir, onu məharətlə təbliğ edir. Qafar öz doğma dilini, millətini, vətənini sevən dəyərli ziyalıdır. Mən onun parlaq və uğurlu gələcəyinə inanıram”.

 
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova:
“Qafar Əsgərzadə çox istedadlı, sənəti duyan və sevən jurnalistlərdəndir. O, daim Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını, musiqisini özünəməxsus tərzdə təbliğ edir. Onun musiqili ədəbi verilişləri milli televiziyamızın fondunu bəzəyir. Poeziya olan yerdə musiqi var, musiqi olan yerdə poeziya və onlar bir yerdə olanda demək orda Qafar var”.


Xalq şairi, Milli Məclisin deputatı Cabir Novruz:
“Onun verilişləri ədəbiyyat xadimlərinin təbliği yönümündə həmişə uğurlu alınır. Mən də məmnuniyyətlə onun verilişinin qəhrəmanı olmaq istərdim. Amma nə edək? O hələ yaşayan sənət adamları barədə veriliş hazırlamır”.


Məncə, əlavə şərhə ehtiyac yoxdur. Lakin, bir məqamdan başqa. Azərbaycanın dəyərli ziyalılarının yaradıcılığını yüksək qiymətləndirdiyi bir şəxsin, Qafar Əsgərzadənin hələ də öyrənməsi və öyrətməsi, başqalarının əməyini bəzən layiq olduğundan da yüksək qiymətləndirməsi, digərlərinə sonsuz hörmət, ehtiramla yanaşması özlüyündə bir nümunədir. Əsl insanlıq, peşəkarlıq, vətəndaşlıq nümunəsi...    

 

Diqqətli və tələbkar tamaşaçı


Qafar müəllim həm də diqqətli tamaşaçıdır. Odur ki, demək olar hər verilişdən sonra Qafar müəllimlə əlaqə saxlayır, nəyin, hansı fikrin uğurlu, yaxud yerində olub – olmadığını həm də ondan soruşur, dəyərli məsləhətlər alıram. İlk növbədə ona görə ki, bu səmimi insanın istənilən məsələyə yanaşması da səmimi və obyektivdir. Dost olmağımıza baxmayaraq düzü düz, əyrini əyri deyir. Əsl dostluq da budur.

Onun ən dəyərli məsləhətlərindən biri: “Qarşındakı insana hörmətlə yanaş. Yalnız sözlərin deyil, hətta baxışların, jestlərin belə müsahibə olan dəyəri, hörməti nümayiş etdirməli, televiziya etikası və estetikası mütləq gözlənilməlidir”.  

 

Qayğıkeş ata

İki qız övladı var. Övladlarının Vətənə, millətə, milli dəyərlərə bağlı, dilinə, dininə hörmət ruhunda böyüməsi onun ən böyük arzusudur. Ailə Qafar müəllim üçün müqəddəsdir, toxunulmazdır. Bir xatirə... əsəbi və gərgin idi, baş vermiş bir hadisənin, daha doğrusu, kiminsə müəyyən məsələdə haqsız yanaşmasının təəssüratını mənimlə bölüşürdü. Bu an qızı zəng etdi. Yaşanan gərginlikdən zərrəcə əsər əlamət qalmadı. Bayaqdan bəri onu sıxan, əsəbiləşdirən problemlər həmin andaca arxa plana keçdi. Övladı ilə bir qayğıkeş ata, səmimi dost kimi danışdı. Telefon danışığından sonra isə mənə baxdı və “boş ver, özündən danış” deməklə söhbətin mövzusunu dəyişdi. Həmin an onun daha bir keyfiyyətini kəşf etdim. Qafar Əsgərzadə qayğıkeş ata, ailəsinə bağlı Azərbaycan kişisidir.

 

Xoşbəxt insan...


Xoşbəxt o insandır ki, həyatdan zövq almağı bacarır. Məncə, bu gün ömrünün 55-ci yazını yaşayan dostum Qafar Əsgərzadə xoşbəxtdir. Çünki həyatını sevərək yaşayır və yaşının bütün dövrlərində sevdiyi sənətə - jurnalistikaya, bədii yaradıcılığa bağlıdır, gördüyü işdən də zövq alır. Bunu bilmək üçün onun çıxış etdiyi verilişlərə bir neçə dəqiqəliyinə baxmaq belə kifayətdir. Söhbət ki, ədəbiyyatdan düşür aparıcının sual verməsi belə artıqdır. Qafar müəllim mövzunu incəliyinə qədər təhlil edir, tamaşaçını maraqlı faktlar, səmimi danışıq tərzi və zəngin mütaliə bacarığı ilə sonadək ekran qarşısında saxlayır. Bir sözlə, onu dinləyənləri öz dünyasına, Qafar Əgərzadə dünyasına aparır. 10 il bundan əvvəl mənim də kəşf etdiyim, öyrəndiyim və bu gün də dəyər verərək bir dost kimi qoruduğum dünyaya... qısaca da olsa bir baxışla bu yazını yekunlaşdırıram. Dahi klassik şairimiz Nizami Gəncəvi demişkən:

Ağıllı adamla dost olsan əgər,

Elmi, mərifəti sənə də keçər.

 

Səmimi ehtiramla, 

Rövşən Raqifoğlu

Filologiya elmləri doktoru, telejurnalist  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır