Modern.az

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI  

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI   

21 Yanvar 2019, 18:13

Ölkə əhalisinin sayı 2018-ci ilin əvvəlindən 76 min 493 nəfər artaraq dekabrın 1-nə 9 milyon 974 min 578 nəfərə çatıb. Bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.

On bir ay ərzində ölkədə 52 min 733 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

Qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında 56 min 888 nikah və 13 min 655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 3103 nəfər gələn, Azərbaycandan isə 1558 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1545 nəfər təşkil edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...