Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində müasir tipli ferma kompleksi tikilib. Kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatlarından, yem emalı aqreqatlarından, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqlarından ibarətdir. Ferma kompleksi yeni tədris ilindən istifadəyə veriləcək.
Kompleksin yaradılmasında məqsəd Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirməyə imkan yaratmaqdır.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılan ferma lazım olan avadanlıq və ləvazimatlar, 20 baş iribuynuzlu mal-qara və 4 baş atla yanaşı, yem bazasının yaradılması üçün müasir avadanlıqlarla təmin olunub.