Bu il Tovuzda attestat alan 1650 məzundan 542 nəfərin ali məktəblərə, 131 nəfərin orta -ixtisas məktəblərinə qəbul olunmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri, onların valideyn və müəllimlərini təbrik edib.
Deputat vurğulayıb ki, “biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı, orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər”.
Bu il məzunların 25 nəfərinin ali hərbi məktəblərə qəbul olunmasını xüsusi vurğulayan onların sayına görə son illər Tovuz rayonunun ön sıralarda olmasını yüksək qiymətləndirib.
Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin kəmiyyət və keyfiyyətindəki artımı önəmli sayan Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır.
Millət vəkili gənclərimizin dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilməsi üçün məktəblərimizi bu istiqamətlərə xüsusi önəm verməyə çağırıb.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanlardan danışan millət vəkili öz ixtisasından çox aşağı bal toplayan pedaqoqları tənqid edib: "Bu cür müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb yaxşı müəllim olmaq üçün gecə-gündüz artıq bu gündən məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü vidalaşmalıdırlar. Öz fənnindən həddindən aşağı az bal toplayan müəllimlərə artıq məktəbdə yer olmamalıdır. Çünki tədris etdiyi fənni özü bilməyən müəllim uşaqlara heç bir şey öyrədə bilməz. Öz fənnindən imtahanlarda həddindən aşağı az bal toplayan müəllim şagirdə vətənpərvərlikdən danışa bilməz. Çünki özü əvvəlcə vətənpərvərliyin nə demək olduğunu anlayıb, öz üzərində çalışmağa başlamalıdır. Vətənpərvərlik hansı işin sahibi olursan ol, öz işini yaxşı yerinə yetirmək deməkdir həm də."
Millət vəkili Qənirə Paşayeva məktəblərdə məktəbdən kənar tədris müəssisələrinin, uşaq yaradıcılıq mərkəzlərinin fəaliyyətinin ciddi şəkildə güclənməsinə də çağırıb və bunun vacibliyi ilə bağlı geniş fikirlərini söyləyib.
Qeyd edək ki, Tovuz rayon təhsil işçilərinin konfransında Tovuz rayon icra başçısı Tofiq Zeynalov, Təhsil Nazirliyinin nümayəndələri və Tovuz rayon Təhsil şöbəsinin rəhbərliyi də iştirak edib.