İkinci söz
Uşaqlığımda özümdən böyüklərin özbəklərə şəbədə qoşduğunu görürdüm. Onlar özbəkləri lağa qoyaraq deyirdilər:” Eh vay, sərtlər, damlarının üstünü örtmək üçün geniş çəmənlərini, oylaqlarını qoyub, qamışı bizdən aparırlar, kol dibindən qəfil çıxandan qorxurlar, bir-birinini arxasınca qeybət edib, üz-üzə gələndə gülürlər, paxıllıqdan ürəkləri partlayır, “sərt-sürt belə olurmuş”- deyib gülüşərdilər. Noqayları görəndə də gülür və belə söyürdlər: “Noqay dəvədən qorxur, yorğa atla gedə bilmir, ayaqla gedəndə istirahət edir. Qaçan noğay, əsgər noğay, tacir noğay. Sizi gərək noqay yox, nokay olaydınız”.
Sarıbaş rusları görəndə: “Kənd görəndə çaşan urus, yaman çaşır sarı baş urus”- deyərdilər. Deyirlər ki, urus kənd görən kimi atını kəndə çapır, başındakı papağına iydən yaxın düşmək olmur, hər havaya oynayar, nə desən inanar. Elə bil uzunqulaqdır, söz aparıb-söz gətirər.”.
Özlüyümdə “Ay allah! Dünyada qazaxdan böyük və ləyaqətli xalq yoxdur!”- deyə qürurlanardım. Bu söhbətlər məni sevindirər və şənləndirərdi. İndi isə baxıb görürəm ki, sərt deyilən o yerlərdə elə bir bitki yoxdur ki, bitməsin, elə bir ölkə yoxdur ki, sərt- tacir oraya getməmiş olsun, elə bir əşya yoxdur ki, onu sərt öz əlləri ilə düzəldə bilməsin. Sərtin əllərindən hər cür sənətkarlıq var. Miyanə yaşayıb, şükr edirlər, kimsə ilə dalaşmazlar, dava axtarmazlar. Rus taicrləri bu yerlərə ayaq açmazdan əvvəl, sərtlər qazaxların diriləri üçün öz əlləri ilə tikdikləri paltarları , ölülərinin axirəti üçün kəfən daşıdılar. Bizi əyin-başlı etdilər. Ata-balanın bir-biri ilə bölə bilmədikləri malını sərtlər alıb , pulunu ata və bala arasında böldülər. Rusları görəndən sonra da rusların bildiklərini, bizdən çox onlar öyrəndilər. Ləyaqətli bəylər də, savadlı mollalar da, yaxşı sənətkarlar da, səxavət də, nəzakət və ədəb də sərtlərdədir. Noqaylara baxanda görürəm ki, onlar əsgərliyə də yarayırlar, kasıblığa da dözürlər, ölümü də şahanə qarşılayırlar, məktəbləri qoruyurlar, dinə hörmət edirlər , zəhmət çəkməyi və var-dövlət toplamağı, bəzənib geyinməyi və sevinməyi də bacarırlar.
İndi biz qazaxlar onların qapısında muzdurluq edir, bəylərinin verdikləri qəpik-quruşa əl açırıq. Bizim varlıları onlar öz evindən qovurlar, deyirlər ki: “Ey qazax, döşəmə ona görə deyil ki, sən öz çirkli çəkmələrinlə bulaşdırasan”. Onların gücü dayanmadan sənətkarlıq və peşə öyrənməklərindədir, bizdən fərqli olaraq onlar boş yerə , boş və ucuz şeylərə görə- bir-biri ilə mübahisə edib, vaxt itirmirlər. Rusların ziyalı və zadəganları isə bir başqadır. Biz onlardan siyasət, bilik öyrənmədik. İndi belə şeyləri görəndə fikirləşirəm ki, biz heç onların qulluqçusu da ola bilmərik. Bizim o dəyərli, gözəl sözümüz- söhbətlərimiz necə oldu? Şaqraq gülüşlərimiz haraya qeyb oldu?”
1890cı il.
Tərcümə etdi: Aida Eyvazlı