Modern.az

Laçının azad edilməsi sərhədlərimizin toxunulmazlığı baxımından müstəsna əhəmiyyətə malikdir  

Laçının azad edilməsi sərhədlərimizin toxunulmazlığı baxımından müstəsna əhəmiyyətə malikdir  

1 Dekabr 2020, 16:20

 

Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, dövlət sərhədlərinə tam nəzarət və sərhədlərin toxunulmazlığı suverenliyin əsas elementlərindən biri və bəlkə də birincisidir:

 

“Bu baxımdan, Laçın rayonunun işğaldan azad edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının tam bərpa ediməsi ilə yanaşı, həm də dövlət suverenliyinin tamamilə təmin edilməsi anlamına gəlir”.

 

Azər Kərimli bildirib ki, Laçın rayonunun işğaldan azad edilməsi Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun möhtəşəm zəfərinin nəticəsidir:

 

“Məlum olduğu kimi, Azərbaycan Ordusu işğal olunmuş ərazilırin təxminən 5 min kvadrat kilometrini döyüşlə işğaldan azad etmişdi. Erməni silahlı qüvvələrinin tərk etdiyi digər 5 min kv kilometrə yaxın ərazi isə Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin imzaladığı bəyanatın şərtləri daxilində ölkəmizə təhvil verilib. Ermənistan üçün kapitulyasiya aktı sayılan bu bəyanat isə, yenə də müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin diqtə etdiyi şərtlər altında imzalanıb. Bu isə işğal altında olan bütün torpaqlarımızın döyüşlə, şəhid və qazilərimizin qanı, əsgər və zabitlərimizin rəşadəti hesabına alınması deməkdir”.

 

Azər Kərimli Laçının Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan bir rayon olduğunu vurğulayıb: “Azərbaycanın ən böyük çaylarından biri olan Həkəri çayı öz mənbəyini Laçından götürür. Laçına və təbii ki, Həkəri çayının mənbəyinə nəzarətin ələ alınması müasir dövrdə istənilən dövlət üçün strateji əhəmiyyət kəsb edən su ehtiyatlarının təhlükəsizliyi deməkdir. Digər tərəfdən, Laçının ən yüksək zirvəsi Ermənistanın həmsərhəd Gorus rayonunun mərkəzindən 2 min metr yüksəklikdədir ki, bu da həm hərbi-strateji, həm də təhlükəsizlik baxımından olduqca böyük önəm daşıyır”.

 

Bu böyük Zəfər münasibəti ilə Azərbaycan xalqını təbrik edən millət vəkili torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmiz üçün yeni perspektivlər açdığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu