Modern.az

Tofiq Bayramın Türkiyəni fəth edən, “KQB”ni silkələyən şeiri

Tofiq Bayramın Türkiyəni fəth edən, “KQB”ni silkələyən şeiri

Aktual

10 Mart 2021, 11:11

Son 4-5 ildə mətbuatda  istedalı şair, Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Bayramın tanınmış türk aktyoru, opera sənətçisi, rəssam Sevda Aydanın (1930, Ankara-2018, İzmir) 1964-cü ildə Bakıya səfəri zamanı ona aşiq olduğu və bu məhəbbətdən ilhama gələrək şeir yazdığı barədə bir-iki məqaləyə rast gəlmişəm.  Məqalə müəllifləri yazırdılar ki, şeir o qədər uğurlu olub ki, qısa zamanda Türkiyədə ağızdan ağıza düşüb, dillər əzbəri olub, eyni zamanda Tofiq Bayrama da əməlli-başlı baş ağrısı gətirib. SSRİ-nin Türkiyədəki  səfiri bu barədə məlumatı Moskvaya ötürür. Mərkəzdən Azərbaycanın “KQB”sinə ciddi irad tutulur, soruşurlur  ki, sizin şair buna necə  cürət edib və siz buna niyə yol vermisiniz, göz yummusunuz? «Sənə məftun ürəyimi apar, özünlə...»-bu nə deməkdir? Vəs və i. Bütün bunlardan sonra Tofiq Bayramı çək-çevirə başlayır, sorğu-suala tutur və xeyli incidirlər. Türkiyədə başqa əfsanələr də dolaşıb. Guya bu şeirə görə Tofiq Bayram Sibirə sürgün olunub, güllələnib, daha nələr, nələr...

    
Bu günlərdə  Azərbaycan istiqlalçılarının 1955-1964-cü illərdə Ankarada nəşr etdikləri (cəmi 59 nömrə) aylıq ictimai fikir məcmuəsi “Mücahid”i vərəqləyərkən “N.H” imzasıyla “Sevda Aydan Azərbaycan səhnəsində” adlı məqaləyə və həmin mövzuda 4 fotoya, eləcə də Tofiq Bayramın “Sevda Aydana” adlı həmin məşhur, ətrafında dastanlar danışılan şeirirə rast gəldim (№55-56, mart-aprel 1963, səh.15-17). Ən əvvəl bir faktı dəqiqləşdirməyi lazım bilirik. Haqqında yuxarıda  bəhs etdiyimiz məqalələrdə göstərildiyi kimi, Sevda Aydan Bakıya, Opera və Balet Teatrına qastrola 1964-cü ildə yox, 1962-cü ildə gəlmişdir.

     
“Mücahid”dəki “Sevda Aydan Azərbaycan səhnəsində” adlı məqalə bu cümlələrlə başlayır: “Ankara Dövlət Opera sənətçilərindən soprano (ən zil müğənni səsi-T.A) Sevda Aydan keçən ilin oktyabr ayında 6 günlük Bakıya gedərək Azərbaycan Opera və Balet Teatrında yerli sənətçilərlə birlikdə C.Verdinin “Trubador” və C.Puccininin “Tosca” operalarında rollar oynamışlar.” Məlum olur ki, operalarda Sevda Aydan Lütfiyar İmanov, Ağababa Bünyadzadə, Hüseyn Əliyev, Qafar Əliyev, İbrahim Məmmədovla birlikdə oynamışlar. Müəllif sonra Sevda Aydanın yaradıcılıq yoluna  geniş nəzər salır, səhnə uğurlarından söz açır.

    
Bakı qastrolu haqqında yazan müəllif qeyd edir ki, böyük qonaqpərvərliklə qarşılanan  Sevda  Aydanın şərəfinə Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılmışdır. Baletdə baş rolu ifa edən Leyla Vəkilovanın ustalığını Sevda Aydan yüksək dəyərləndirmişdir. “Mücahid”in əməkdaşı  Bakıdan Ankaraya zəngin təəssüratlarla qayıdan Sevda Aydanla görüşür. Şöhrətli sənətçi Bakı səfərindən unudulmaz və xoş xatirələrlə ayrıldığını, Niyazi və Şəmsi Bədəlbəyli kimi böyük sənətkarlarla yaxından tanış olduğunu dilə gətirir, eyni zamanda təəssüflə bildirir ki, maestro Niyazi Bakı Filarmoniyasında bir konsert verilməsini təklif etsə də, təəssüf ki, bu istək gerçəkləşməmişdir...

    
Məqalənin işərisində  Sevda Aydanla  orkestr rəhbəri Şəmsi Bədəlbəylinin, maestro Niyazinin, bəstəkar Əfrasiyab Bədəlbəylinin və  şair Tofiq Bayramın birgə şəkilləri  verilmişdir. “Mücahid”  Tofiq Bayramın “Sevda Aydana” adlı şeirini də dərc etmişdir.


Abid Tahirli
04.03.2021.

 

Sevda Aydana

Bir cüt qara göz görmüşəm, qətrandan qara,

Qaralığı işıq saçır qaranlıqlara.

 

Bir cüt qara göz görmüşəm, o gözlər nədir?

Bəlkə Egey dənizindən iki qətrədir.

 

O gözlərin alovuyla yandı ürəyim,

O gözlərə ulduz deyim, ya çıraq deyim?

 

Türkiyənin gözəl qızı, nəğməkar qızı,

Sən yandırdın ürəyimdə Sevda ulduzu.

 

Elə bil ki, fırtınalı bir Xəzərəm mən

Yolların çiçək kimi söz düzərəm mən.

 

Gəlişin bir toy bayramdır, gedişin ağır,

Ürəyində məni səslə, məni də çağır.

 

Xəyalım bir köhlən kimi çapar özünlə,

Sənə məftun ürəyimi apar, özünlə...



Tofiq Bayram

22 oktyabr 1962,

Bakı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı