Modern.az

Çimərliklərdə skuter sürmək qadağandırsa, niyə sürürlər?

Çimərliklərdə skuter sürmək qadağandırsa, niyə sürürlər?

25 İyul 2013, 10:58

Yay mövsümü başlayan kimi hamı çimərliyə ya çimməyə, ya da qayıq, skuter sürərək dincəlməyə, sərinləməyə üz tutur. Əksər hallarda məhz əyləncəli vaxt keçirmək üçün özəl çimərliklərə üz tutan vətəndaşlar həyatlarını təhlükəyə atmış olurlar. Cavanların daha çox sürdüyü skuterlər, qayıqlar bəzi hallarda çimənlərin həyatı bahasına başa gəlir. Yəni adrenalin həvəskarlarının sürətlə sürdükləri qayıqlar insan tələfatı ilə nəticələnir. Artıq belə təhlükələrin qarşısını almaq üçün əksər inkişaf etmiş ölkələrdə çimərlik zolaqlarında qayıqların, skuterlərin istifadəsinə qadağan edilib. Modern.az çimərlik ərazisində qayıqların, və bu kimi texniki avadanlıqların istifadə qaydalarını öyrənib.       

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev deyir ki, ümumiyyətlə qayıq, skuter kimi maşınların insanların çimməsi üçün nəzərdə tutulmuş zolaqda sürülməsi qadağandır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 216 nömrəli qərarı ilə çimərlik ərazisinə texnikanın və qayıqların daxil olması qadağan olunub. Amma bu gün bu tələblər kobud şəkildə pozulur.
“Fövqəladə Hallar Nazirliyinin xilasetmə texnikaları, yəni skuterlər, qayıqlar, digər xilasetmə avadanlıqları çimərlikdə müəyyən işarələnmiş zolaq üzrə hərəkət edirlər. İnsanların çimdiyi əraziyə həmin texnikaların girməsi qadağandır. Çünki həmin ərazilərdə texnikanın istifadə olunması insanların həyatı bahasına başa gələ bilər. Ancaq təəssüflər olsun ki, bir sıra istirahət mərkəzləri, istirahət zonaları, özəl obyektlər pul qazanmaqdan ötrü bu texnikadan istifadə edirlər və bu qanunvericiliyi pozurlar. Nazirlər Kabinetinin 1998-ci il 216 nömrəli qərarı ilə çimərlik ərazisinə texnikanın və qayıqların daxil olması qadağan olunub. Amma bu gün bu tələblər özəl çimərliklər, istirahət zonaları tərəfindən pozulur. Hətta Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları həmin insanları işarələnmiş ərazilərdən o biri tərəfdə sürməyi tələb etsələr də bəzən bu tələblər də məhəl qoymurlar. O zaman biz Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət edirik və həmin qayıqları, skuterləri müəyyən formada nəzarətə götürürlər”.

Qanunvericiliyə görə, çimərlik ərazisində müəyyən olunmuş zolaqdan kənarda çimərlik ərazisində xilasetmə texnikasının, və ya digər qayıqların üzməsinin qadağan olunduğunu deyən sektor müdirinin sözlərinə görə, qanunu pozanlar müvafiq qurumlar tərəfindən cərimələnirlər. “Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu – Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi var ki, qayıqların qeydiyyatını aparır, sahil zolağında olan bütün texnikaları nəzarətə götürür. Təbii ki, bu cür hallar olanda biz həmin quruma məlumat veririk. Onlar da həmin əraziyə gələrək qaydaları pozanları cərimələyirlər. Yaxşı olar ki, vətəndaşlar bu kimi hallarla qarşılaşanda birbaşa FHN-nə zəng etsinlər və iradlarını bildirsinlər ki, nazirliyin də müvafiq qurumu bu cür faktları araşdırsın və həmin istirahət obyektləri və şəxslər barəsində tədbirlər görsün”. 

Sonda Mənsur Piriyev Modern.az vasitəsi ilə istirahət mərkəzlərinin sahiblərinə müraciət də edib.
“İstirahət mərkəzlərinin sahiblərinin diqqətinə çatdırmaq istəyirəm ki, insanların təhlükəsizliyini heçə sayıb, pul qazanmaq xətrinə skuterləri kimə gəldi verməsinlər. İçkili insanlara, yaşı 18-dən aşağı olanlara, suda kiçik həcmli qayığı sürmək üçün sürücülük vəsiqəsi olmayan insanlara belə qayıqları vermək təhlükəlidir. Eləcə də vətəndaşlar küləkli havalarda çimərliyə getməsinlər və xilasedicilərin tələblərinə sözsüz əməl etsinlər”.

Gültəkin ƏLƏSGƏR


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi