Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment ehtimalı ilə bağlı siyasi proseslər yeni mərhələyə qədəm qoyub.
Müxalifətdə olan və keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi "Şərəfim var" fraksiyası Paşinyana qarşı impiçment təşəbbüsünü gündəmdə saxlayır və artıq yeni baş nazir postuna öz namizədini də müəyyənləşdirib.
Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, fraksiya impiçment prosesi çərçivəsində Masis (Uluxanlı) şəhərinin rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Bu barədə fraksiya rəhbəri Hayk Mamicanyan məlumat verib.
Hambardzumyan 39 yaşındadır. O, 2003-2007-ci illərdə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. 2011-ci ildən Ermənistan Respublikasının Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.
2016-cı il noyabrın 14-dən icma rəhbəri vəzifəsini icra edir. Ailəlidir, 1 qızı, 2 oğlu var.
Qeyd edək ki, parlamentdə Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün 36 imza, qərarın qəbulu üçün isə ən azı 54 lehinə səs lazımdır. Serj Sarkisyanın rəhbərlik etdiyi qrupun cəmi 6, Robert Köçəryanın rəhbərlik etdiyi fraksiyanın isə 28 deputatı var. Belə çıxır ki, iki müxalifət fraksiyasına da Paşinyanın komanda yoldaşlarının səsi lazımdır.
Hakimiyyət son bir ay ərzində bir neçə dəfə vurğulayıb ki, onların sıralarından impiçment prosesinə qoşulan olmayacaq.