Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Gürcüstana səfər edib. O, səfər zamanı gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb. Baş nazirlər iki ölkə arasındakı əlaqələri, həmçinin regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər.
Qaribaşvili “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.
Tbilisinin yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etməsi müstəqil ekspertlər tərəfindən müsbət qiymətləndirilsə də, Bakı və İrəvanın buna reaksiyası birmənalı deyil. Müşahidələr göstərir ki, hər iki ölkədə Tbilisinin barışıq cəhdinin uğurlu olacağına şübhə ilə yanaşırlar.
Bəs Qaribaşvilinin sülh təşəbbüsü nəyə hesablanıb və effektiv ola bilərmi?
Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a şərhində bildirib ki, hazırda Tbilisi iki ölkə arasında vasitəçi qismində çıxış edəcək qədər güclü deyil.
“Ermənistan Baş nazirinin Gürcüstana səfəri düşünürəm ki, iqtisadi əlaqələrlə bağlı olub. Yəqin ki, ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Tərəflər böyük ehtimalla Gürcüstanın ərazisi olan Abxaziya vasitəsilə Rusiyadan Ermənistana dəmir yolu xəttinin yenidən açılmasını da müzakirə edə bilərlər.
Bundan başqa, Ermənistan və Azərbaycan arasında sülh prosesi haqqında da danışıqlar aparıblar. Amma düşünmürəm ki, Gürcüstan iki ölkə arasında vasitəçiliyə can ata bilsin. Çətin ki, Gürcüstan münaqişənin həllinə böyük töhfə verə bilər. Bu, böyük güclərin, daha dəqiq desək, Avropa İttifaqı, ABŞ, Rusiya və böyük regional oyunçu Türkiyənin işidir. Ona görə də Gürcüstandan böyük addımlar gözləmək olmaz”, - deyə Zaal Anjaparidze vurğulayıb.
O, Gürcüstanın təklinin Azərbaycan və Ermənistan tərəfindən müsbət qarşılanacağına şübhə ilə yanaşdığını söyləyib.