Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək. Xarici işlər naziri Ceyhun Bayramov bu məqsədlə İrana yola düşüb. Görüşdə Türkiyə, Ermənistan, Rusiya, İran xarici işlər nazirlərinin də iştirakı gözlənilir. Gürcüstan görüşdən imtina edib.
Tehran görüşündə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. "Irna"nın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq.
“3+3” formatı İkinci Qarabağ müharibəsindən bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyev tərəfindən bölgədə sülh və sabitlik naminə danışıqlar aparmaq məqsədilə irəli sürülüb. Ehtimal edilir ki, Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan regionda birbaşa maraqları və müəyyən təsir imkanları olan Türkiyə, Rusiya və İranla birlikdə siyasi iradə və xoş məram ortaya qoyaraq, uzun illər ərzində meydana çıxan və hələlik həlli müşkül görünən problemləri çözə bilər.
Görüşün səmərəli olub-olmayacağı, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsiri maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev "3+3" formatının gələcək əməkdaşlığa töhfə verəcəyini vurğulayıb:
"Regional vəziyyət hazırda elədir ki, Cənubi Qafqaza aidiyyəti olan region dövlətlərinin məsələləri müzakirə etməsi müsbət haldır. "3+3" formatını müharibədən dərhal sonra Azərbaycan Prezidenti təklif etmişdi. Gürcüstan istisna olmaqla, Türkiyə, Rusiya, İran və müəyyən dövrlərdə Ermənistan da buna razılığını vermişdi. Gürcüstan məsələyə siyasi yanaşdı. Çünki Gürcüstan Abxaziya və Cənubi Osetiya problemlərinə görə Rusiya ilə hər hansı siyasi müzakirələrdə iştirakını məqbul saymamışdı. Ancaq indiki vəziyyət elədir ki, "3+3" formatı daha çox iqtisadi məsələlər üçün yaranmışdır. Hesab edirəm ki, onun müsbət nəticələri olacaq. Gələcək əməkdaşlıqda öz töhfəsini verəcək".
Deputat vurğulayıb ki, ümumiyyətlə, regional dövlətlər üçün "3+3" ən müsbət formatdır:
"Düşünürəm ki, mənfi heç nə olmayacaq. Bu birmənalıdır. Müsbət təsirlər qaçılmazdır. Kommunikasiyaların açılıb, iqtisadi münasibətlərin bərpa olunması siyasi, mədəni münasibətlərə də təsirsiz ötüşməyəcək. Bu, barışa yönəlik addım kimi qəbul oluna bilər. Ermənistanın, eyni zamanda Gürcüstanın da sözügedən formatda iştirakı arzuolunandır. Bizim regionun davamlı, dayanıqlı sülh şəraitində yaşaması və beynəlxalq iqtisadi münasibətlərdən dvidentlər əldə etməsi üçün çox vacib platformadır. Hesab edirəm ki, Ermənistan bu, tarixi şəraitdən istifadə etməlidir. Kommunikasiyalar açılmalıdır. Bu platforma Ermənistanın subyektivliyini saxlaması üçün son platformadır. Əgər Ermənistan bu platformadan da çıxacaqsa, onun gələcəyi şübhəli olacaq".
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli platformanın uğurlu olacağına inamın az olduğunu söyləyib:
"Gürcüstan "3+3" formatından imtina etdiyini artıq bəyan edib. Mənim zənnimcə, Ermənistanın da bu məsələdə müəyyən tərəddüdləri var. Ermənistan Qərbin ciddi təsirləri altındadır. O platformanın formalaşmasına hər hansı töhfə vermək fikrində deyil. Üstəgəl onun Rusiya ilə də ciddi problemləri var. Bu baxımdan Ermənistanın da "3+3" formatına daxil olacağını söyləmək o qədər də asan deyil. Biz nəsə müsbət bir nəticə əldə edilməsinə ümid edirik. Hər halda Gürcüstan iştirak etmirsə, Ermənistanın tərəddüdləri varsa, platformanın vargücü ilə işləyəcəyinə necə təminat vermək olar? Əlbəttə, Gürcüstan, Ermənistan və Azərbaycan kiçik dövətlərdir. Uzaqlardan buraya böyük dövlətlərin gəlib, sülhyaratma prosesində iştirakını istəmirlər. Amma İran kimi ölkənin vasitəçi rolunda çıxışına Qərb razı deyil. Bu saat İranın özü Yaxın Şərqdə vəziyyəti qaynadan və hadisələrə neqativ istiqamət verən ölkələrdən biridir. Mən formatın formalaşması ilə bağlı qəti və nikbin fikir söyləməkdə çətinlik çəkirəm. Baş tutsaydı, çox yaxşı olardı. Ancaq platformanın baş tutacağına inam azdır".