Xüsusi karantin rejiminin uzadılması, Xəzər dənizindəki növbəti zəlzələ, şəhid atasının vəfatı, Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının naməlum aqibəti, Rusiya sülhməramlılarının Qarabağda qəzaya düşməsi, Kürdəmirdə 18 yaşına çatmayan (14 yaşlı) qızın evləndirilməsi barədə yayılan məlumatlar dünənin gündəmində olan xəbərlər idi.
Modern.az 11 dekabr tarixini əhatə edən icmalını təqdim edir.
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
"Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: "Hazırda bu göstərici 37%-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16%-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37%-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiyada hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı növbəti dəfə məhkəməyə videobağlantı vasitəsilə qoşulmayıb. Yoldaşları artıq altıncı gündür, ondan xəbər ala bilmirlər. Onun harada olduğunu və başına nə gəldiyini bilmirlər. “Dekabrın 7-dən biz elektrik enerjisini bilmirik”, - həbsxananın nümayəndələri deyirlər. Rəsmi versiya Navalnının məhkəməyə qoşula bilməməsini bununla əsaslandırır. "Onlar sadəcə bizi ələ salırlar”, - Navalnının komandasından deyiblər.
Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ saat 13:46-da 47 km dərinlikdə baş verib.
Rusiyada 17 mart 2024-cü il tarixinə təyin olunmuş Prezident seçkiləri işğal olunmuş Ukrayna ərazilərində də keçiriləcək. Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, Komissiya Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və region rəhbərləri ilə məsləhətləşmələrdən sonra bu qərara gəlib. Beləliklə, seçkilər "Donsetsk XR" və "Luqansk XR" qondarma qurumlarında, habelə Zaporojye və Xerson vilayətlərində də baş tutacaq.
Ukraynanın azadlığı və müstəqilliyi uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı qəhrəman şəhid olub. Rusiya ordusu ilə döyüşlərin növbəti qurbanı həmyerlimiz Elxan Ələsgər oğlu Əsgərovdur.
Ucar rayonunda şəhid atası vəfat edib. Şəhid gizir Coşqun Məmmədovun atası Elnur Məmmədov bu gün dünyasını dəyişib. Mərhum rayonun Qarabörk kəndində dəfn olunacaq.
Rusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb. Maşının dərəyə aşması nəticəsində 1 rusiyalı hərbi qulluqçunun öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. Yaralılardan birinin vəziyyəti ağırdır. Onlar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.
Sosial şəbəkələrdə Kürdəmir rayonunun Muradxan kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı yeniyetmənin nənəsi bildirib ki, nə nişan olub, nə də toy: “Dedim ki, bu işə razılığımız yoxdur. 18 yaşı tamam olsun, həddi-büluğa çatsın, ondan sonra gələrlər, apararlar”.
Polşa Seymi dekabrın 11-də keçirilən iclasında Donald Tuskun ölkənin baş naziri postuna namizədliyini dəstəkləyib. 248 deputat lehinə, 201 deputat əleyhinə səs verib. “Təşəkkürlər Polşa, bu, həqiqətən də gözəl gündür. Mənim üçün deyil, illər keçdikcə hər şeyin daha da yaxşılaşacağına və qaranlığı və şərdən uzaqlaşacağımıza dərindən inananların hamısı üçün”, - səsvermə başa çatdıqdan sonra Donald Tusk bildirib. Donald Tusk 2007-2014-cü illərdə Polşanın baş naziri olub. 2019-cu ilə qədər Avropa Şurasının prezidenti olub.
“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar: