Modern.az

ABŞ seçkilərinə Rusiya müdaxiləsi... - Yenə təkrarlana bilər?

ABŞ seçkilərinə Rusiya müdaxiləsi... - Yenə təkrarlana bilər?

Analitika

11 Dekabr 2023, 17:08

Dünyanın müxtəlif ölkələrində seçkilər prosesi dövründə xarici müdaxilələrlə bağlı məlumatlar səsləndirilir. Burada həssas dönəmdə ictimai rəyə təsir edərək, hər hansı namizədin xeyrinə manipulyasiyadan tutmuş birbaşa nəticələrə təsir edilməsinə qədər məsələlərdən söhbət gedir. Mövzu ilə bağlı ən unikal və məşhur nümunələrdən biri ABŞ-da Donald Trampın prezident seçildiyi seçkilərlə bağlıdır. Belə ki, Vaşinqtonda müxtəlif səviyyələrdə Rusiyanın seçkilərə müdaxilə etdiyi bəyan olunub.

 

Modern.az seçkilərə xarici müdaxilə faktoruna Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi üzərindən nəzər salıb.

 

"The New York Times" nəşri bu barədə informasiyalar yeni yayılan vaxt ABŞ kəşfiyyatına istinadən yazmışdı ki, Rusiya 2014-cü ildən bəri 20-dən çox ölkədə siyasi partiyalara, məmurlara və siyasətçilərə gizli şəkildə ən azı 300 milyon dollar xərcləyib və siyasətə və seçkilərə təsir göstərmək məqsədilə daha yüz milyonlarla pul köçürməyi planlaşdırır.

 

 

Qeyd olunub ki, Rusiyanın aşkar edilməmiş daha çox addımları və vəsait xərcləməsi barədə gümanlar var: “Kreml və onun etibarlı şəxsləri xarici siyasi mühiti Moskvanın xeyrinə formalaşdırmaq üçün bu vəsaiti köçürüblər. Birləşmiş Ştatlar Rusiyanın hədəf aldığı ölkələrə onun fəaliyyətləri haqqında məxfi məlumatları paylaşmaq üçün rəsmi əlaqə kanallarından istifadə edəcək”.

 

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya ilə bağlı tapıntıların ABŞ kəşfiyyat orqanlarının işinin nəticəsi olduğunu təsdiqləmişdi. O qeyd etmişdi ki, Rusiyanın seçkiyə müdaxiləsi Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi “suverenliyə hücumdur: "Bununla mübarizə aparmaq üçün bir çox cəhətdən buna diqqət yetirməliyik".

 

 

Dövlət Departamentinin məlumatı və bəzi kəşfiyyat nəticələrinin açıqlanması Bayden administrasiyasının Rusiyanın qlobal siyasi proseslərə və seçkilərə müdaxiləsinin miqyasını ifşa etmək və bununla mübarizədə kömək etmək üçün digər xalqları toplamaq üçün kəşfiyyat materiallarından istifadə etmək üçün ilkin səyləri təşkil edir. ABŞ kəşfiyyat orqanları Rusiyanın 2016-cı il prezident seçkilərinə Demokratlar Partiyasından namizəd Hillari Klintonu məğlub edən Respublikaçı namizəd Donald Trampın xeyrinə müdaxilə etdiyini müəyyən edib. Metodlara onlayn dezinformasiyanı yaymaq üçün kiberəməliyyatlardan istifadə daxil olub. Bildirilib ki, qlobal əməliyyatları Rusiyanın bir sıra qurumları və şəxsləri, o cümlədən Federal Təhlükəsizlik Xidməti və digər təhlükəsizlik qurumları, habelə biznes xadimləri həyata keçirir.

 

Sənəddə deyilir ki, ruslar nağd pul, kriptovalyuta, elektron pul köçürmələri və dəbdəbəli hədiyyələrlə ödəniş edirlər. Onlar maliyyələşdirmənin mənşəyini qorumaq üçün pulu müxtəlif qurumlar vasitəsilə köçürürlər. Bu qurumlara fondlar, beyin mərkəzləri, mütəşəkkil cinayət qrupları, siyasi məsləhətçilər və Rusiyanın dövlət müəssisələri daxildir. Pul Rusiya səfirliyinin hesabları və resursları vasitəsilə də gizli şəkildə verilir. Qeyd olunub ki, Asiya ölkələrindən birində Rusiya səfiri prezidentliyə namizədə milyonlarla dollar pul verib.

 

ABŞ həmçinin Rusiyanın son illərdə siyasi partiyalara pul vermək üçün bir sıra Avropa ölkələrində saxta müqavilələrdən istifadə etdiyini müəyyən edib. Rusiyanın bəzi gizli siyasi maliyyələşdirmə üsulları xüsusilə dünyanın bəzi yerlərində üstünlük təşkil edir. Rusiya Mərkəzi Amerika, Asiya, Yaxın Şərq və Şimali Afrika da daxil olmaqla bir sıra regionlar üzrə gizli şəkildə vəsait köçürmək üçün dövlət müəssisələrinə və iri firmalara və xüsusilə Avropada fəal olan beyin mərkəzlərinə və fondlara etibar edib. Avropadakı ifrat sağçı millətçi partiyaları Rusiyanın dəstəklədiyi xüsusi vurğulanıb.

 

 

Məlumata görə, ABŞ kəşfiyyatı illərdir Rusiyanın qlobal seçkilərə müdaxiləsini və təsirini öyrənsələr də, kəşfiyyat məlumatlarına baxış bu dəfə yüksək səviyyəli administrasiya rəsmiləri tərəfindən sifariş edilib. Hədəf ölkələrə kəşfiyyat məlumatlarının mübadiləsini koordinasiya etməyi, xarici investisiyaların yoxlanılmasını təkmilləşdirməyi, siyasi partiyaların və kampaniyaların xaricdən maliyyələşdirilməsi ilə bağlı araşdırma imkanlarını gücləndirməyi, xarici agentlərin qeydiyyat qaydalarını tətbiq etməyi və genişləndirməyi tövsiyə ediblər.

 

Qeyd edilib ki, hökumətlər həmçinin əlaqəli gizli maliyyələşdirmə əməliyyatlarında iştirak etdiyi aşkar edilən Rusiya kəşfiyyatçılarını ölkədən çıxarmalıdırlar. Hökumətlər “yalnız Rusiya tərəfindən deyil, həm də Çin və bu davranışı təqlid edən digər ölkələr tərəfindən” gizli siyasi maliyyələşdirmədən ehtiyat etməyə çağırılıb. "Vaqner" muzdlularının müəmmalı təyyarə qəzasında ölən keçmiş sahibi Yevgeni Priqojin və deputat Aleksandr Babakov da daxil olmaqla, “maliyyələşdirmə sxemlərində” bir çox rusiyalı oliqarxların adı hallanır.

 

"Frans Press" Agentliyinin məlumatına görə, nəticələrlə tanış olan administrasiya mənbəsi deyib ki, Rusiya 2017-ci ildə Albaniyanın sağ mərkəzçi Demokrat Partiyasını dəstəkləmək üçün təxminən 500 min dollar xərcləyib, həmçinin Bosniya və Herseqovina, Monteneqro və Madaqaskardakı partiyaları və ya namizədləri maliyyələşdirib. Mənbə həmçinin bildirib ki, Kreml Brüsseldən ifrat sağçı namizədləri dəstəkləyən fondlar və digər cəbhələr üçün mərkəz kimi istifadə edib.

 

 

Qeyd edək ki, Rusiya seçkilərə müdaxilə ilə bağlı iddiaları “əsassız” adlandırıb. Lakin "Vaqner"çilərin müəmmalı qəzada ölən sabiq rəhbəri Priqojin ötən il sosial mediada ABŞ seçkilərinə müdaxilə etdiklərini etiraf etmişdi: "Müdaxilə etdik, müdaxilə edirik ve müdaxilə etməyə davam edəcəyik. Bildiyimiz şəkildə, incə, qəti, cərrahi və öz metodlarımızla". 

 

Məlum olduğu kimi, 2024-cü ildə dünyanın əksər ölkələrində, dünya əhalisinin yarısından çoxununun yaşadığı dövlətlərdə müxtəlif seçkilər keçiriləcək. Siyahıya ABŞ da daxildir. Gələn ilin noyabrında baş tutacaq seçkilər yenidən Moskva və ya digər xarici mərkəzin müdaxiləsindən sığortalanmayıb. Lakin hər halda mənfi təcrübənin üstünü açmağı bacaran Vaşinqton preventiv tədbirlər həyata keçirməyi görüləcək işlər siyahısına əlavə etməmiş olmaz.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı