Dünənin vacib hadisələrinə "Tərtər işi" ilə bağlı məhkəmə prosesinin başa çatması, Prezident İlham Əliyevin imzaladığı sənədlər, Elm və Təhsil Nazirliyində rektorların toplantısı, XİN başçısı Ceyhun Bayramovun keçirdiyi mətbuat konfransı və digərləri daxildir.
Modern.az 28 dekabr tarixini əhatə edən icmalını təqdim edir:
Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş Planları təsdiq ediləcək.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.
İvan Mixayloviç Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı üçün yeni tədris binasının tikintisi nəzərdə tutulur. Məlumata görə, qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.
Milli Məclisin deputat Siyavuş Novruzov millət vəkillərinin aylıq maaşlarından danışıb. O, deputatların hazırda təxminən 5 min manata yaxın maaş aldığını bildirib. “Nə 12-cü, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu", - o qeyd edib. Deputat vurğulayıb ki, aldıqları maaş bəzən ayın sonuna çatmır. "Bu maaş tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsil haqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayə haqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”, - o, "Müsavat TV"nin efirində deyib. Siyavuş Novruzov prezident seçkilərində İlham Əliyev 90 %-dən çox səs toplayacağını qeyd edib: "Digər 20 namizəd də 1 %-i bölüşdürərlər aralarında. Zahid Oruc da namizədliyini irəli sürə bilər. Buyursun, öz gücünü sınasın. Düşünürəm ki, o, 0,1 % səs toplayacaq".
Dekabrın 27-də Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Rusiya prezidenti seçkilərində namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısına 346 nəfər daxil olacaq, siyahı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.
Gecələr yatmayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur. Tədqiqata görə, gecə yuxusu almayan insanlarda damar tıxanması riski erkən oyananlara nisbətən iki dəfə çox olur. Araşdırma çərçivəsində yaşları 50-64 arasında olan 771 nəfərin məlumatları təhlil edilib. Damarlarında sərtləşmə və tıxanmadan əziyyət çəkən bu insanların 41 faizi gecə yatmayan insanlar, 22 faizi isə erkən qalxanlardır. Qan damarlarında yağ yığılması nəticəsində yaranan sərtləşmiş arteriyalar, yüksək təzyiq və xolesterolu olan yaşlı insanlarda daha çox rast gəlinir, infarkt və insult riskini artırır. Gecə yatmamaq yuxu rejiminin pozulmasına səbəb olur. Gecə saatının bu uyğunsuzluğu yüksək qan təzyiqi və iltihabla əlaqələndirilir.
Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnı yenidən məhkəmə iclasına qoşula bilməyib. Hakim bildirib ki, onun siyasətçinin harada olması barədə məlumatı yoxdur. Bu həftənin əvvəlində o, Arktika Dairəsindəki koloniyada tapılıb. Vəkil Aleksey Tsvetkov buna cavab olaraq bildirib ki, Aleksey Navalnı Yamalın Xarp kəndindəki həbsxanadadır. Qeyd edək ki, bundan əvvəl, demək olar ki, 3 həftə ərzində siyasətçi ilə əlaqə olmayıb.
Ukraynada müharibə başlayandan indiyədək 513 uşaq həlak olub. Bunu Ukrayna Baş Prokurorluğu bildirib. Məlumata görə, müharibə başlayandan bəri 1674 uşaq isə yaralanıb.
Azərbaycan Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb.
Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb. Bu gün Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Ziya Kazımov son söz deyib. Ziya Kazımov da digər təqsirləndirilən şəxslər kimi özünü təqsirli bilmədiyini bildirib. Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Ülvi Rəşidov 9 il 6 ay, Ziya Kazımov 8 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. İstintaq dövründə azadlıqda olan Ülvi Rəşidov və Ziya Kazımov məhkəmə zalında həbs olunublar.
Prezident İlham Əliyev "Bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının başçısı seçilib. Bu barədə Rus Pravoslav Kilsəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Leqoyda bildirib. Məlumatda deyilir ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin sədrliyi ilə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun iclası keçirilib və bir sıra kadr dəyişiklikləri ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, İerorahib Filaret (Tixonov) Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının arxiereyi seçilib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər yetirmək mümkündür: