Modern.az

Şahramanyanın mövqeyi Ermənistan hökuməti tərəfindən qəbul edilmir - AÇIQLAMA

Şahramanyanın mövqeyi Ermənistan hökuməti tərəfindən qəbul edilmir - AÇIQLAMA

Ölkə

28 Dekabr 2023, 09:27

2024-cü ilin yanvar ayının 1-də Qarabağdakı separatçıların tör-töküntüləri tamamilə fəaliyyətini dayandırmalıdır. Bu barədə qərar sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra qəbul edilib.

 

Bir neçə gün əvvəl erməni mətbuatında Qarabağdakı keçmiş separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı ləğv etdiyi iddia edilən xəbərlər yayılıb. Xəbəri Şahramanyanın müşaviri Vladimir Qriqoryan açıqlamışdı. O, "Azadlıq" radiosunun erməni bürosuna müsahibəsində Şahramanyanın oktyabr ayında "fərman" imzaladığını və "Artsax"ın fəaliyyətinin davam etdiyini bildirib. "Joğovurd" qəzeti Şahramanyanın yeni "Artsax"ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, lakin hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığını yazıb. Ermənistan hökuməti məsələ ilə bağlı açıqlama verməyib.

 

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının deputatı Artur Hovhannisyan Şahramanyanın qərarına çox sərt reaksiya verib. O, Ermənistan ərazisində yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib.

 

Şahramanyan hələlik açıqlama verməyib. Ümumilikdə, yanvarın 1-i yaxınlaşdıqca, separatçıların aktivləşdiyi müşahidə edilir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş diplomat Hulusi Kılıç söyləyib ki, Samvel Şahramanyanın verdiyi açıqlama Ermənistan hökuməti tərəfindən də qəbul edilmir:

 

"Cənab Prezidentin dediyi kimi, status məsələsi cəhənnəmə getdi. Azərbaycan sentyabrda həyata keçirdiyi antiterror əməliyyatları ilə separatizmə son verdi. Ermənistan hakimiyyəti də Şahramanyana cavab olaraq bildirdi ki, Ermənistanda yalnız Ermənistan höküməti sərəncam və ya sənəd imzalaya bilər. Yəni Şahramanyanın etdiyi məntiqsiz bir addımdır. Ermənistanda da bu, birmənalı qarşılanmayıb. Hətta, ona sual veriblər ki, siz Ermənistanı müharibəyə sürükləmək istəyirsiz? Ermənistanda bu cür hadisələr olacaq. Bunu normal qarşılamaq lazımdır".

 

Sabiq diplomat qeyd edib ki, Azərbaycan öz torpaq bütövlüyünü bərpa edib, ona görə sülh müqaviləsi daha çox Ermənistana lazımdır.

 

"Əgər onlar bölgədə sülhün olmasıni istəyirsə sülh sazişini tez bir zamanda imzalamalıdır. Bundan sonra da Türkiye Ermənistanla əlaqələri normalaşdıracaq. Sülhün olması Ermənistanı da rifaha qovuşduracaq. Son olaraq isə bildirmək istəyirəm ki, status məsələsi artıq cəhənnəmdədir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok