Modern.az

"Hadi müəllim barədə keçmiş zamanda danışmaq çətindir" - Ziyafət Əsgərov

Aktual

17 Aprel 2024, 12:45

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

O, sonuncu dəfə Modern.az-a müsahibəsində Milli Məclisin bir neçə deputatı ilə daha mütəmadi əlaqədə olduğunu bildirmişdi.  Onların içərisində hazırda Milli Məclisin komitə sədri olan Ziyafət Əsgərov da vardı.

 

Modern.az Hadi Rəcəblinin vəfatı ilə əlaqədar komitə sədri Ziyafət Əsgərovla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Ziyafət Əsgərov söyləyib ki, Hadi Rəcəblinin qanunvericiliyin inkişafında böyük rolu olub:

 

"Hadi müəllim 5 çağırış Milli Məclisin deputatı və komitə sədri olub. Uzun müddət bir yerdə çalışmışıq. Azərbaycan qanunvericiliyinin inkişafı ilə əlaqədar, həqiqətən də, Hadi müəllimin böyük xidmətləri olub. Hadi müəllim ziyalı insan, professor idi. Azərbaycanda sosial iqtisadi siyasətin daha da inkişafı ilə bağlı bir neçə kitabları vardı. Özü də Dövlət İdarəçilik Akademiyasında dərs deyirdi. Deputat fəaliyyəti də hamının gözü qarşısındadır. Qanunvericilik aktı qəbul olunarkən həmişə çalışırdı ki, insanlar bundan razı qalsın. Dövlət siyasətinə həmişə dəstək olub. Allah rəhmət eləsin. Hadı Rəcəbli dövlətinə, millətinə və Prezidentimizə bağlı bir insan idi".

 

Z.Əsgərov Hadi Rəcəbli barədə keçmiş zamanda danışmağın onun üçün çox çətin olduğunu deyib:

 

"Həqiqətən də, Hadi müəllimin itkisi böyük və ağırdır. Biz uzun müddət onunla yoldaşlıq etmişik. İnsan kimi də yaxşı idi. Bilirsiniz, çox ağır itkidir. Hadi müəllim haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindi. Çox yaxşı yoldaşlığı, dostluğu vardı. Biz həmişə görüşür, söhbətləşirdik. Qanunvericiliklə bağlı həmişə bizim çox maraqlı, məhsuldar söhbətlərimiz olurdu. 2020-ci ildə seçilmədi. Buna baxmayaraq fəal idi. Yenə də məqalələr, kitablar yazırdı. Həmişə çalışırdı. Heç vaxt səhhətindən şikayət etmirdi, yaxşı idi. Onun qəfil ölümü həqiqətən bizi sarsıtdı".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək