Ankarada fəaliyyət göstərən Türk Dünyası Kültür Mərkəzində “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin təşkilatçılığı ilə “Şuşanın yenidən doğuşu” adlı tədbir keçirilib. Tədbirdə “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilməsi, Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işlərinin aparılması, İbrahimxəlil xanın dövründə isə şəhərin qısa zamanda xeyli böyüyüb, təbii gözəlliyi, möhtəşəm qala divarları ilə diqqəti cəlb etməsi, həmçinin təkcə tikililəri ilə deyil, eyni zamanda, havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından da önəmli bir bölgə olması haqqında iştirakçılara məlumat verib.
Həmçinin Şuşada görkəmli sənət adamlarının əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsinin qoyulması haqqında tədbir iştirakçıları məlumatlandırılıb. Arzuman Azaflı Ümummilli lider Heydər Əliyevin Şuşanın tarixini yaxşı bildiyini qeyd edərək, onun bu tarixi şəhərə çox böyük qayğı göstərdiyini, qədim tikililərinin bərpa olunması, şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə həyata keçirdiyi işlər haqqında da fikirlərini bölüşüb.
Tədbirdə araşdırmaçı jurnalist, Qazi Universitetinin doktorantı Şəhla Aslan “Şuşanın dirçəlişi: Tarix, mədəniyyət və azadlıq” adlı məruzə ilə çıxış edib. Ş.Aslan Qarabağın mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, Şuşanın işğala qədərki dövrü, işğaldan azad olunma prosesi və bu prosesdə baş verən mühüm hadisələr haqqında tarixi faktlarla ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Şuşada tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməsi, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində görülən işlər haqqında qürur hissi söhbət açılıb.
Şuşanın işğaldan azad edilməsindən bəhs edən “Şuşa, sən Azadsan” adlı filmi tədbir iştirakçıları kövrək hisslərlə izləyiblər.
Hikmət Xudiyev,
Tarix üzrə fəlsəfə doktoru, Əməkdar yurnalist
Ankara