Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.
Modern.az Trend-ə istinadən xəbər verir ki, o, İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində belə deyib.
"Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov vurğulayıb.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqəsinin təmin edilməsidir.
"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.
E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.
"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.
Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.
“Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər”, - o vurğulayıb.
Elçin Əmirbəyov Ermənistanı öz Konstitusiyasını ölkələr arasında təklif olunan sülh sazişinin şərtlərinə uyğunlaşdırmağa çağırıb, onun imzalanmasına əsas maneənin məhz Konstitusiya ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edib.
E.Əmirbəyov bildirib ki, bütün maddələr razılaşdırılıb, lakin sazişin imzalanmasına Ermənistan Konstitusiyasında sülh sazişinin məzmununa zidd olan müddəaların yer alması mane olub.
"Biz Ermənistan tərəfinin öz Konstitusiyasına düzəlişlər etməsini, onu sazişin mətninə və ruhuna uyğunlaşdırmasını istəyirik", - o vurğulayıb.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan revanşizmə və ya erməni tərəfinin mövqeyində yeni dəyişikliklərə məruz qalmayan davamlı sülh əldə etməyi hədəfləyir.
O qeyd edib ki, Ermənistan hökumətinin lazımi dəyişiklikləri etməkdən imtina etməsi Bakıda bəyan edilən niyyətlərin səmimiliyinə şübhələr yaradır.
"Ermənistan tərəfinin Konstitusiyaya dəyişikliklərdən imtina etməsi bəyanatlarının səmimiliyinə Azərbaycanda müəyyən şübhələr yaradır", - Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
Eyni zamanda, E.Əmirbəyov danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib: "Görülən bütün işləri dəyərləndirsək, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək".
Ermənistanda Konstitusiya islahatının vaxtı ilə bağlı E.Əmirbəyov qeyd edib: “Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni Konstitusiya layihəsini gələn il - yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar".
O əlavə edib ki, Azərbaycan bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdədir.