Bu gün Azərbaycanda diplomatların peşə bayramıdır, onun 106 yaşı tamam olur. Hər bir dövlət üçün onun dilomatiyası, xarici siaysəti çox mühüm əhəmiyyət kəsb edir. Masada bir çox şeyləri həll etmək heç də asan deyil. Lakin məhz məsələlərin masada həll edilməsi hər bir dövlətin mənafeyinədir. Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyası həm də zəfəri masada qazanmağı bacara bilib.
"Tarixi zəfərimizə aparan yolda, heç şübhəsiz diplomatlarımız öz layiqli töhfələrini verib"
Bunu Modern.az-a açıqlamasında keçmiş diplomat, Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
"9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə bütün diplomatlarımızı ürəkdən təbrik edir və cənab Prezident İlham Əliyevin rəhbərliyilə müstəqil və prinsipial xarici siyasət kursumuzun uğurla həyata keçirilməsi istiqamətində şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.
İllər öncə Ulu öndər Heydər Əliyevin müasir dövlətçiliyimizin iflasdan xilas olması istiqamətində atdığı addımlar, yeni enerji siyasəti, iqtisadiyyatımızın və ordumuzun ilbəil güclənməsi və xüsusilə də Ümummilli liderin məcburi köçkünlərimiz qarşısında çıxışı zamanı yaddaşlarımızdan silinməyən “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya, gedəcəyik, inanın ki, gedəcəyik” ifadəsi torpaqlarımızı işğaldan azad edəcəyimizə, ölkəmizin davamlı inkişafa nail olacağına inamımızı daha da artırırdı.
Ulu öndərin uzaqgörən siyasətinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə mükəmməl daxili və xarici siyasət kursu iqtisadiyyatımızı, ordumuzu gücləndirməklə yanaşı, beynəlxalq aləmdə nüfuzumuzu daha da artırdı. Ali Baş Komandanımızın misilsiz sərkərdəliyi, liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində diplomatiya tariximizin qızıl hərflərlə yazılan səhifəsi - Qarabağ zəfərinə nail olduq.
Bu gün parlament diplomatiyamız da ən uğurlu dönəmlərindən birini yaşayır və baş tutan çoxsaylı səfərlər, beynəlxalq tədbirlər, görüşlər çərçivəsində aparılan müzakirələr, qəbul olunan yekun beynəlxalq sənədlərdə maraqlarımıza uyğun müddəaların yer alması xarici siyasət kursumuzun həyata keçirilməsində əhəmiyyətli rola malikdir.
Milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiə olunmasında və tarixi Zəfərimizə aparan yolda, heç şübhəsiz diplomatlarımız öz layiqli töhfələrini vermiş və Prezidentimizin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün inamla və əzmkarlıqla çalışmışlar".
"Əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız beynəlxalq miqyasda dövlətimizin nüfuzunu daha da artıracaq"
Deputat vurğulayıb ki, əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız yeni çağırışlara cavab verən çevik xarici siyasət kursumuzun davam etdirilməsinə imkan verəcək:
"Qürur duyuruq ki, artıq Azərbaycan torpaqlarını işğaldan azad edərək, separatçıt və terrorçu yuvalarını darmadağın etmiş, regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Bu gün Qarabağ beynəlxalq tədbirlərə ev sahibliyi edir və qəbul edilən yekun beynəlxalq sənədlər Şuşa Bəyannaməsi, Xankəndi Kommünikesi adlanır. Həmçinin, əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış strateji hədəflərimizdən birinə çevrilib.
Əminliklə söyləmək olar ki, əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız beynəlxalq miqyasda dövlətimizin nüfuzunu daha da artıracaq və yeni çağırışlara cavab verən çevik xarici siyasət kursumuzun davam etdirilməsinə imkan verəcək".