Modern.az

Berdiməhəmmədovun Azərbaycana gəlməsi təkcə protokol səfəri deyil 

Berdiməhəmmədovun Azərbaycana gəlməsi təkcə protokol səfəri deyil 

Aktual

17 İyul 2025, 11:20

"Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri təkcə protokol səfəri deyil, eyni zamanda ikitərəfli münasibətlərin strateji xətt üzrə dərinləşdiyini göstərən mühüm hadisədir. Türkmənistan Xalq Məsləhətinin sədri, sabiq prezident və ölkənin siyasi arxitekturasında xüsusi yer tutan şəxsiyyət kimi Berdiməhəmmədovun Bakıya rəsmi səfəri, regionda yeni əməkdaşlıq imkanlarını gündəmə gətirir və Azərbaycan-Türkmənistan münasibətlərinə yeni impuls verir."

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlərin təməlində ortaq tarixi və mədəni irs dayanır:

"Hər iki ölkə türk ailəsinin üzvü olmaqla yanaşı, regional sabitlik və iqtisadi inteqrasiya baxımından da ortaq baxışları bölüşür. Məhz bu baxımdan, Berdiməhəmmədovun səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı gündəlikdə olan əsas məsələlər, ilk növbədə enerji sahəsində əməkdaşlıq, nəqliyyat dəhlizləri, türk dövlətlərinin inteqrasiyası və humanitar əlaqələrstrateji xarakter daşıyır.

Enerji məsələsi xüsusilə diqqətçəkicidir. Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına malik ölkələrdən biridir. Azərbaycanın isə Xəzər regionunda formalaşdırdığı infrastruktur və beynəlxalq enerji layihələri, xüsusilə TANAP və TAP Türkmənistan üçün mühüm tranzit alternatividir. Türkmən qazının Transxəzər bağlantısı vasitəsilə Azərbaycan ərazisindən keçərək Avropaya çıxarılması ideyası son illərdə yenidən aktuallaşıb və bu istiqamətdə siyasi dialoq, texniki imkanlar və iqtisadi rentabellik kimi amillər nəzərə alınmaqla tərəflər arasında real əməkdaşlıq potensialı formalaşıb.

Nəqliyyat və logistika sahəsində də paralel proseslər baş verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və Ələt azad iqtisadi zonası Azərbaycanı Orta Dəhlizdə əsas hablardan birinə çevirib. Türkmənistan isə Transxəzər marşrutunun digər qolu olaraq bu dəhlizdə iştirakını genişləndirməkdə maraqlıdır. Berdiməhəmmədovun səfəri məhz bu çərçivədə multimodal daşımaların inkişaf etdirilməsi, birgə terminal və liman layihələrinin nəzərdən keçirilməsi baxımından da xüsusi önəm daşıyır."

Azər Kərimli qeyd edib ki, Azərbaycan və Türkmənistan Türk Dövlətləri Təşkilatı daxilində də sıx təmaslara malikdirlər:

"Türkmənistan bu təşkilata hələlik müşahidəçi kimi qoşulsa da, Azərbaycan bu platformada inteqrasiyanın təşviqində aktiv rol oynayır. Səfər zamanı ortaq tarixi-mədəni irs, türk xalqlarının yaxınlaşması və gələcəkdə Türkmənistanın daha fəal inteqrasiya olunması məsələləri də diqqət mərkəzində olub. Bu, Türk dünyasında həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan üçün Türkmənistan, Mərkəzi Asiya regionuna çıxış, enerji əməkdaşlığı və türk dünyası çərçivəsində strateji koordinasiya baxımından vacib tərəfdaşdır. Eyni zamanda Türkmənistan da Azərbaycanın Avropaya çıxış imkanları, sabit siyasi kursu və regional təşəbbüslərdə aktivliyi baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Bakı və Aşqabadın bu qarşılıqlı münasibətləri neytral status və balanslı siyasət çərçivəsində inkişaf etdirməsi, regionda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın formalaşmasına mühüm töhfə verir."

Millət vəkilinin sözlərinə görə bütün bu amillər nəzərə alındıqda, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, təkcə diplomatik gündəliyin icrası deyil, həm də strateji əməkdaşlığın gələcək konturlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi