Salyanda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Salyan Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin– qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Salyan RİH başçısı Rüstəm Xəlilov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Kərəm Muradov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. İştirakçılar tərəfindən Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam edən təqdimatda Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.
Mərasimi giriş nitqi ilə açan RİH başçısı Rüstəm Xəlilov nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. Vurğulayıb ki, bu təqdimat təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha dünyaya çatdırılmasıdır.
RİH başçısı bildirib ki, Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi.
Rüstəm Xəlilov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Qərbi Azərbaycana qayıdış siyasi platformasının uğurlu siyasi varisi İlham Əliyev tərəfindən sistematik olaraq inkişaf etdirilməklə ən yüksək səviyyəyə qaldırılmasını diqqətə çatdırıb.
Təqdimatda digər çıxış edənlər Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi mədəni vandalizmdən, tarixi irsə qarşı yönəlmiş planlı siyasətdən və tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən də söz açmışlar.