Ötən gün - iyulun 22-də qeyri-adi rekord qeydə alınıb. Belə ki, 22 iyul dəqiq zaman ölçmələrinin başlanmasından bəri indiyədək qeydə alınmış ən qısa gün olub. Fərq 0,001 saniyə təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
İnsanların düşündüklərindən fərqli olaraq, Yer planeti həmişə eyni sürətlə fırlanmır. Yer Kürəsinin öz oxu ətrafında fırlanma sürəti kiçik, lakin təbii dalğalanmalara məruz qalır. Bu dəyişikliklər bir neçə səbəbdən - Yer kütləsinin yerdəyişməsi, nüvədəki hərəkət, təbiət hadisələri, Ayın cazibə qüvvəsi nəticəsində baş verir. Belə ki, buzlaqları əriməsi, Yerin nüvəsindəki daimi axınlar, zəlzələlər, vulkanlar, Ayın cazibə qüvvəsi Yer Kürəsinin kütlə balansına və fırlanma sürətinə cüzi də olsa təsir göstərir.
Bir-iki millisaniyəlik fərqlər gündəlik həyatda ciddi təsir yaratmasa da, GPS naviqasiyası, beynəlxalq telekommunikasiya, maliyyə əməliyyatları və kosmik missiyalar üçün həyati əhəmiyyət daşıyır. Bu cür kiçik fərqlər belə mövqeyin səhv müəyyən olunmasına və ya məlumat ötürməsində səhvlərə səbəb ola bilər. Buna görə də bu fərqlərin zamanla yığılmasının qarşısını almaq üçün vaxtaşırı “leap seconds” (şərti saniyələr) tətbiq edilir. Bəzən bu saniyə əlavə edilir və ya çıxarılır. Bu düzəliş sayəsində Koordinasiyalı Ümumdünya Vaxtı (UTC) Yer Kürəsinin faktiki fırlanmasına uyğunlaşdırılır.
Qeyd edək ki, alimlər 2022-ci ildə də indiyədək qeydə alınmış ən qısa günü ölçüblər. Həmin gün adi gündən təxminən 1,59 millisaniyə daha qısa olub. Lakin ötən gün qeydə alınan göstəricilərin bu rekordu bir qədər də keçdiyi iddia edilir. (AzerTac)