Modern.az

Köhnə ssenarilərə YOX, yeni gerçəkliyə HƏ!

Köhnə ssenarilərə YOX, yeni gerçəkliyə HƏ!

Aktual

13 Avqust 2025, 22:28

Tarix boyu erməni–azərbaycanlı münasibətləri bir çox digər olaylarla yanaşı bəlgələrin imzalanması və onların birtərəfli pozulması üzərində qurulub. 1918-ci ildə elan olunmuş Ermənistan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında, eləcə də Sovet dönəmində Ermənistan SSR ilə Azərbaycan SSR arasında anlaşmalar, razılaşmalar, əksər hallarda kağız üzərində qalıb. Tarixi təcrübə göstərir ki, hər dəfə imzalanan bəlgələri birtərəfli şəkildə pozan, öhdəlikləri yerinə yetirməyən tərəf Ermənistan olub.

Ermənilər, daha ilk dövlətçiliklərinin başlanğıcında, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan əl çəkməyi öhdəsinə götürmüşdü; guya İrəvanın ilk erməni dövlətinə paytaxt olaraq güzəşt edilməsi qarşılığında, bir daha bizə ərazi iddiasında bulunmayacaqdılar; ancaq bu öhdəliyi yerinə yetirmədikləri hər kəsə bəllidir. 
Sovet dönəmində isə ittifaqa 9 min kvadratkilometrlik ərazi ilə daxil olub, 29 min kvadratkilometrlik ərazi ilə ayrıldılar. Aradakı 20 min kvadratkilometrlik ərazi Göyüzündənmi düşdü, Yerin təkindənmi çıxdı? — Əlbəttə, bizim ərazilərdi ki, “erməniləşdirildi”; üstəlik, bunlar azmış kimi, 1923-cü ildə Qarabağın yuxarısında əslsiz DQMV yaradıldı… Bu, Azərbaycanla bütün razılaşmaları açıq şəkildə pozmaq demək idi; bu, mərkəzdə — Kremldə kök atmış Mikoyan və başqalarının timsalında anti-Azərbaycan, anti-Türk, anti-İslam eyləmləriydi.

Eyni zamanda, Ermənistan ərazisindəki azərbaycanlı əhali mərhələli şəkildə təzyiqlərə, zorakılığa məruz qaldı, nəticədə isə kütləvi deportasiya və məcburi köçkünlük taleyi yaşadı. Ermənistan monoetnik dövlətdir – yüzillər boyu orada yaşamış azərbaycanlılardan bir nəfər belə qalmayıb.

1991-ci ildə isə Almatı Bəyannaməsinə imza atan Ermənistan, o bəlgənin də mürəkkəbi qurumamış Azərbaycana qarşı işğal siyasətini davam etdirdi. 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizi işğal altında saxlanıldı, şəhərlərimiz, kəndlərimiz viran qoyuldu, mədəni irsimiz talandı, yüzminlərlə soydaşımız məcburi köçkünlüyə vadar edilərək, ən adi insan hüquqlarından məhrum edildi.

2020-ci ildə Rusiyanın iştirakı ilə imzalanmış Üçtərəfli Bəyanatı xatırlayaq. O Bəyanatdan dərhal sonra, Paşinyan hökuməti də, sələfləri kimi davrandı: Azərbaycana qarşı təxribatçı qruplar göndərdi, ərazilərimizdə yenidən minalar döşətdi, Qarabağa silah-sursat daşıtdı. Ayrıca, Kəlbəcər və Laçın istiqamətlərində atəşkəs dəfələrlə pozuldu və ağır itkilərimiz oldu. Əlbəttə, Dəmir Yumruq təxribatları, qanunsuzluqları cavabsız buraxmadı və layiqli intiqam alındı.
Uzun sözün qısası, hamını sələflərindən fərqli olduğuna inandırmağa çalışdıqları Paşinyan hökuməti də, öz imzasına sadiq qalmadı: 10 noyabr bəlgəsiylə üzərinə götürdüyü öhdəlikləri yar-yarımçıq yerinə yetirdi və Vaşinqtona qədər də yerinə yetirmədikləri qalmaqdaydı. - Söhbət, ilk növbədə, Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidlə bağlı öhdəlikdən gedirdi.

Nəhayət, Azərbaycan 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı ilə problemi köklü şəkildə həll etməyə məcbur oldu. Bax, Vaşinqton masası da, əslində, həmin əməliyyatın böyük diplomatik nəticəsiydi.

Bütün bu tarixi faktlar fonunda sual yaranır: Vaşinqtonda 2025-ci ildə imzalanan bəlgələr nə dərəcədə güvənli sayıla bilər? Burada önəmli fərqlərə odaqlanmaqda fayda var: 1918-ci ildən bu yana imzalanmış bəlgələrin əksəriyyəti Rusiyanın bölgədə hökmran olduğu, yaxud başqa bədəməl qüvvələrin təsiri olduğu dönəmlərdə ortaya çıxıb. Bu dəfə isə razılaşma, Kremlin patronajı və tanıqlığı olmadan baş verir. İkincisi, çağdaş Azərbaycan Respublikası Xalq Cümhuriyyətindən, Azərbaycan SSR-dən qat-qat güclüdür, əlbəttə! Əlbəttə, müstəqilliyin ilk illərindəki Azərbaycan deyilik. Müzəffər Ali Baş Komandanın - ölkə başçısı İlham Əliyevin siyasi iradəsi, prinsipiallığı, əvəzsiz təcrübəsi öncəki cümlələrdə ifadə olunan gücümüzü tamamlayan faktorlardır. Bu faktorun yanında dövlət-xalq birliyinin sarsılmazlığı, xalqımızın dövlətcanlılığı da əvəzsiz nemət kimi yüksək vurğunu haqq edir.

Bir sözlə,
Azərbaycan hər zaman imzasına və öhdəliyinə sadiq qalıb. Tarixi təcrübə göstərir ki, imzalı bəlgələr pozulardısa, bu, birmənalı şəkildə qarşı tərəfdən olardı. Yalnız, indi durum fərqlidir: 
-Rusiyanın təsir imkanları öləziyib, 
-bölgədəki digər mənfi təsir kanalları zəifləyib, -Azərbaycan isə heç vaxt olmadığı qədər güclü, müstəqil, milli dövlətli və şanlı orduludur!

Vaşinqton razılaşmasını öncəkilərdən fərqləndirən əsas məqam məhz budur. Və əgər qarşı tərəf adıyaman “tarixi ssenari”ni təkrar etməyə çalışardısa, bu dəfə cavab da, nəticə də çox daha fərqli olacardı. Yəqin, Paşinyan hökuməti bunun dərindən fərqindədir; dünya erməniliyi də dərindən bilməli ki, Azərbaycan dövlətiylə əslsiz hüsumət içində olmaq yaxud belə hüsuməti əlverişli tarixi məqama saxlamaq qətiyyən gərək deyil, deyil, deyil!

Azərbaycan dövlətiylə zarafat etmək olmaz, imzalanmış bəlgələr üzərindən zarafat heç olmaz! Azərbaycanla dost olmaq isə hər kəs üçün yüksək dəyər və tarixi şansdır.

Yazımın sonunda Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsindən bir sitat gətirmək istərdim: 
“…Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Hər şey yaxşı olacaq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu