Modern.az

Ermənistan Zəngəzur dəhlizinə görə İrana zəmanət verib - Rəsmilər AÇIQLADI

Ermənistan Zəngəzur dəhlizinə görə İrana zəmanət verib - Rəsmilər AÇIQLADI

Aktual

15 Avqust 2025, 11:00

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Zəngəzur dəhlizi – ABŞ-la əldə olunan “Tramp layihəsi” barədə İran tərəfinə izahat vermək üçün Tehranda səfərdə olub.

Modern.az-ın məlumatına görə, Kostanyan səfərinin ardından İRNA-ya müsahibə verib.

O, İrəvanın ABŞ-ın Cənubi Qafqaz regionuna – Zəngəzur dəhlizinə gəlişinə dair mövqeyindən danışıb. Nazir müavini bildirib ki, İrəvan ABŞ-ın region ölkələri ilə münasibətdə mənfi rol oynamayacağına zəmanət verib.

“O ki qaldı Tehranın bu razılaşma və ABŞ-ın rolu ilə bağlı narahatlıqlarına, qeyd etməliyəm ki, bu İran tərəfi ilə apardığımız müzakirələrin əsas mövzularından biri idi. Mən Tehrana İranın narahatlıqlarının Ermənistan tərəfindən nəzərə alındığı mesajı ilə gəlmişəm və bu həssas məqamlar “Tramp” layihəsi kimi tanınan nəqliyyat əlaqəsi layihəsinə dair ilkin danışıqlarda nəzərə alınıb. Bu layihənin bəzi detalları artıq müəyyən olunub və razılaşdırılıb, mən onları İran tərəfi ilə bölüşdüm və ictimaiyyətə açıqlamağa hazıram. Ermənistanda bir şirkətin qeydiyyata alınması planlaşdırılır, onun səhmləri Ermənistan və ABŞ arasında bölünəcək. Lakin bu, ABŞ-ın regionda təhlükəsizlik sahəsində iştirak edəcəyi anlamına gəlmir. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biri idi və düşünürəm ki, bu narahatlıq aradan qaldırılıb”.

İranın xarici işlər naziri Abbas Arakçi Ermənistanla-ABŞ arasında razılaşdırılmış Cənubi Qafqaz kommunikativ marşrutunun nəzərdə tutulduğundan tamamilə fərqli olduğunu deyib və əlavə edib ki, ermənilər İranın bütün “qırmızı xətlər”inə hörmət etdiklərini bildiriblər.

Nazi bu barədə İranın milli televiziyası İRİB 1-də çıxış edib.

Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasına toxunan Arakçı deyib: “Zəngəzur məsələsinin ölçüləri hələ tam aydın deyil, amma məsələnin zahiri nəyi göstərir və ermənilər bizə haqq qazandırmaqda israrlı olduqları üçün bizə nə deyirlər, baş verənlər gözləniləndən və regionun geosiyasi vəziyyətinin dəyişməsindən tamamilə fərqlidir”.

“Əlbəttə, baş verməli olan bu hadisənin də bizim üçün diqqət yetirdiyimiz narahatçılıqları var” deyən nazir bildidib ki, “Tramp layihəsi” Ermənistanda qeydiyyatdan keçən və Ermənistan qanunlarına əsasən fəaliyyət göstərəcək bir Amerika şirkətinin Ermənistan suverenliyi altında quracağı yola çevriləcək.

“Ermənistan indi bizə deyir ki, onlar İranın bütün “qırmızı xətləri”nə əməl ediblər”, - Arakçi əlavə edib.

“İran-Ermənistan sərhədində heç bir Amerika qüvvələri yerləşdirilməyəcək”,- nazir vurğulayıb.

Arakçi daha sonra əlavə edib: "Biz real narahatlığımızı nəzərə almalıyıq, lakin məsələyə real baxıb, nə baş verdiyini görməliyik".

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu