Avqustun 15-i Azərbaycan manatının tədavülə buraxıldığı gündür.
Belə ki, manatın tədavülə buraxıldığı tarixdən 33 il ötür.
Modern.az bu əlamətdar günlə əlaqədar Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynlə həmsöhbət olub.
O bildirib ki, Sovet dövründə və ondan əvvəlki dövrlərdə pul vahidinin işlənməsi üçün istifadə olunan termin hələ orta əsrlərdən qalıb. P.Hüseynin sözlərinə görə, tarix dərslərində və müxtəlif mənbələrdə bu termin eyni şəkildə işlənib.
Eks-Baş nazir vurğulayıb ki, manatın ilk dövriyyəyə buraxıldığı vaxtlarda bu adın seçilməsi ilə bağlı fikir ayrılığı olmayıb:
“Manat adı özü-özlüyündə Azərbaycan dilində pul vahidinin adlandırılması kimi qəbul edilir. Bu adda, yalnız müasir dövrdə deyil, əvvəllər də dövriyyəyə buraxılan pul vahidi mövcud olub. Azərbaycan müstəqillik qazanandan sonra pul vahidini hazırlayanda da ad məsələsi müzakirə mövzusu olmayıb. Manatın qəbul edilməsi özü-özlüyündə ümumi məsələ olub.
O dövrdə Mərkəzi Bank tərəfindən bu barədə mütəmadi olaraq məlumat verilirdi. Manat dövriyyəyə buraxıldıqdan sonra, xüsusilə 1992-1993-cü illərdə keçmiş postsovet məkanında ən stabil valyutalardan biri sayılırdı. Dollara nisbətən məzənnəsi təxminən 1 dollar = 10 manat civarında idi. 1994-1995-ci illərdə isə keçmiş SSRİ məkanında devalvasiya prosesi başladı”.
Pənah Hüseyn eyni zamanda əlavə edib ki, 1994-1995-ci illərdə Azərbaycanda illik inflyasiya 2000 faiz səviyyəsində olub:
“Gürcüstanda isə bu göstərici 9000 faiz, Ermənistanda 8000 faiz idi. O dövrdə manat əlbəttə ki, ABŞ dolları və İngilis funtu-sterlinq kimi stabil valyutalara konvertasiya olunmağa başladı. 1993-cü ilin birinci yarısından etibarən dünyanın qabaqcıl valyutalarına nisbətdə manatın dəyəri inflyasiya səbəbindən azalmağa başladı”.
Pənah Hüseyn qeyd edib ki, manatın ilk dizaynı 1992-ci ilin birinci yarısında hazırlanıb:
“Əbülfəz Elçibəy prezident seçilənə qədər pulun dizayn məsələsi artıq həll olunmuşdu. Dizaynın tərkibinə xüsusilə Məhəmməd Əmin Rəsulzadənin şəklinin daxil edilməsi ilə bağlı müəyyən müzakirələr var idi. Lakin o vaxt artıq müəyyən miqdarda pul çap olunmuşdu və ölkənin ehtiyatlarından istifadə edildiyi üçün dizayn dəyişdirilmədi. Mən isə həmin manatın dizaynı ilə bağlı müzakirələrində iştirak etməmişəm”,- deyə o bildirib.