Modern.az

Sabir Rüstəmxanlı Nəsimi ilə Füzulinin məzarının Azərbaycana gətirilməsini İSTƏMİR

Sabir Rüstəmxanlı Nəsimi ilə Füzulinin məzarının Azərbaycana gətirilməsini İSTƏMİR

Aktual

26 Avqust 2025, 15:04

Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Əsəd hakimiyyəti dövründə məzar baxımsız vəziyyətdə qalmaqla yanaşı, vətəndaş müharibəsi illərində onun bəzi hissələri zərər görüb. Nəsimi kimi, klassik Azərbaycan ədəbiyyatının başqa bir nəhəngi - Füzulinin də məzarı xaricdə, hazırda İraq ərazisində yerləşir. Bu iki böyük şəxsiyyətin nəşinin Azərbaycana gətirilməsi məsələsi uzun illərdir müzakirə mövzusudur. Bəziləri onların məzarlarının vətənə köçürülməsinin milli dəyər və mənəvi borc olduğunu düşünür, digərləri isə bu addımın tarixi, mədəni və dini baxımdan mübahisəli olduğunu iddia edirlər.

Xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bu cür fikirlərin əslində, kökündən mənasız göründüyünü bildirib.

“Çünki bizim vətənimiz yalnız bugünkü siyasi sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası deyil.

Azərbaycan coğrafiyası tarixi baxımdan çox genişdir. Kərkük də bu torpaqların ayrılmaz bir hissəsidir. Füzuli də məhz o torpaqlarda - türklərin, kərküklü türkmənlərin arasında yaşayıb və yaradıcılığını orada gerçəkləşdirib. Yazdığı dil Azərbaycan türkcəsi olsa da, ruhu bu torpaqlarla yoğrulub. Kərkük onun doğma yurdu, vətəni olub. Bizim üçün də Kərkük yad deyil - əsrlərlə Osmanlı İmperiyasının, Səfəvi və digər sülalə dövlətlərinin tərkibində Azərbaycana yaxın bölgə olub.

Füzulinin məzarını ordan Azərbaycana köçürmək fikri doğrusunu desək, kökündən səhvdir. Bizdə bir deyim var: "Gorbagor etmək". Bu, mənəvi baxımdan da, mədəni baxımdan da qəbulolunmazdır. Füzulinin Bakıda gözəl heykəli ucaldılıb. Bu heykəl onun xatirəsinin Azərbaycan xalqı tərəfindən necə uca tutulduğunun canlı simvoludur”.

Bununla yanaşı, S.Rüstəmvanlı onu da vurğulayıb ki, doğrudur, Füzulinin Kərbəlada - İmam Hüseyn məqbərəsinin yaxınlığında yerləşən məzarı təəssüf ki, dağılıb. Lakin indi də həmin ziyarətgahın pilləkənlərinin başında dəfn olunub və ziyarətə gələnlər onu da yad edir:

“Onun ziyarətgahdan ayrılmaması özlüyündə böyük mənəvi əhəmiyyət daşıyır. Füzuli özü sağ olsaydı, çox güman, bu məzardan ayrılıb başqa yerə köçürülməsinə razı olmazdı”.

“Nəsimiyə gəldikdə isə o, bütün Şərq dünyasını dolaşaraq öz düşüncələrini, hürufilik və Nəimi ideyalarını yayırdı”,- deyə Sabir Rüstəmxanlı əlavə edib.

“Onun həyatının sonuncu dayanacağı bu gün də türk varlığının güclü olduğu, Suriya türkmənlərinin yaşadığı qədim şəhər Hələb oldu. Nəsiminin məzarı Hələb qalasının ətəyində yerləşir. Azərbaycan dövləti Suriya ilə birgə əməkdaşlıq quraraq bu məzarı abadlaşdıra, onu daha layiqli şəkildə qoruyub saxlaya bilər”.

Xalq şairi bildirib ki, Nəsimi soyunun davamçıları da bu gün Hələbdə yaşayırlar:

“Bir neçə il öncə onlardan biri Azərbaycana da gəlmişdi. Əgər biz istəsək, orada Nəsiminin adına ziyarətgah ucalda, məzarının üstünə "Böyük Azərbaycan şairi Nəsimi burada dəfn olunub" sözlərini yazdıra bilərik. Bu, Azərbaycan mədəniyyətinin və fikrinin nə qədər geniş bir coğrafiyada yayılıb təsir gücünə sahib olduğunu göstərən simvolik bir addım olar.

Unutmayaq ki, Hələb Türkiyənin iki addımlığında yerləşir və bölgədə türklərin təsiri tarix boyu güclü olub. Bu baxımdan, Nəsimi və Füzulinin məzarları ilə bağlı məsələ, onların mənəvi irsinə diqqət yersiz emosiyalarla deyil, hörmət çərçivəsində dəyərləndirilməlidir.

Mən düşünürəm ki, bu cür müzakirələr artıq sonlandırılmalıdır. Əsas məsələ onların fiziki harada dəfn olunduqları yox, əsərlərinin, ideyalarının və ruhlarının necə yaşadıldığıdır”- deyə S.Rüstəmxanlı fikrini yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım