Modern.az

Yas məclisinə sadəcə yemək üçün gələnlər KİMLƏRDİR...

Yas məclisinə sadəcə yemək üçün gələnlər KİMLƏRDİR...

Aktual

2 Sentyabr 2025, 17:12

Yas mərasimlərində ehsan verilməsinin qadağan olunması artıq bir neçə rayonda tətbiq edilməyə başlanıb. Bu addım həm israfçılığın qarşısını almaq, həm də ailələrin əlavə maddi yükdən azad olunması baxımından müsbət qarşılanır.

Digər tərəfdən isə, müşahidələr onu göstərir ki, məhdudiyyət müəyyən hallarda yas mərasimlərinə qatılanların sayında azalmaya səbəb olub. Maraqlıdır, bu dəyişiklik nədən qaynaqlanır?

Modern.az-a danışan zaman Milli Məclisin deputatı Ceyhun Məmmədov bu məlumatı xəbər saytlarımızın birində oxuyanda çox üzüldüyünü bildirib.

“Bir anlıq düşündüm ki, bizim millət belə deyil. Nə üçün bu gün biz belə bir halla üzləşirik? Ümumilikdə, hər birimizin yaşadığı bu proseslərə baxanda, heç şübhəsiz ki, ümumi mənafe baxımından  sözügedən qərar - yəni yas mərasimlərində israfçılığın qarşısının alınması düzgün və önəmli bir addımdır.

Mən hesab edirəm ki, bu informasiyanın özü də araşdırılmalıdır. Ola bilsin ki, bu bir təxribatdır. Əgər bu xəbərləri yas evləri və mərasim zalları yayırsa, bu, onların biznes maraqlarından irəli gələn narahatlıqlar ola bilər. Sanki bu sahədə fəaliyyət göstərənlər öz bizneslərinin sıradan çıxmasından ehtiyat edirlər. Eyni zamanda, bu, bir PR kampaniyasının tərkib hissəsi də ola bilər. Yəni kimsə bu prosesin qarşısını almaq üçün məqsədli şəkildə belə bir təbliğata başlayıb. Çünki burada hər il milyonlarla manat dövriyyədən söhbət gedir və bu prosesdən bəhrələnən kifayət qədər insan var”.

Millət vəkili həmçinin vurğulayıb ki, əsas məsələyə gəldikdə, bu, ciddi israfçılıq problemidir:

“Yas mərasimlərində hökm sürən israfçılıq cəmiyyət üçün narahatedici bir məsələdir və bu kimi proseslərə son qoyulması, məncə, çox təqdirəlayiq təşəbbüsdür. Nəhayət, insanlarımız bu ənənəyə son qoymalıdır. Belə israfçılığa cəmiyyətdə nə yer var, nə də olmalıdır. Hesab edirəm ki, bu baxımdan məsələyə daha geniş kontekstdə yanaşmaq lazımdır.

Eyni zamanda, insanlar israfdan uzaq olmalıdırlar. Lakin bizim tarixi və mədəni ənənələrimizə uyğun olaraq, yas mərasimlərində başsağlığı vermək, yaxınlara dəstək olmaq ənənəsi qorunmalıdır. Hazırda aparılan bəzi təbliğatlar sanki belə bir fikir formalaşdırır ki, insanlar yas mərasimlərinə yalnız yeməyə görə gəlirlər. Mən bu fikirlə razı deyiləm. Düşünmürəm ki, xalqımız yas mərasimlərinə təkcə yemək üçün gedir”.

Deputat onu da əlavə edib ki, bu cür təbliğatın heç bir əsası yoxdur:

“İnsanlara da müraciət edirik ki, yas mərasimlərinə qatılmaqdan çəkinməsinlər. İştirak edin, amma heç kimə yemək verilməməsi səbəbindən gəlməmək kimi bir mesaj ötürülməsin. Əgər kimsə yas mərasiminə sadəcə yemək üçün gəlirsə, gəlib-gəlməməsi də bir o qədər əhəmiyyət daşımır. Səmimi şəkildə iştirak edən insanlar gələcək, səmimi olmayanlar isə gəlməyəcək - bu, onların öz seçimidir və narahatlıq keçirməyə dəyməz”,- deyə C.Məmmədov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular