Xarici İşlər Nazirliyi bu gün ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarın qəbul olunduğu ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov bildirib ki, bu gün bölgədə ədalət və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası növbəti uğura imza atıb. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salıb. Nəticədə, keçmiş Ermənistan–Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb.
Bu qərarı səmimi qəlbdən alqışlayır və bunun bir çox səbəbdən əlamətdar olduğunu vurğulamaq istərdik. İlk öncə qeyd edilməlidir ki, keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilmiş olması bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiq edilir".
Deputat vurğulayıb ki, Minsk prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir:
"Bu qərar Azərbaycan və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır və Avropada təhlükəsizlik və əməkdaşlığa töhfə verir".