"Azərbaycan Prezidentinin 2025-ci il sentyabrın 1-də Tiencində keçirilən “ŞƏT plyus” formatlı görüşdəki çıxışında səsləndirdiyi fikirlər ölkəmizin xarici siyasət strategiyasının mahiyyətini və beynəlxalq münasibətlərdə artan rolunu bir daha nümayiş etdirir."
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputatın sözlərinə görə son illərdə Azərbaycanla Çin arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təsadüfi deyil:
"2023-cü ildə başlanmış strateji tərəfdaşlıq 2024-cü ildə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu addım iki ölkə arasında siyasi etimadın güclənməsini təmin etməklə yanaşı, əməkdaşlığın iqtisadi, enerji, texnologiya, mədəniyyət və təhsil sahələrinə genişlənməsinə şərait yaradıb. Azərbaycanın Çin tərəfindən irəli sürülən qlobal təşəbbüsləri – Qlobal İnkişaf, Təhlükəsizlik, Sivilizasiya və İdarəetmə təşəbbüslərini dəstəkləməsi Bakının Pekinlə münasibətlərə verdiyi strateji əhəmiyyətin ifadəsidir.
İlham Əliyevin nitqində xüsusi yer alan “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan üçün sadəcə tranzit imkanlarının genişlənməsi deyil, həm də geosiyasi nüfuzun möhkəmlənməsi deməkdir. Ələt Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, Orta Dəhliz üzrə yükdaşımaların son üç ildə 90 faiz artması və tranzit müddətlərinin qısaldılması Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunu möhkəmləndirir. Prezidentin vurğuladığı kimi, Zəngəzur dəhlizi bu prosesdə yeni bir strateji həlqə olacaq. Bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevrilərək regionda sülh və əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq.
Azərbaycanın ŞƏT çərçivəsində fəaliyyəti də getdikcə praktik xarakter alır. Dialoq tərəfdaşı statusu ölkəmizi sadəcə müşahidəçi mövqeyindən çıxararaq regional əməkdaşlığın real iştirakçısına çevirib. Bakı bu platformada həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik məsələlərində konkret layihələrlə çıxış edir.
Millət vəkili bildirib ki, Azərbaycanın sabitliyi, müstəqil siyasəti və dayanıqlı inkişaf modeli ŞƏT məkanında etibarlı tərəfdaş obrazını gücləndirir:
"Azərbaycan beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyi və bərabərliyi prinsiplərini müdafiə edir. Bu mövqe Azərbaycanın həm öz müstəqilliyini qorumaq, həm də beynəlxalq sistemdə balansı təmin etmək strategiyasının göstəricisidir. Bakı qlobal təşəbbüsləri dəstəkləməklə həm öz mövqeyini möhkəmləndirir, həm də beynəlxalq nizamın sabitliyinə töhfə verir.
Azərbaycan bu gün Çinlə strateji tərəfdaşlıq quran, Avrasiyanın nəqliyyat qovşağına çevrilən, qlobal təşəbbüslərin fəal dəstəkçisi və regional sabitliyin təminatçısı kimi çıxış edir. Bu, ölkəmizin müstəqil və çoxşaxəli siyasətinin nəticəsi olmaqla yanaşı, yeni əməkdaşlıq arxitekturasının formalaşmasına da mühüm töhfədir."