Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəaliyyətə başlamasının 33 ili tamam olur. 1992-ci ilin çətin günlərində yaranan bu təşkilat, zamanla Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayan nüfuzlu bir quruma çevrilib. Tarixin ən mürəkkəb dövrlərində belə geri çəkilməyən BAMF, informasiya cəbhəsində ön sıralarda yer alaraq həm media, həm də vətəndaş cəmiyyəti sahəsində dəyərli və unudulmaz izlər qoyub.
Modern.az təşkilatın yaradılmasının 33-cü ildönümü münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsisçisi və səlahiyyətli sədri Umud Mirzəyevlə həmsöhbət olub.
Müsahibimiz bildirib ki, 33 illik fəaliyyətə malik Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda yaranmış ilk Qeyri-Hökumət Təşkilatlarından biridir.
“Fondun əsas missiyası münaqişə zonalarına, xüsusilə də Qarabağ bölgəsinə jurnalistlərin, diplomatların, yazarların səfərlərini təşkil etmək, bölgədə baş verən hadisələr haqqında obyektiv və etibarlı informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin etməkdir. Bu zərurətdən doğaraq, BAMF-ın əsas hədəfi separatizm çağırışlarına qarşı Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ölkəmizə qarşı təcavüz faktlarını beynəlxalq aləmdə ifşa etmək olmuşdur".
Umud Mirzəyev xatırladıb ki, BAMF 1992-ci ilin iyun ayında təsis olunub, sentyabrın 4-də isə rəsmi dövlət qeydiyyatından keçib.
“Bu gün BAMF BMT yanında ECOSOC-un “ümumi məşvərətçi statusu”na sahib olan, peşəkar komandaya malik, regionun nüfuzlu və seçilən vətəndaş cəmiyyəti institutlarından birinə çevrilib.
Birinci Qarabağ müharibəsi dövründə təşkilat tərəfindən 100-dən artıq yerli və xarici jurnalistin bölgəyə səfərləri təşkil olundu. Bu səfərlər çərçivəsində beynəlxalq medianın, o cümlədən Pribaltika, Avropa ölkələri və postsovet məkanından olan jurnalistlərin iştirakı ilə bölgədə baş verən təcavüzlə bağlı informasiyanın yayılmasına nail olmuşuq.
İkinci Qarabağ müharibəsi zamanı isə - 27 sentyabr – 27 noyabr tarixləri arasında təşkilatımızın əsas heyəti ilə birgə ön cəbhədə xarici jurnalistləri müşayiət edərək, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal fəaliyyət göstərmişik”.
Həmsöhbətimiz həmçinin vurğulayıb ki, BAMF-ın fəaliyyəti çoxşaxəlidir.
“Təşkilat media sahəsində peşəkar komanda ilə yanaşı, minatəmizləmə və mina təhlükəsizliyi sahəsində də fəaliyyət göstərən ixtisaslaşmış əməkdaşlara malikdir. Həmçinin inkişaf və maarifləndirmə layihələri icra olunur, bu sahələrdə beynəlxalq standartlara uyğun iş prinsipləri tətbiq edilir. Nəticə etibarilə, BAMF bu gün regionda nüfuzlu bir quruma çevrilib”.
“Biz Qarabağ münaqişəsinin başa çatması, ölkəmizin bütövlüyünün bərpa olunması ilə bağlı proseslərə nə qədər kiçik olsa da, öz töhfəmizi vermişik və bununla qürur duyuruq”,- deyə U.Mirzəyev əlavə edib.
“Gələcək fəaliyyət istiqamətlərimizdə də daha çox işləməyə ehtiyac duyduğumuzu düşünürük. Bu gün ətrafımızda müxtəlif dilləri bilən, potensiallı və vətənpərvər gənclərdən ibarət böyük bir komanda var. Biz onların beynəlxalq ictimaiyyətə inteqrasiyası, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün fəaliyyətlərini dəstəkləyirik və beynəlxalq platformalardakı əlaqələrimizdən maksimum istifadə etməyə çalışırıq”.
U.Mirzəyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı beynəlxalq səviyyədə müxtəlif təzyiqlər davam edir:
“Azərbaycanın güclənməsini, ərazi bütövlüyünü istəməyən qüvvələr və ölkələr bu prosesə müxtəlif istiqamətlərdən təzyiqlər göstərirlər. Biz isə təşkilat olaraq çalışırıq ki, komandamız dünya miqyasında nüfuzlu beyin mərkəzləri ilə əməkdaşlığı gücləndirsin və bu mərkəzlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, doğru və dürüst məlumatların paylaşılmasını təmin etsin”.
Müsahibimiz onu da əlavə edib ki, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək niyyətindədirlər.
“BAMF-ın Nyu-York, Vyana və Cenevrədə fəaliyyət göstərən BMT strukturları çərçivəsində istifadə hüququ vardır. Biz bu imkanlardan maksimum şəkildə yararlanaraq, beynəlxalq səviyyədə tədbirlərin təşkilinə, Azərbaycanın haqq səsinin ön planda olmasına çalışırıq.
Vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə böyük potensialımızın olduğunu hesab edirik və bu potensialdan istifadə etməklə, ölkəmizə zəruri faydaların gətirilməsi üçün var gücümüzlə çalışmaqda davam edəcəyik”,- deyə U.Mirzəyev fikirlərini yekunlaşdırıb.