Modern.az

Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi 

Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi 

Allah rəhmət eləsi̇n

19 İyun 2025, 08:25

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat xidmətinin keçmiş rəisi polkovnik-leytenant, şair-publisist Ramiz Məlikov (Duyğun) uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Modern.az-a mərhumun yaxınları bildiriblər.

Ramiz Məlikov bu gün - 19 iyun 2025- ci ildə 87 yaşında dünyasını dəyişib.

Ramiz Məmməd oğlu Məlikov 1938-ci il fevralın 10-da keçmiş Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühür kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (1956-1962) təhsil alıb. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorus hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olub.

Ramiz Duyğun təxəllüsü ilə həm də şeirlər yazan polkovnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə düz 12 ildən artıq müddətdə rəhbərlik edib. Uzun illər eks-müdafiə naziri Səfər Əbiyevlə çalışan R.Məlikov 2007-ci ilin aprelində elə onun tərəfindən vəzifəsindən çıxarılıb. Amma mətbuat katibi postunu itirən Ramiz Məlikov sonradan müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyinin İnformasiya İdarəsindəki şöbələrdən birinə işə götürülüb. Daha sonra təqaüdə çıxıb.

R.Məlikov "Vətən-beşiyim mənim" (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. "Əbədiyyətdən gələn məktub" mənzum pyesi mavi ekranda nümayiş etdirilib (1977). "Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli film çəkilib (1985). Azərbaycan Ensiklopediyasında "Xatirə" kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləyib (1989-1991).
Ramiz Duyğun bir çox kitabların müəllifidir. "Vətən kimi şirin", "Göy üzü damar-damar", "Haray dünya!", "Silkələn torpağım, püskür torpağım", "Şuşa məni çağırır", "Təki Vətən yaşasın", "Məni döyüşə burax" kitablarını buna misal göstərmək olar.

R.Məlikov vaxtilə həm də Azərbaycan televiziyasında uzun illər apardığı "Hünər" hərbi-vətənpərvərlik proqramı ilə də yaddaşlarda qalıb.

Allah rəhmət eləsin. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu