Modern.az

Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası

Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası

Analitika

7 Aprel 2023, 09:48

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı gərgin müzakirələr yəqin ki, seçki nəticələri elan olunandan sonra da səngimək bilməyəcək. Köklü demokratiya ənənəsi olan Türkiyədə seçkilər hər zaman böyük maraq doğurub. 77 illik çoxpartiyalı seçki tarixi olan ölkədə seçicilərin hansı namizədə səs vermək və hansı siyasi qüvvəni dəstəkləmək barədə qərar qəbulu prosesi müxtəlif amillərin və dövrə uyğun həlledici faktorların təsiri ilə müşayiət olunub.

 

Modern.az 1946-cı ildən bəri qardaş ölkədə keçirilmiş müxtəlif seçkilərdə hansı faktorun daha çox təsirli olduğunu araşdırmağa çalışıb. Şərti olaraq seçicilərin psixologiyasına hakim olan bir neçə siyasi faktoru fərqləndirmək mümkündür.

 

1. Sabitlik və təhlükəsizlik faktoru

 

 

Bu faktor Türkiyə vətəndaşlarının seçiminə tarixən ən çox təsir göstərmiş amillərdən biridir. Dünya praktikasında da geniş yayılmış rəy bundan ibarətdir ki, insanlar - seçicilər adətən riskə getməyi sevmir və böyük problemlər, kütləvi narazılığa səbəb olan xüsusi hadisələr olmadıqca, status-kvonu qorumağa meyilli olur. Stabillik və təhlükəsiz mühit insanın həyat fəaliyyətini davam etdirməsi üçün başlıca şərtlərdən biridir və seçicilər öyrəşdiyi, tam adaptasiya olduğu quruluşda yaşamağı daha üstün tuturlar. Bu, Türkiyə cəmiyyəti üçün də xarakterikdir. Məsələn, Türkiyədə 1946-cı il seçkilərində - ilk plüralist seçkilərdə 23 illik CHP iqtidarını yenidən dəstəkləməsi, İsmet İnönünün hakimiyyətini daha 4 il uzatmasını bu faktorla izah etmək olar. Doğrudur, bu seçkilər müasir standartlardan xeyli fərqli şəraitdə baş tutmuşdu və Türkiyənin birinci rəqabətli seçkiləri olduğu üçün xeyli pozuntu və nöqsanlarla müşayiət olunmuşdu. Hər bir halda, seçkilərin qalibi CHP parlamentdə üstünlük əldə etmişdi.

 

1954, 1957, 1969, 1977, 1987, 2007, 2011, 2015(II) və 2018-ci ildəki seçkilərə də təsir edən ən mühüm faktorlardan biri sabitlik və təhlükəsizlik faktoru olmuşdur ki, bütün bu sadalanan seçkilərdə Türkiyə seçiciləri iqtidarda olan partiyalara yenidən etimad göstərmişdir. Zaman-zaman sabitlik və hakimiyyətin siyasətindən məmnunluq, zaman-zaman isə təhlükəsizlik qayğıları mövcud iqtidarın daha bir dönəm hakimiyyətdə qalmasına rəvac vermişdir. Məsələn, 2015-ci ilin iyun ayında keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40.87 faiz səs toplayaraq təkbaşına hökumət qurmaq hüququnu itirmişdi. Koalision hökumət qurmaq üçün siyasi partiyalar arasında danışıqların (uğursuzluqla nəticələnəcəkdi - red.) getdiyi dövrdə ölkədə baş verən silsilə terror aktları, müxtəlif qanlı hadisələrin yaşanması seçicilərin qayğısını artırmış, təhlükəsizlik amilinin ön plana çıxmasına səbəb olmuşdur. Nəticədə hökumət qurula bilmədiyi üçün cəmi bir neçə ay sonra - noyabrda keçirilən təkrar seçkilərdə vətəndaşlar sabitliyi təmin edə biləcək güclü iqtidarı formalaşdırmaq üçün 12 ildir hakimiyyətdə olan AKP-yə yönəldi və partiya topladığı səsləri artıraraq bu dəfə təkbaşına hökumət qura bildi. Keçirilmiş müxtəlif sosioloji rəy sorğuları da insanların seçkilərdəki davranışına məhz təhlükəsizlik qayğısının təsir göstərdiyini təsdiqləyib.

 

2. Yenilənmə və dəyişiklik istəyi faktoru

 

 

Bu faktor da təkcə Türkiyədə yox, bütün dünyada seçicilərin qərar qəbul etməsinə təsir göstərən amillərdən biri kimi özünü göstərir. Belə ki, uzun müddət hakimiyyətdə qalan siyasi qüvvələrin "metal yorğunluğu", əhalinin, xüsusən gənc kəsimin tələb və ehtiyacları ilə uzlaşmaması, çağdaş mühit və zamanla ayaqlaşa bilməməsi, iqtisadi məsələlər və seçiciləri narahat edən hansısa başqa böyük problemin yaşanması, hüquq və azadlıqlar mövzusu insanların iqtidarın dəyişməsi arzusunu qabardır və yenilənmə qaçılmaz olur. Məsələn, Türkiyədə 1950-ci il seçkilərində Adnan Menderes və silahdaşlarının yeni qüvvə kimi topluma təqdim etdiyi Demokrat Partiyasının hakimiyyətə gəlməsi, 1965-ci ildəki seçkilərdə vətəndaşların İnönünün CHP-si əvəzinə gənc Süleyman Dəmirəlin Ədalət Partiyasını iqtidara daşıması, 1983-cü ildə əhalinin ənənəvi siyasətçilərin təmsil olunduğu partiyaları yox, Turqut Özalın yeni yaratdığı Ana Vətən Partiyasını (ANAP) seçməsi, 1991, 1995, 1999-cu illərdəki seçkilərdə müxalifətə şans verməsi, 2002-ci ildə AKP-nin hakimiyyətə gəlməsi ilə nəticələnən seçkilər bunun bariz örnəyidir.

 

3. Din və mühafizəkarlıq faktoru

 

Bu xəbər ilə bağlı
Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...
Xəbəri oxu

 

Din amili müxtəlif ölkələrdə böyük gücə malikdir. Türkiyə toplumu da mühafizəkarlığı ilə seçilən cəmiyyətlərdəndir. Bunun obyektiv və subyektiv səbəbləri var. Osmanlı sultanı I Yavuz Səlimin 1517-ci ildə xəlifə statusu almasından sonra bugünkü Türkiyə əsrlərlə İslamın mühüm mərkəzlərindən biri olub. Nüfuzlu din xadimləri, üləmalar burada yetişib və tarixi ənənəsi olan din məktəbi formalaşıb. Osmanlı İmperatorluğunun dağılmaq mərhələsinə daxil olduğu dövrdə də islam və ittihadçılıq ideologiyası dövləti qoruyub saxlaya biləcək vasitə kimi təsəvvür olunub və geniş intişar tapıb. Mustafa Kamal Atatürkün öndərliyində sekulyar Türkiyə Cümhuriyyətinin qurulmasından sonra da zaman-zaman dinə meyl artıb. Bu gün də Türkiyədə dindar kəsim kəmiyyət etibarilə xüsusi çəkiyə malikdir və aktiv şəkildə dini ritualları yerinə yetirən müsəlmanların sayı kifayət qədər çoxdur. Mühafizəkarlıq anlayışı isə daha genişdir və qardaş ölkədə aparılan sosial tədqiqatlar cəmiyyətin yarısından çoxunun - 50-70 faizlik hissəsinin konservativ və sağ təmayüllü olduğunu göstərir. Buna görə də din və mühafizəkarlıq amili Türkiyədə seçkilərə və bütövlükdə siyasi proseslərə böyük təsirə malikdir və seçki kampaniyaları, təbliğat-təşviqat dövründə də müxtəlif siyasi qüvvələr bu amildən geniş istifadə edir.

 

Məsələn, 1950-ci ildə sağçı-mühafizəkar siyasi qüvvə olan, dini azadlıqlar mövzusunda vədləri ilə seçilən, azanın yenidən ərəbcə səsləndiriləcəyini elan edən Demokrat Partiya sekulyarizmi qırmızı xətt hesab edən və modernləşmə hərəkatına start verən İnönü CHP-sinə qalib gəlmişdi. 1960-cı ildəki hərbi çevrilişlə hakimiyyətini itirmiş və qapadılmış partiyanın mirasının davamçısı olan, oxşar loqoya malik sağçı-mühafizəkar Ədalət Partiyasının 1965-ci ildəki qələbəsində də bu amilin təsiri var idi. 1983-cü ildə dindar kəsimin yönəldiyi Ana Vətən Partiyasının (ANAP) qələbəsində, 1995-ci ildə Nəcməddin Ərbakanın Rifah Partiyasının qələbə çalmasında da din və mühafizəkarlıq faktoru həlledici rol oynamışdı. 1997-ci ildəki "postmodern çevriliş" adlanan hadisədə Quran kurslarının qapadılması, dinə meyl göstərən siyasi qüvvələrin irticaçı və mürtəce qüvvələr elan olunması, deputat seçilmiş hicablı namizəd Merve Kavakçının mandatdan məhrum edilməsi və digər bu kimi addımlar dindar kəsimin konsolidasiyasına səbəb olmuş və 2002-ci ildə keçirilən seçkilərdə dini azadlıqlar mövzusunda vədləri ilə gündəmə gələn özünü mühafizəkar-demokrat siyasi qüvvə kimi təqdim edən AKP-ni dəstəkləməsinə gətirib çıxarmışdır.

 

4. Milliyyətçilik faktoru

 

 

Milliyyətçilik də bütün ölkələrdə geniş yayılan ideologiyalardan biridir. Türkiyə siyasi palitrasında da milliyyətçi partiyaların özünəməxsus yeri var və mühüm əhəmiyyət kəsb edən, bəzən seçkilərin taleyini həll edən səs payı ilə bu siyasi qüvvələr ölkənin idarə edilməsinə təsir göstərir. Son vaxtlarda milliyyətçilər parçalansa və bir neçə siyasi partiya ilə seçkilərdə təmsil olunsa da, onların təsir gücü heç də azalmayıb. Məsələn, 2016-cı ildən sonra keçirilmiş bütün seçkilərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) topladığı 7-10 faizlik səslə AKP-nin yanında olması sayəsində hakim partiya iqtidarını qoruya bilir və parlamentdə iki partiyanın yaratdığı çoxluqla qanunlar qəbul olunur. Müxalifətdəki İYİ Partiya da milliyyətçi təmayüldən olan siyasi qüvvə hesab olunur və onun dəstəyi "Millət İttifaqı"na güc qatır. Bu mötədil milliyyətçi siyasi qüvvələrlə yanaşı, Türkiyə siyasətində daha ultra-sağçı mövqedə dayanan Ümit Özdağın Zəfər Partiyası da var ki, bir neçə partiya ilə birgə "ATA İttifaqı" yaradaraq özünü milliyyətçi namizəd kimi təqdim edən Sinan Oğanın prezident olmasını istəyirlər.

 

Milliyyətçilik Türkiyədə keçirilən müxtəlif seçkilərdə həlledici rola malik olub. Məsələn, 1974-cü ildə Şimali Kiprdə əməliyyat keçirərək adanın türk əhalisini qətliamlardan xilas edən Bülent Ecevitin CHP-si sol qüvvə kimi tanınsa da, məhz bu addımına görə milliyyətçilərin rəğbətini qazanıb 1977-dəki seçkilərdə həmin kəsimin də səsini alaraq iqtidara gəlib. 1999-cu ildə PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbsi də Ecevitin reytinqini artırıb və milliyyətçi kəsimin onu dəstəkləməsini şərtləndirib. Təsadüfi deyil ki, həmin il keçirilən seçkilərdə Ecevitin Demokratik Sol Partiyası (DSP) qalib gəlib və MHP ilə (o cümlədən ANAP-la) koalisiya quraraq hökuməti formalaşdırıb. Yuxarıda haqqında danışdığımız 2015-ci ilin noyabr seçkiləri ərəfəsində də PKK terror təşkilatının aktivləşməsi ilə milliyyətçilər iqtidarı dəstəkləmək ehtiyacı hiss ediblər və bu həlledici dəstək hakim partiyanın səslərinin 10 faizə yaxın artmasına təsirsiz ötüşməyib.

 

5. Sol faktoru

 

 

Solçuluq da dünyanın müxtəlif ölkələrində siyasi spektrin əvəzolunmaz hissəsini təşkil edir. Sol mənşəli ideologiyalar mərkəzə yaxın olan sosial-demokratiyadan uclara - anarxo-kommunizmə qədər geniş əhatə dairəsinə malikdir. Qeyd etdiyimiz kimi, Türkiyə cəmiyyətinin 50-70 faizə yaxın böyük hissəsi sağ-mühafizəkar kəsim hesab olunsa da, 30-35 faizlik sol kəsim də daim öz mövqeyini qorumuşdur. Türkiyədə sol cərəyan böyük ənənələrə malikdir. Hələ Osmanlının son dövrlərində yaranmış siyasi təşkilatlar arasında sol dünyagörüşünə yaxın marksist qüvvələr mövcud olub. Türkiyəni quran Mustafa Kamal Atatürk və silahdaşlarının siyasi konsepsiyasında da sol mənşəli tezislər üstünlük təşkil edir. Təsadüfi deyil ki, onun qurduğu Cümhuriyyət Xalq Partiyası (CHP) sol-mərkəz siyasi qüvvə hesab olunur. İsmet İnönünün sədr, Bülent Ecevitin katib olduğu dönəmdə partiya "ortanın solu" adlanan platformasını elan edərək solyönümlü mövqeyini daha da konkretləşdirmişdir. Bülent Ecevit partiya sədri olduqdan sonra CHP siyasi ədəbiyyatda klassik sosial-demokrat partiya olaraq klassifikasiya edilir.

 

1961-ci ildə keçirilən seçkilərdə İnönünün, 1973 və 1977-ci illərdə Ecevitin CHP-sinin hakimiyyətə gəlməsi, 1960-70-ci illərdə Türkiyə solunun çiçəklənmə dövrünü yaşaması ölkənin siyasi həyatında mühüm hadisələr kimi yer tutur. Həmin dövrdə solçu Türkiyə Fəhlə Partiyası (TİP) parlament partiyasına çevrilmişdi. 1980-ci ildəki hərbi çevrilişdən sonra solun tənəzzülə uğraması və zəifləməsi müşahidə olunsa da, 1990-cu illərdə Türkiyə solu yenidən dirçəlməyə başladı. 1999-cu ildə Bülent Ecevitin DSP-sinin iqtidara gəlməsi həmin seçkilərdə solun həlledici olduğunu nümayiş etdirsə də, sol Türkiyədə uzun müddət ötən əsrin 60-70-ci illərindəki qüdrətinə qovuşa bilmədi. Ənənəvi olaraq cəmiyyətdə solun güclənməsi sosial problemlərin artdığı, siyasi azadlıqların məhdudlaşdırıldığı dövrdə baş verir. Türkiyədə isə tarixən sola meyl daha spesifik xarakter daşıyır və əsasən təhsil səviyyəsi yüksək olan, maddi baxımdan yaxşı təmin olunmuş kəsimlər arasında sol partiyalar populyarlıq təşkil edib. Son illərdə Türkiyə solu yenidən nisbətən güclənməyə başlayıb. 2019-cu ildə keçirilmiş son bələdiyyə seçkilərində yaxın tarixin bir ilki yaşandı və Türkiyə Kommunist Partiyasının (TKP) namizədi Bülent Maçoğlu Tunceli vilayətinin bələdiyyə sədri seçildi. Sosioloji rəy sorğuları qarşıdakı seçkilərə "Əmək və Azadlıq İttifaqı"ndan girəcək Türkiyə Fəhlə Partiyasının (TİP) reytinqinin artdığını və xüsusən gənclər arasında məşhurlaşdığını göstərir.

 

6. Çevriliş faktoru

 

 

Türkiyə siyasi tarixində hərbi çevrilişlər xüsusi yer tutur. 1960, 1971 və 1980-ci illərdə çevrilişlər baş verib. Eləcə də 1997-ci ildə "postmodern çevriliş", 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ultimatumu (muhtıra), 2016-cı ildə isə hərbi çevrilişə cəhd tarixə düşüb. Çevriliş amilinin Türkiyə seçkilərinə təsiri özünü iki yöndən göstərir. Bir tərəfdən, seçicilər yeni çevriliş olmaması qayğısı ilə hərbçilərin hakimiyyətdən kənarlaşdırdığı siyasi qüvvələri dəstəkləməkdən çəkinib. Məsələn, çevrilişlərdən dərhal sonra keçirilmiş 1961, 1973, 1999-cu ildəki seçkilərdə xalq fərqli qüvvələri iqtidara gətirib. Digər tərəfdən isə Türkiyə cəmiyyəti demokratik seçkilərlə nümayiş etdirdiyi siyasi iradəsinə zidd olaraq hakimiyyətin zor gücünə dəyişdirilməsinə etiraz olaraq generalların arzulamadığı siyasi qüvvələri hakimiyyətə daşıyıb. Məsələn, 1983-cü ildə keçirilmiş seçkilərdə 1980-ci il çevrilişini həyata keçirmiş qüvvə başqa partiyanın hakimiyyətə gəlməsini istəsə və hətta xalqa müraciətində çevrilişin memarı Kenan Evren hansı qüvvəni dəstəklədiyini üstüörtülü formada elan etsə də, seçicilər hökuməti qurmağı Turqut Özalın ANAP-ına həvalə etdi.  2002-ci il seçkilərinə 1997-ci il "postmodern çevriliş"inin təsirləri, 2007-ci ildəki "muhtıra" olayının sonrakı seçkilərdə oynadığı rol, eləcə də 2016-cı ildə baş tutmayan çevriliş cəhdinin sonrakı seçki və referendumlara təsiri də bu qəbildəndir.

 

 

Qeyd etmək lazımdır ki, istənilən seçkiyə təsir edə bilən faktorların sayı yüzlərlə ola bilər. Burada əsasən, özünü daha qabarıq büruzə verən faktorlara toxunulub və adlandırmalar şərti xarakter daşıyır. İqtisadi amillərin, kürd məsələsinin, beynəlxalq şərait və geopolitik situasiyanın, aparılan seçki kampaniyalarının effektinin, siyasi kommunikasiya strategiyası və siyasi marketinq fəndlərinin, psixoloji amillərin və digər faktorların da Türkiyədə indiyə qədər olmuş seçkilərə təsiri böyük əhəmiyyət daşıyıb. Ümumilikdə seçkilərə təsir edən faktorları araşdırmaq və dəqiq müəyyən etmək geniş elmi tədqiqat mövzusu ola bilər.

 

Qarşıdakı - 14 mayda keçiriləcək prezident və parlament seçkilərində hansı faktorların daha təsirli olacağı və həlledici önəm kəsb etməsi isə seçkilərdən sonra qiymətləndirilə bilər...

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir