Modern.az

Dünənki seçkilərdə qalib gələn daha 6 PARTİYA

Dünənki seçkilərdə qalib gələn daha 6 PARTİYA

Analitika

1 Aprel 2024, 17:32

Xəbər verdiyimiz kimi, Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində iştirak edən 34 siyasi partiyadan 27-si ölkənin 81 vilayətindən heç birində səs çoxluğu əldə edə bilməyib. Bununla da sözügedən 27 partiya heç bir şəhərdə bələdiyyə sədrliyini qazanmağa müvəffəq olmayıb.

 

Lakin bu partiyalardan 6-sı vilayətlərin tərkib hissəsi olan rayonlar səviyyəsində bəzi bələdiyyələri udmağı bacarıblar:

 

Keçmiş Millət İttifaqının ən kiçik partiyalarından, Gültekin Uysalın sədr olduğu Demokrat Partiya bu yerli seçkilərdə heç bir vilayətdə qələbə qazanmayıb. Partiya 2 rayon bələdiyyəsi ilə kifayətlənib. Bunlar Antalya vilayətinin Kumluca və Gümüşhane vilayətinin Şiran rayonlarıdır. Kumlucada partiyanın namizədi Mesut Avcıoğlu 42.62 faiz səslə 40.23 faiz səs toplayan AKP namizədi Hüseyin Orhantekini geridə qoyaraq bələdiyyə sədri seçilib. Şiranda isə Demokrat Partiyanı təmsil edən Abdulbaki Kara 39.41 faiz səslə seçilərək 25.43 faiz səs toplayan MHP namizədi Mutlu Özeli üstələyib. Partiya ölkə üzrə səs faizi etibarilə 14-cü yeri tutub.

 

 

Türkiyənin sabiq XİN başçısı, iqtisadiyyat üzrə dövlət naziri və baş nazirin müavini olmuş Ali Babacanın sədrlik etdiyi liberal-mühafizəkar Demokratiya və Təşəbbüskarlıq Partiyası (DEVA) seçkilərə iddialı qatılsa da, heç bir vilayətdə seçkiləri qazana bilməyib. Partiya rayonlar səviyyəsində cəmi 1 bələdiyyə qazanıb. Belə ki, Adıyaman vilayətinin Çelikhan rayonunda DEVA Partiyasının namizədi Mahmut Şahin 33.65 faiz səslə birinci olub. AKP-nin namizədi Mustafa Bulut 29.6 faiz səslə bu rayonda ikinci olub. DEVA ölkə üzrə səs faizinə görə 11-ci partiya kimi qərarlaşıb.

 

Temel Karamollaoğlunun sədrlik etdiyi dindar-mühafizəkar Səadət Partiyası da əksər regionlarda namizəd çıxarsa da, uğursuzluğa düçar olan siyasi qüvvələrdəndir. Heç bir vilayətdə bələdiyyə seçkilərini uda bilməyən partiya rayon səviyyəsində cəmi 1 bələdiyyəni idarə etmək səlahiyyəti əldə edib. Bu, Giresun vilayətinin Çanakçı rayonudur. Səadət Pariyasının namizədi Tuncay Kasım 59.18 faiz səslə ilk yerə çıxıb. AKP-nin namizədi Sedat Koca 38.96 faiz səslə ikinciliyi götürüb. Partiya ölkə üzrə seçki nəticələrinə görə, 8-ci olub.

 

Mərhum Türkiyə baş naziri Bülent Ecevitin qurmuş olduğu Demokratik Sol Partiya (DSP) də heç bir vilayətdə üstünlük əldə edə bilməyib. Son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyərək Cümhur İttifaqına daxil olmuş Önder Aksakalın sədri olduğu DSP də 1 rayon bələdiyyəsində udub. Söhbət Eskişehir vilayətinin Mihalıççık rayonundan gedir. Partiyanın namizədi Haydar Çorum 49.92 faiz səslə lider olub. İkincilik 40.96 faiz səs toplayan MHP namizədi Halil Sami Barışa nəsib olub. DSP ölkə üzrə səs faizləri baxımından 18-ci yerdə qərarlaşıb.

 

 

Son vaxtlar solçu gənclərin böyük simpatiyasını qazanan Erkan Başın sədrlik etdiyi Türkiyə Fəhlə Partiyası (TİP) da vilayət bələdiyyələrində qələbəyə müyəssər olmayıb. Bu partiya da 1 rayon bələdiyyəsi ilə kifayətlənməli olub. Belə ki, TİP Hatay vilayətinin Samandağ rayonunda qalib gəlib. Partiyanın namizədi Emrah Karaçay 47.06 faiz səs toplayıb. CHP-nin namizədi Süleyman Bedir Abacı 42.07 faiz səslə ikinci olub. TİP ölkə üzrə ən çox səs toplayan 16-cı siyasi partiya olub.

 

Sol cinahda yer alan partiyalardan Sol Partiya da 1 rayon bələdiyyəsi əldə edən siyasi qüvvələrdəndir. Tunceli vilayətinin Hozat rayonunda seçicilər Sol Partiyaya üstünlük veriblər. Partiyanın namizədi Aydın Kaya 23.51 faiz səslə lider olub. 22.09 faiz səs toplayan CHP namizədi Seyfi Geyik isə ikinci yeri tutub. Partiya ölkə üzrə səs faizlərinə görə 25-ci yeri tutub.

Bu xəbər ilə bağlı
Türkiyədə ən az bələdiyyə qazanan SİYASİ PARTİYALAR
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı