Modern.az

Bakıda Türkiyə-Suriya, Rusiya-Ukrayna danışıqlarına platforma yaradıla bilər

Bakıda Türkiyə-Suriya, Rusiya-Ukrayna danışıqlarına platforma yaradıla bilər

Analitika

5 İyul 2024, 11:26

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakı və orada dünya liderləri ilə görüşü bir daha onun nüfuzunun beynəlxalq arenada nə qədər böyük olduğunu göstərib. Azərbaycan Çin kimi nəhəng ölkə ilə stratje tərəfdaşlığa dair saziş imzaladı. Rusiya və Çin kimi böyük dövlətlər Azərbaycanın və onun rəhbərinin sülh istiqamətində addımlarını dəstəklədirlər.

Maraqlıdır, artıq regional güc olan Azərbaycan Türkiyə-Suriya, Rusiya-Ukrayna danışıqlarına vasitəçilik edə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, Azərbaycanın sülhlə bağlı möpqeyi dünyanın bir çox ölkələri tərəfindən dəstəklənir:

"Şanxay Əməkdaşlıq Təşkilatında Prezident İlham Əliyevin iştirakı ilk növbədə ona və Azərbaycana göstərilən etimadın təzahürüdür. Çünki Azəbaycan Prezidenti dünya liderləri arasında sülhü, demokratiyanı, əməkdaşlığı dəstəkləyən və ona böyük əhəmiyyət verən rəhbərlərdən biridir. 16 ölkənin təmsil olunduğu təşkilat bu gün qüvvətləndirilməkdə, dünyada böyük hörmətə sahib olmaqdadır. Çünki ŞƏT-in zirvə toplantısında bir çox məsələlər - ilk növbədə dünyada sülh, əməkdaşlıq, dialoq məsələləri müzakirə olunur, dünya liderləri məsələlərə öz münasibətlərini bildirirlər. Terrora qarşı mübarizə, iqtisadi inkişaf, nəqliyyat, turizm, mədəniyyət, təhsil, elm və digər sahələrlə bağlı məsələlər müzakirə mövzusu olur. Azərbaycan Prezidentinin bir sıra dövlətlərin rəhbəri ilə görüşü ölkəmizin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Azərbaycan Prezidentinin Rusiya lideri ilə görüşü, daha sonra Azərbaycan-Türkiyə-Pakistan liderləri arasında üçtərəfli görüş keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan ŞƏT-də təklifləri qəbul olunan ölkədir. Orada Çinlə saziş imzalandı. Çin dünyanın ən inkişaf etmiş iqtisadiyyatına sahib bir dövlətdir. Çin-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi həm ölkəmizin milli mənafeləri, həm iqtisadi inkişafı, həm də təhlükəsizlik baxımından çox əhəmiyyətlidir. Cənab İlham Əliyevin səfər zamanı çıxışı, dünyada baş verən hadisələrə real qiymət verməsi və xarici ölkələri əməkdaşlığa, dostluğa, sülhə çağırması Azərbaycanın sülh tərəfdarı olmasının, insanların xoşbəxtliyi naminə çalışmasının göstəricisidir. Azərbaycan Prezidenti bu istiqamətdə lazım olan bütün tədbirləri görür".

Komitə sədri vurğulayıb ki, Azərbaycan Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasında vasitəçi rol oynaya bilər:

"Qazandığı qələbəyə, ictimai-siyasi sabitlik və bir çox sülhməramlı, mədəni tədbirlərin keçirilməsi baxımından Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Suriya məsələlərində də Azərbaycan vasitəçi ola bilər. Cənab Ərdoğan öz çıxışında bildirib ki, "biz Suriya ilə münasibətlərdə ortaq məxrəcə gələ bilərik və bu olacaq". Müharibə heç vaxt yaxşı nəticə vermir. Azərbaycan Prezidentinin nəinki Suriya, eləcə də qonşu dövlətlərlə münasibətlərində bu, aydın görünür. Separatçılığın aradan qaldırılması, onunla mübarizə barədə, Türkiyəyə qarşı yönəldilmiş antitürk təbliğatına qarşı Azərbaycan Prezidenti hər zaman öz sözünü deyir. Suriyaya baxışda da ölkəmizin rəhbəri danışıqlar yolunun üstün tutulmasını vacib sayır. Əlbəttə, cənab İlham Əliyev dünyada tanınmış lider kimi bu məsələdə öz qətiyyətli adddımlarını atacaq".

Bəs Rusiya-Ukrayna arasındakı sülh danışıqları Bakıda keçirilə bilər?

Komitə sədri suala cavabında deyib: "Azərbaycanı NATO qarşıdakı sammitlərdən birinə dəvət edib. Bu Rusiyada sensasiya yaradıb. Rusiyanın rəhbər nümayəndələrinin bəziləri bunu Azərbaycanın Rusiyadan uzaqlaşdırılması kimi anlayır. Amma mən belə hesab etmirəm. Azərbaycan lideri dünyadakı az sayda rəhbərlərdən biridir ki, bu gün balanslaşdırılmış siyasət yürüdür. Reallıqlara önəm verir, hadisələri dərindən təhlil edir və özünün sülh məramını ortaya qoyur. Bəzi narahatlıqların olmasına baxmyaraq, Azərbaycanla Rusiya əlaqələri həmişə sağlam olub. Cənab İlham Əliyev hakimiyyətə gələn ilk gündən Rusiya ilə münasibətləri yaxşılaşdırmalı olduğumuzu deyib. Bizi tarixi köklər, ənənələr, münasibətlər birləşdirir. Həm də Rusiya dünyanın ən böyük dövlətlərindən biridir. Bu gün münasibətlərimiz daha da yaxşılığa doğru gedir. Çünki bu gün biz strateji əməkdaşlıq mərhələsindəyik. Təhlükəsizliyə, terrorizmə qarşı müqavilələr imzalamışıq. Ona görə də Ukrayna-Rusiya müharibəsinin davam etdirilməsi Azərbaycanın milli maraqlarına o qədər də cavab vermir. Çünki həm Rusiya, həm də Ukrayna ilə tarixən münasibətlərimiz yaxşı olub. Təəssüflər olsun ki, Ukraynanın hakim dairələri Qərbin, Avropanın o cılız siyasətçilərinin fitnəsinə uydular və uzun müharibə başladı. Yüz minlərlə insan, artıq həyatını itirib. Ukrayna kimi böyük dövlətin şəhərləri viran qoyulur. Bu, Ukrayna Prezidenti Zelenskinin yanlış siyasətinin nəticəsidir. Bütün günahlar onun üstündədir. Çünki bu gün Ukrayna tam müstəqil dövlət statusunu yerinə yetirə bilmir. ABŞ və Qərb tərəfindən idarə olunur. Hücum taktikasını, hansı silahlardan istifadə edilməsini də Qərb diqtə edir. Demək, dövlət özü-özünü idarə etmir. Burada rəhbərlik yoxdur. Rəhbərlik xarici dövlətlərin əlindədir. Müharibə hələ uzun müddət davam edəcək. Bir vətəndaş kimi mənim arzum rəhbərlərin düzgün seçim etməsidir. Xüsusilə Ukrayna atdığı səhv addımlardan çəkilsin, insanları qırğına verməsin. Fransanın, ABŞ-ın, eləcə də digər ölkələrin silah göndərməyi ilə insanların qırğına verilməsi bəşəri problemdir. Bunlar Ukraynanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Azərbaycan Prezidenti Ukrayna-Rusiya münasibətlərinin düzəlməsinə çalışıb, bu gün də çalışır. Əlbəttə, sülh üçün Azərbaycanda platforma yaradıla bilər. Yenə deyirəm ki, biz siyasətimizdə balanslaşmanı saxlayırıq. Bu da çox düzgün yoldur".

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi