Modern.az

Paşinyan sülhdən danışır, amma London görüşünə "YOX" deyir...

Paşinyan sülhdən danışır, amma London görüşünə "YOX" deyir...

18 İyul 2024, 17:01

Prezident İlham Əliyev Böyük Britanityada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak edir. Ermənistan Baş naziri Nikol Paşinyan tədbir iştirakçısıdır. Böyük Britaniyanın yeni Baş naziri Kim Stammer iki lideri görüşdürmək təklifini irəli sürüb. Lakin Ermənistan Baş naziri görüşdən imtina edib.

 

Görüşün Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Münhen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi:

 

"Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk".

 

Bəs Paşinyan görüşdən niyə yayınıb?

 

VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası işçi qrupunun üzvü Kamran Bayramov söyləyib ki, Paşinyanın bu addımı iki ölkə arasındakı normallaşma proseslərinə mənfi təsir göstərəcək:

 

"Böyük Britaniyanın Baş nazirinin görüş təklifi müsbət haldır. Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi bu, Münhen Konfransında baş tutan görüş formatında baş tutması gözlənilirdi. Böyük Britaniya Baş naziri, Azərbaycan və Ermənistan liderləri görüşəcək, daha sonra Britaniya Baş naziri görüşü tərk edəcək və ikitərəfli danışıqlar olacaqdı. Sülhə xidmət edə biləcək görüşdən Nikol Paşinyanın imtina etməsi ondan xəbər verir ki, Ermənistan bu gün dialoqdan imtina edir. Bu da təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməkdədir. Çünki müəyyən müddət əvvəl görüşdükdə bir sıra istiqamətlər üzrə sülh müqaviləsi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası məsələlərində müəyyən irəliləyişlər vardı. Buna baxmayaraq, Ermənistan Baş nazirinin bu cür addımı təbii ki, müsbət qəbul oluna bilməz. Bu imtinadan Azərbaycan tərəfi də dərs çıxarmalıdır. Ermənistan tərəfinin də çıxarmalı olduğu dərslər var. Bu cür imtina Ermənistanın maraqlarına xidmət etmir".

K.Bayramov Paşinyanın görüşdən imtina etməsinin səbəbini isə belə izah edib:

 

"Düşünürəm ki, Ermənistanın havadarlarından icazə almağa vaxtı olmadığı üçün bu cür addım atıldı. Hesab edirəm ki, bu, Paşinyanın müstəqil atdığı addım deyil. Ermənistan Baş nazirinin müxtəlif regiondankənar qüvvələrdən asılılığı nəzərə alındıqda onun görüşdən imtinası anlaşılandır. Paşinyanın bu və ya digər siyasi qüvvələrdən aldığı tapşırıq və göstəriş fonunda bu hadisələr baş verir. Burada müsbət cəhət Böyük Britaniya Baş nazirinin görüşlə bağlı təşəbbüs göstərməsidir".

 

Deputat Böyük Britaniya Baş nazirinin görüş təklifinin olduqca müsbət hadisə olduğunu vurğulayıb:

 

"Bu, onu göstərir ki, Böyük Britaniya da iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlıdır. Azərbaycan regionda sülh gündəliyinin təşviq edilməsini davam etdirəcək. Ermənistan Baş naziri tərəfindən atılan bu addım ikitərəfli münsaibətlərin normallaşması, sülh müqaviləsinin təşviq edilməsinə xidmət etmir. Ermənistan Baş nazirinin görüşdən imtina etməsi onun, xarici işlər nazirinin, parlament sədrinin sülh istiqamətində səsləndirdikləri müsbət bəyanatlar fonunda baş verir. Təsəvvür edin ki, Ermənistan siyasi rəhbərliyi sülhdən danışır, hətta bir ayda sülhün imzalana biləcəyindən danışırlar. Belə olan halda Paşinyanın bu cür addımı məntiqdənkənar məsələdir. Bunların sözü ilə əməli düz gəlmir. Bu, Ermənistanın siyasətinin özəyidir".

 

Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, Paşinyan görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək:

 

"Çünki Nikol Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərvəsində Almaniyanın kansleri Olaf Şoltsun iştirakıyla görüşüblər, bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər, indi London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir. Bu Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür".

Onun sözlərinə görə, Nikol Paşinyan İlham Əliyevin sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərti yerinə yetirməyi uzatdığına görə görüşdən qaçmağa çalışır:

 

"İlham Əliyevin mövqeyi bəllidir: Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddalarını əks etdirən bəndlər çıxarılmalıdır! Beynəlxalq hüquq da bunu diktə edir. Paşinyan sülh və əməkdaşlıq istəyirsə, bunu etməlidir. Əks halda bölgədə nə sülh, nə də əməkdaşlıq olacaq və Ermənistan regional layihələrdən kənarda qalacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri