Livanda uzun illərdir, fəaliyyət göstərən və İran tərəfindən dəstəklənməsi ilə məşhur olan Hizbullah qruplaşması yenidən gündəmdədir. Üzvlərinin peycerlərinin eyni vaxtda partladılması nəticəsində Livanda 4 mindən çox, Suriyada isə bir neçə yaralı, habelə ölüm halları baş verib.
Əvvəlcə qeyd edək ki, Hizbullah kütləvi partlayışlardan sonra bütün yaraqlılarına peycerləri dərhal məhv etməyi tapşırıb. Qruplaşma bu hadisəni indiyə qədər rastlaşdıqları ən əhəmiyyətli təhlükəsizlik pozuntusu kimi qiymətləndirib.
Bəs qruplaşmanın tarixi haqqında nələr məlumdur? Hizbullah nədir? Nə vaxt və necə qurulub? Nə qədər güclüdür?
Modern.az dünya mətbuatının səhifələrində bu suallara cavab axtarıb.
Hizbullah qruplaşması İran tərəfindən dəstəklənən şiə islamçı siyasi partiya və silahlı təşkilatdır. Adının mənası ərəbcədə partiya mənasını verən "hizb" sözündən gəlir və hərfi tərcümədə “Allahın partiyası” deməkdir. Hizbullah Livanda fəaliyyət göstərir. Həsən Nasrallah 1992-ci ildən bu günə qədər qruplaşmaya rəhbərlik etməkdədir.
Hizbullahın əsasları İsrailin 1982-ci ildə fələstinli yaraqlıların hücumlarına cavab olaraq Livanın cənubunu nəzarətə götürməsindən sonra qoyulub. Bunu işğal hesab edən və qarşı çıxmağı müdafiə edən yerli liderlər ovaxtkı məşhur İslami Əməl Hərəkatından ayrılaraq Beka vadisində yerləşən İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) hərbi və təşkilati dəstək alıblar.
Şiə qüvvələri arasında mühüm rol oynayan bu qrup daha sonra Hizbullahı qurub. Həmin vaxt İsrail ordusu və onun müttəfiqi Cənubi Livan Ordusuna (GLO), eləcə də Livandakı xarici qüvvələrə qarşı hücumlar təşkil edildi. Hizbullah 1983-cü ildə 258 ABŞ və 58 Fransa əsgərinin ölümü ilə nəticələnən ABŞ səfirliyinə və ABŞ Dəniz Piyadaları korpusuna edilən hücumlarla məşhurlaşıb.
Hizbullahın rəsmi quruluşu isə 1985-ci ildə dərc olunmuş “açıq məktub”dan başlayır. Hizbullah bu məktubda ABŞ və SSRİ-ni "İslamın əsas düşmənləri" kimi təsvir edib. Qruplaşma o vaxtdan İsraili "müsəlman torpaqlarını işğal etməkdə" günahlandırır və "dağıdılmasını" müdafiə edir. Bununla belə, qeyd etmək lazımdır ki, Hizbullah iddia etdiyi təhlükəli hədəfləri reallaşdıracaq qədər böyük gücə heç vaxt malik olmayıb.
1989-cu ildə Livanda vətəndaş müharibəsinə son qoyan və milis qüvvələrinin tərksilah edilməsini ehtiva edən Taif razılaşması Hizbullahın hərbi qanadının adını “İslami Müqavimət” olaraq dəyişdirməsinə səbəb oldu. Bu, Hizbullaha silahlarını saxlamağa zəmin yaratdı.. Zamanla qruplaşmanın siyasi qanadı Livan siyasətində də fəal rol oynamağa başladı. 1992-ci ildə siyasi qanad ilk dəfə seçkilərdə iştirak etdi.
Livandakı vətəndaş müharibəsindən sonra digər qruplar tərksilah edilsə də, Hizbullah silahlarını qoruduğu üçün daha güclü aktora çevrildi. Hizbullah 2006-cı il müharibəsində İsrailə qarşı hərbi xarakterli addımlar atıb. 2006-cı ildəki hücumlarda 8 İsrail əsgəri həyatını itirib, 2 əsgər isə girov götürülüb. 1 ay 2 gün davam edən müharibədə Hizbullah İsrail ərazilərinə təxminən 4 min raket atıb.
Müharibədə 1125 livanlı, İsrail tərəfində isə 119 əsgər və 45 mülki vətəndaş həyatını itirib. Hizbullah bu müharibədən sonra Livanda - xüsusən şiə kəsimdə - nisbətən nüfuzunu artırdı. Təşkilat iddia edirdi ki, onun raketləri "İsrailin istənilən yerini" vura bilər və arsenallarında "dəqiq raketlər" var. Hizbullahın lideri Həsən Nəsrullah hətta bəyan edirdi ki, qruplaşmanın 100 min döyüşçüsü var.
Hizbullahın bölgəyə təsiri nədən ibarətdir?
Hizbullah regionda İranın dəstəklədiyi digər qrupları, o cümlədən İraqdakı proksilərə də müəyyən təsir imkanlarına malikdir. Bundan başqa, qruplaşma Suriya prezidenti Bəşər Əsədin sadiq müttəfiqidir və 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi zamanı Suriyaya minlərlə silahlısını göndərib. Səudiyyə Ərəbistanı Hizbullahın Yəməndə də İranın müttəfiqi olan Husiləri dəstəkləmək üçün döyüşdüyünü bildirir.
Hizbullah bu iddianı rədd edir. Qeyd etmək lazımdır ki, qruplaşma qurulduqdan sonra qısa müddət ərzində Livanda və qismən regionda aktora çevrilə bildi. Hizbullahın hökumətdə nazirləri, parlamentdə isə deputatları var. Bununla belə, bəzi livanlılar Hizbullahı ölkənin sabitliyinə təhdid olaraq görür və onun birtərəfli qaydada Livanı müharibəyə sürüklədiyini müdafiə edir, lakin bu qrup Livandakı şiə kəsim arasında populyar olaraq qalır.
2018-ci ildə Livan parlamentində Hizbullah və təşkilatın silah saxlamasını dəstəkləyənlər əksəriyyət qazanıb. 2022-ci ildə isə çoxluq itirilib, lakin qrup Livanda hələ də böyük təsirə malikdir. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi və 1200-ə yaxın insanın həyatını itirdiyi hücumdan sonra Hizbullah və İsrail sərhəd xəttində tez-tez atəş səsləri eşidilir...
Modern Təhlil və Araşdırma Qrupu