Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma hər keçən gün daha da gərginləşir. Sonuncu dəfə erməni Baş nazir sosial şəbəkə hesabında qanunvericiliyin kilsəyə dair tələblərindən yazıb.
O bildirib ki, Erməni Apostol Kilsəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsi din xadimləri üçün hüquqi qüvvəyə malikdir.
Paşinyan vurğulayıb ki, subaylı andını pozan keşişlər Erməni Apostol Kilsəsinin Nizamnaməsinə görə, dini rütbədən məhrum edilməlidirlər.
Kilsənin Azərbaycana və azərbaycanlılara qarşı duruşu məlumdur. Belə ki, xalqımıza qarşı nifrət siyasəti məhz kilsə tərəfindən müdafiə və təbliğ olunur.
İndi əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan erməni kilsəsinə qarşı mübarizəsində qalib gələ biləcəkmi? Paşinyanın erməni kilsəsinə qalib gəlməsi nəyi dəyişəcək?
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, son hadisələr bir daha Ermənistanda siyasi proseslərdə azərbaycanlılar və türklərə qarşı düşmənçilik hissinin aşılanmasında, təbliğində erməni kilsəsinin ciddi rol oynadığını göstərir:
“Bir müddət Baqrat Srbazan adlı keçişdən hakimiyyətə qarşı istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışdılar. Bu alınmadıqda isə artıq növbəti fiqurlardan istifadə etməyə başladılar. Bunu anlayan Nikol Paşinyan qarşısına məqsəd qoyub ki, mütləq şəkildə kilsəni zəiflətməlidir. Kilsənin zəifləməsi də bizim maraqlarımıza uyğundur. Yəni bu, bölgəmizdəki proseslərə daha müsbət töhfəsini verəcək”.
Deputat vurğulayıb ki, kilsə zəifləyərsə, erməni faşist ideologiyası da zəifləyəcək:
“Azərbaycana qarşı kin-küdurət, düşmənçiliyi təbliğ edən Ermənistandakı bəzi mərkəzlər bu kimi məsələlərdə daha diqqətli və məsuliyyətli olacaqlar. Hesab edirəm ki, kilsə də özünün düşmənçilik fəaliyyətinə, Azərbaycana qarşı addımlarına son qoyacaq”.