Modern.az

İsrail-İran müharibəsi: köhnə dostlar necə düşmən oldu?

İsrail-İran müharibəsi: köhnə dostlar necə düşmən oldu?

Analitika

23 İyun 2025, 15:56

İsrail və İran arasındakı gərginlik Yaxın Şərqin ən təhlükəli münaqişə ocaqlarından birinə çevrilib. İyunun 13-də İsrailin əməliyyatı ilə başlayan hərbi toqquşma yüzlərlə insanın ölümünə səbəb olub.

Qeyd edək ki, İsraillə İranın münasibətləri həmişə pis olmayıb. Münasibətlər İranda baş verən İslam inqilabından sonra pisləşib.

1948-1979: Strateji əməkdaşlıq dövrü

1948-ci ildə İsrail dövləti qurulduqdan sonra bir çox ərəb ölkələri ilə diplomatik əlaqələrdən məhrum oldu və regionda özünə tərəfdaş axtarmağa başladı. O dövrdə İranın şah rejimi Qərblə yaxın münasibətlər saxlayır və Sovet təsirindən çəkinirdi. Şah Məhəmməd Rza Pəhləvin rəhbərliyində İran İsrailin mövcudluğunu faktiki olaraq tanımış və onunla iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlıq qurmuşdu.

Qeyd edək ki, İran İsrailin müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci müsəlman ölkəsi olub. 

İsrail İrana silah satır, İran isə İsrailə neft ixrac edirdi. Eyni zamanda MOSSAD və SAVAK (İranın təhlükəsizlik xidməti) arasında sıx əməkdaşlıq mövcud idi. İki ölkə arasında bu yaxınlaşma əsasən ortaq maraqlara - Sovet İttifaqının təsirini zəiflətmək və ərəb dövlətlərinin dominantlığına qarşı dayanmaq istəklərinə söykənirdi.

1979: İslam İnqilabı və münasibətlərin dönüş nöqtəsi

1979-cu ildə İranda İslam İnqilabı baş verdi və Ayətullah Ruhullah Xomeyni hakimiyyətə gəldi. Yeni teokratik rejim Qərb təsirinə və İsrailin regiondakı varlığına qarşı sərt mövqe tutdu. Xomeyni İsraili “şeytani rejim” adlandırırdı və Fələstin xalqının mübarizəsini dəstəkləyirdi.

İnqilabdan sonra İran dərhal İsrail ilə bütün münasibətləri kəsdi, İsrail səfirliyi Fələstin Azadlıq Təşkilatının (FAT) ofisinə çevrildi. İranın yeni xarici siyasəti anti-İsrail ideologiyası üzərində quruldu və regionda müxtəlif qruplar - o cümlədən Hizbullah və Həmas vasitəsilə İsrailə qarşı mübarizə aparmağa başladı.

1980-lərdən bu günə

1980-ci illərdə İsrail-İran münasibətləri birbaşa qarşıdurma formasını almasa da, iki ölkə regionda nüfuz uğrunda rəqabət aparırdı. İranın Hizbullahı dəstəkləməsi və Livanda İsrailə qarşı mübarizəni gücləndirməsi bu rəqabəti dərinləşdirdi.

2000-ci illərdən etibarən İranın nüvə proqramının inkişafı İsrail tərəfindən ciddi təhlükə kimi qiymətləndirilməyə başlandı. İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün beynəlxalq səviyyədə diplomatik və kəşfiyyat səylərini artırdı, həmçinin İran daxilində nüvə proqramına qarşı müxtəlif gizli əməliyyatlar həyata keçirdi.

Son onillikdə İsrail və İran arasında hibrid müharibə elementləri (kiberhücumlar, dron əməliyyatları, sanksiyalar və s.) daha da intensivləşdi. Suriyadakı və Yəməndəki vəkil qüvvələr vasitəsilə də tərəflər bir-birinə qarşı dolayı yollarla mübarizə aparır.

Beləliklə, Bir vaxtlar regionun iki yaxın tərəfdaşı olan İsrail və İran bu gün amansız düşmənə çevriliblər. Münasibətlərin pisləşməsinin kökündə İranın siyasi rejiminin dəyişməsi, ideoloji qarşıdurma və geosiyasi maraqların toqquşması dayanır. Tarix bir daha göstərdi ki, Yaxın Şərqdə dostluqlar və düşmənçiliklər çox vaxt qısa zaman ərzində dəyişə bilir.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı