İran-İsrail Savaşı və Azərbaycan, sükutla qazanılan diplomatik zəfər
Xronologiya, 12 günlük müharibənin əsas anları
1-ci gün, İsrailin İranın hərbi obyektlərinə cavab zərbələri başlayır. İran raketlərlə qarşılıq verir.
2-5-ci günlər, regionda gərginlik artır. İsrailin hədəfləri əsasən İranın nüvə, hava hücumundan müdafiə və SEPAH obyektləridir.
6-8-ci günlər, məlumatlara görə, İsfahan, Təbriz, Ərdəbil və Zəncan ətrafına yaxın raketlər düşür. Azərbaycanın diplomatik kanalları aktivləşir.
9-10-cu günlər, ABŞ və Rusiya vasitəçilik etməyə çalışır. Tramp və Avropa liderləri ard-arda bəyanatlar verir. ABŞ İranı vurur.
11-ci gün, atəşkəsin ilkin şərtləri müzakirə edilir.
12-ci gün, rəsmi şəkildə atəşkəs elan olunur.
Azərbaycanın tutduğu mövqe, təmkin, ölçü, diplomatiya
Bu müharibə Azərbaycanın “uzaqdan izlədiyi” sadə bir regional münaqişə deyildi. İran əhalisinin çoxluğunu təşkil edən Cənubi Azərbaycan türkləri bu savaşın birbaşa təsirinə məruz qala bilərdi və bəzi hallarda qaldılar da. Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərin vurulması riskləri real idi.
Bütün baş verənləri Azərbaycan görürdü və buna rəğmən tələsmədən, emosiyalara qapılmadan hərəkət etdi.
Rəsmi mövqe belə oldu,
Azərbaycan rəsmi olaraq savaşın dərinləşməməsini, regionda sabitliyin qorunmasını müdafiə etdi.
İsraillə diplomatik təmaslar, Azərbaycan dövləti İsraillə əlaqə quraraq, azərbaycanlıların yaşadığı bölgələrin hədəf alınmaması üçün çağırış etdi. Bilmək lazımdır ki, bu müraciət eşidildi və nəzərə alındı.
İranla balanslı davranış mıəsələsinə gəkincə, Azərbaycan bu müddətdə İranla da açıq gərginlikdən uzaq durdu, sərhəd sabitliyini qorudu. Qonşuluq prinsiplərinə sadiq qaldı. Öz ərazilərindən İrana təhlükə tərədəcək bir addım atmadı.
Tarazlaşdırılmış münasibətlər: İsraillə dostluq, İranla ehtiyatlı qonşuluq
Azərbaycan-İsrail münasibətləri illərdir enerji, təhlükəsizlik, texnologiya sahələrində strateji tərəfdaşlığa əsaslanır. İsrail Azərbaycanın silah tədarükündə etibarlı mənbələrdən biridir və 44 günlük Vətən müharibəsi dövründə də bu əməkdaşlığın faydası görünmüşdü.
Buna baxmayaraq, Azərbaycan İranla münasibətlərini tamamilə pozmadan, qlobal siyasi manevr qabiliyyətini nümayiş etdirdi və öz diplomatik gedişlərinə sadiq qaldı.
İsraillə sınaqdan çıxmış dostluqdan imtina etmədi.
İranla da münasibətlırini qorudu.
Bu balanslaşdırılmış siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dərin strateji diplomatiyanın nümunəsidir.
Azərbaycan diplomatiyası, susaraq danışmaq
Bəzi ölkələr mövqe bildirmək üçün mikrofon axtarır. Azərbaycan isə bu dəfə sakitliklə mövqe bildirdi. Məntiqlə, koordinasiyayla, qapalı kanallarla. Bu, sözlərlə deyil, diplomatik əməllərlə edilən çıxış idi.
Azərbaycan bu davranışı ilə göstərdi ki, emosiyaya yox, ağıla söykənən xarici siyasət yürüdür. Eyni zamanda Cənubi Azərbaycan məsələsinə biganə baxmır, lakin məsuliyyətli davranır. Bir sözlə, dostluq və qonşuluq anlayışlarını eyni anda idarə edə bilir
Dövlətçilik, məsuliyyət və güvən
İran-İsrail savaşı bölgədə yeni siyasi dəyişiklərə səbəb ola bilər. Amma bu münaqişə bir daha sübut etdi ki, Azərbaycan dövləti güvəniləcək əllərdədir.
Ən çətin vaxtlarda belə tələsmədən, ölçülü, çoxvektorlu düşünən bir idarəetmə forması var.
Bu gün Azərbaycanın diplomatiyası nəinki regionda, hətta beynəlxalq arenada təqdir edilən bir aktora çevrilməkdədir.
Sülh danışan, savaşsız güclü olan bir dövlət
Azərbaycan son illərin təcrübəsi ilə hərəkət etdi. Dövlət ağılı ilə, tarixi məsuliyyətlə, dostluq və bərabərlik prinsipi ilə davrandı.
Bütün bunlar Azərbaycanın davranışla danışan, diplomatiya ilə savaşsız güc qazanan dövlət olduğunu bir daha sübut etdi.
Elnur Əmirov