ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması bütün dünya mediasında geniş müzakirələrə səbəb olub. Ağ Evdə keçirilən imzalanma mərasimi ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və Moskvanın prosesdən kənarda qalması mətbuatın diqqət mərkəzində olub.
Beynəlxalq nəşrlər razılaşmanı yalnız iki ölkə arasında sülh addımı kimi deyil, həm də Cənubi Qafqazdakı geosiyasi qüvvələr balansının dəyişməsi kimi qiymətləndirir.
Modern.az dünyanın nüfuzlu nəşrlərində tarixi görüşlə bağlı dərc edilən məqalələri araşdırıb.
Tramp “qlobal sülhməramlı” rolunda
"The New York Times" yazır ki, Ağ Evdə imzalanan birgə bəyannamə Ermənistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişəni yekun həllə yaxınlaşdırıb, həmçinin Donald Trampa “nadir diplomatik uğur” imkanı yaradıb. Prezident seçkilərinə “Amerika hər şeydən əvvəl” şüarı ilə gedən Tramp beynəlxalq münaqişələrə qarışmaqdan çəkinirdi, lakin indi özünü “qlobal sülhməramlı” kimi təqdim etməyə çalışır.
Nəşr xatırladır ki, Tramp daha əvvəl Kamboca–Tailand, İsrail–İran, Hindistan–Pakistan, eləcə də Ruanda–Konqo arasındakı münaqişələrdə vasitəçilik edib: “Mən altı müharibəni dayandırdım. Ayda orta hesabla birini” - Tramp keçən ay bildirib.
Kremlin nüfuzuna zərbə
"The Washington Post" qeyd edir ki, Ağ Evdə keçirilən İlham Əliyev-Paşinyan görüşü, Kreml əvəzinə Vaşinqtonun ev sahibliyi etməsi Vladimir Putinə qarşı açıq siyasi mesajdır. Məqalədə Trampın son aylarda fəal diplomatik təşəbbüslərlə çıxış etdiyi, dünya liderləri ilə birbaşa təmas qurduğu və açıq şəkildə Nobel Sülh Mükafatına iddialı olduğu vurğulanır.
Türkiyənin "Daily Sabah" nəşri yazır ki, ABŞ-ın qəfil Qafqazdakı əsas vasitəçiyə çevrilməsi yalnız “sülh arzusu” ilə izah olunmur. Əsas iki səbəb göstərilir. Birincisi, Trampın seçki kampaniyasında “müharibələri bitirən prezident” obrazını möhkəmləndirmək istəyidir. İkincisi, ABŞ Rusiya və Çinin bölgədəki təsirini zəiflətmək məqsədi güdür. Nəşr qeyd edir ki, ABŞ-ın bu mövqeyi həm region ölkələrinin gələcək siyasi istiqamətinə, həm də beynəlxalq güc balansına təsir göstərə bilər.
Britaniyanın nüfuzlu "The Economist" jurnalında dərc edilən məqalədə qeyd edilir ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir. Razılaşma rəsmi sülh müqaviləsi olmasa da, münaqişənin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Nəşr hesab edir ki, bu, həm Rusiyanın, həm də İranın bölgədəki mövqelərini zəiflədəcək.
Böyük Britaniyanın "The Guardian" nəşri bildirir ki, Ermənistanla İran arasındakı sərhəd boyunca nəzərdə tutulan tranzit dəhliz sülh prosesinin ən çətin məsələlərindən biri olub. Bu razılaşma Ermənistanın Qərbə, o cümlədən Avropa İttifaqına inteqrasiya istiqamətində addım atması kimi şərh olunur. Rusiya isə həm Ukrayna müharibəsi, həm də bölgədə nüfuz itkiləri səbəbindən prosesə qarşı dura bilmir.
London mərkəzli "Iran International" isə yazır ki, İran Ali Liderinin müşaviri Əli Əkbər Vilayəti Tramp vasitəçiliyi ilə yaradılması planlaşdırılan dəhlizi “təhlükəli” adlandırıb və onun reallaşmasına qarşı sərt mövqe bildirib: “Bu dəhliz muzdlular üçün qapı olmayacaq, onların məzarlığı olacaq.” Vilayəti bildirib ki, İran əvvəldən “Zəngəzur dəhlizi” ideyasına qarşı olub, onu Ermənistanın parçalanması və sərhədlərin dəyişdirilməsi üçün təhlükə sayır. Tehran əvvəllər də bu plana qarşı sərhəddə hərbi təlimlər keçirib.
Beləlikə, beynəlxalq media razılaşmanı yalnız Bakı və İrəvan arasında sülh addımı kimi deyil, həm də Cənubi Qafqazda böyük güclərin mövqelərinin dəyişməsi fonunda qiymətləndirir. Qərb mətbuatı bunu Trampın şəxsi diplomatik qələbəsi kimi təqdim edir, Rusiya və İran mediası isə prosesin özləri üçün mənfi nəticələrinə diqqət çəkir