8 avqust tarixli Vaşinqton görüşü ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dondurulması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyıb.
Məhz bundan sonra Azərbaycan ABŞ-dən müxtəlif sənaye məhsulları ala biləcək.
“Bu o demək deyil ki, Azərbaycan ABŞ-dən hər şeyi almalıdır”
Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, ABŞ hərbi sənaye kompleksi rəngarəngdir və böyükdür.
"Lakin bu o demək deyil ki, Azərbaycan oradan hər şeyi almalıdır. Təbii ki, Azərbyacan dövləti, müdafiə qabiliyyəti, təhlükəsizliyi üçün zəruri olan və başqa dövlətlərdən ala bilmədiyi sənaye məhsullarını ABŞ-də varsa, əldə edə bilər. Bu, indiki müasir müharibələr dövründə ən çox hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Eyni zamanda bizi təhdid edən bəzi dövlətlər Xəzər donanmasına Azərbaycanın zəif bəndi kimi baxırlar. Odur ki, donanma ilə bağlı müəyyən hərbi müdafiə qabiliyyəti olan məhsulların alınması da vacib ola bilər. Ümumiyyətlə, hansı detalları, nəyi almaq kimi məlumatlar məxfidir”.
Azərbaycan hər şeyi ölçüb-biçəcək
Ekspert vurğulayıb ki, ən əsas məsələ 907-ci düzəliş amilinin ləğv olunması və ABŞ-la Azrbaycan arasında əməkdaşlığın yaranmasıdır:
“Azərbaycan ölçüb-biçəcək və öz təhlükəsizliyini və müdafiə qabiliyyətini artıran hansı məhsullar varsa, onu təbii ki, ABŞ-dən ala bilər. Biz İsraildən, Türkiyədən, Pakistandan da silahlar almışıq. Elə hərbi məhsullar, elə komplekslər var ki adlarını çəkdiyim ölkələrdə yoxdur, yalnız ABŞ-də var. Azərbaycan onu ala bilər”.