Azərbaycan Prezidenti İlham ƏliyevÇində səfərdədir. Ölkə başçısı Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) sammitində iştirak edib. Bu, Prezidentin cari ildə Çinə ikinci səfəridir. Bundan öncə aprel ayında dövlət başçısı Çində səfərdə olub. Hətta səfər çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.
Ölkə başçısının bir ildə iki dəfə Çində səfərdə olması diqqətçəkən məqamlardan biridir. Görünür, Azərbaycanla Çin arasında münasibətlərdə müəyyən yeniliklər gözlənilir. Azərbaycanın dünyanın nəhəng iqtisadiyyatlarından biri olan Çindən gözləntiləri də vacib nüanslardandır.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası İşçi Qrupunun üzvü Əli Məsimli bildirib ki, Yeni Dünya Düzəninin formalaşmasının çox təlatümlü və qabaqcadan güman edə bilməyəcəyimiz vəziyyətə düşdüyü qlobal qarşıdurma vektorlarının dərinləşdiyi bir dövrünü yaşayırıq:
“Belə bir dönəmdə, dünyada gedən proseslərə daha çox təsir etmə gücünə malik olan dövlətlərlə münasibətlərin normal səviyyədə olması,qarşılıqlı hörmət,qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsipləri əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu əsnada ölkəmizin beynəlxalq münasibətlər sistemində həm geostrateji, həm də geoiqtisadi baxımdan sürətlə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Çin Xalq Respublikası ilə tərəfdaşlığının strateji məzmunla zənginləşən mərhələyə adlaması günümüzün diqqətçəkən hadisələrindəndir. Hadisə və proseslərin gedişi göstərir ki, yeni dünya düzənində Çin getdikcə daha geniş planda böyük rol oynayacaq. Çinin müasir dünyada və proseslərdə rolunun sürətlə artması bir çox dünya ölkələrinin, o cümlədən Azərbaycanın bu dövlətlə münasibətlərini daha dinamik formada inkişaf etdirməsinə imkan verir. Bu özünü cari ilin aprelində Azərbaycan Respublikasının Prezidentinin Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanan sənədlərin,xüsusən də aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da aydın şəkildə göstərdi. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına həmin dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat və digər mühüm sənədlərin imzalanması mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə- strateji məzmunla zənginləşən mərhələyə yüksəldib. Məlum olduğu kimi, ötən il Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat imzalanmışdı.Bu ilin aprelində imzalanan sənədə diqqət yetirdikdə, artıq iki ölkə arasında münasibətlərin qısa müddət ərzində daha da dərinləşdiyinin şahidi oluruq. Ötənilki strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanatdan fərqli olaraq, bu il aprelin 23-ü imzalanan sənəddə bir sıra məqamlar diqqət çəkir. Ötən il imzalanan bəyanatda Azərbaycanla Çin ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, sonuncu sənəddə isə suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək ifadə edilib. Bu baxımdan Azərbaycan Prezidentinin bu ilin aprelində Çinə dövlət səfəri, bu səfər çərçivəsində aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində mühüm bir tarixi səhifə açıb”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin budəfəki səfəri və səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə görüşü zamanı müzakirə olunan məslələr bir növ bu ilin aprelində həyata keçirilən dövlət səfərinin məntiqi davamıdır və bu səfər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir:
“Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidentinin Çin Xalq Respublikasının Sədri ilə görüşü zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini xatırlayıb, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunub. Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub. Görüş zamanı Çin Xalq Respublikasının Sədri bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir. Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini deyib. Si Cinpin bildirib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelində Çin Xalq Respublikasına dövlət səfəri zamanı aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu deyib. Dövlətimizin başçısı “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb.Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb”.
Ə.Məsimli qeyd edib ki, Azərbaycan Prezidentinin bu ilin aprelində etdiyi və budəfəki səfəri iki dövlətin başçılarının arasında formalaşmış sıx dialoq, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin əməkdaşlığının dərinləşməsində mühüm rol oynadığını göstərir:
“Səfər zamanı müzakirə olunan məsələlərin dairəsi və məzmunu göstərir ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır. Çin bütün sahə və istiqamətlərdə Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və dərinləşdirməkdə çox maraqlıdır. İki ölkə arasındakı əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir, sağlam və sabit inkişaf dinamikası qorunub saxlanılmaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında ticari-iqtisadi, sənaye, investisiya və digər sahalərdə əməkdaşlıq getdikcə daha çox işlənir və dərinləşir”.
Parlamentari söyləyib ki, sıx əməkdaşlıq özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir:
“Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, ötən il 3,7 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 2,4 milyard dollar və ya 2,4 dəfə çoxdur. Təkcə ötən ildə ticarət dövriyyəsinə 2023-cü illə müqayisdə 21 faizə yaxın artım olub. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. İdxalımızda isə Çin 2018-2022-ci illərdəki 3-cü, 2023-cü ildəki 2-ci yerdən 2024-cü ildə 1-ci mövqeyə keçib.Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8 faizə çatıb, idxlımızdakı payı isə 18 faizə yaxın olub. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlığın möhkəm əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir. Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanla Çinin 3744,8 milyon dollarlıq ticarət dövriyyəsinin 3725,1 milyon dolları və ya 99,5 faizi Çinin,cəmi 19,7 milyon dolları və ya 0,5 faizi isə Azərbaycanın payına düşür. Yəni Azərbaycanın Çinə ixrac etdiyi malların həcmi Çindən idxal etdiyi malların həcmindən 3705,4 milyon dollar və ya 19 dəfə azdır. Azərbaycan Çinlə imzaladığı iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən sənədlərdən irəli gələn işləri sistemli qurmaqla yaxın perspektivdə indikindən qat-qat artıq mal və məhsul, xüsusən də indi olduğu kimi şərab və nar şirəsi ilə yanaşı kənd təsərrüfatı və onun emalından əldə edilən xeyli sayda məhsullar ixrac edə bilər”.
Parlamentari onu da əlavə edib ki, Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımaları getdikcə artmaqdadır:
“Çinin Orta Dəhlizə marağının artması əməkdaşlığımızın genişləndirilməsi və dərinləşdirilməsi üçün çox vacib amildir. Çünki Orta Dəhliz etibarlılıq, məsafə və zaman baxımından öz üstünlüyünü göstərdikcə, bu əməkdaşlıq daha da genişlənəcək. Mərkəzi Asiyadan və Cənubi Qafqazdan keçməklə Pekindən Londona qədər uzanan "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin-Azərbaycan əməkdaşlığının böyük perspektivləri var. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq,gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də regional və qlobal iqtisadi inteqrasiyanın yeni çalarlar kəsb etməklə gücləndirilməsi üçün də mühüm amilə çevriləcək”.
Azərbaycan-Çin Parlamentlərarası işçi qrupunun digər bir üzvü Elşad Musayev bildirib ki, Azərbaycanın Çinlə həm iqtisadi, həm də digər məsələlərdə strateji mövqeləri üst-üstə düşür:
“Prezident Çində səfərdədir. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti keçirilir. Təşkilata aparıcı dövlətlər üzvdür. Eləcə də Azərbaycan və daha digər 13 ölkə ŞƏT-in tərəfdaşı statusundadır. Azərbaycan bu statusu qazandı. Bu təşkilatın imkanları həddindən artıq genişdir. Xüsusən iqtisadi sahədə əməkdaşlıq bu təşkilatı daha prespektivli edir. Azərbaycanın Çinlə həm böyük iqtisadi, eyni zamanda digər məsələlərlə bağlı strateji mövqeləri üst-üstə düşür. Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Azərbaycanla Çin arasında iqtisadi, nəqliyyat, kommunikasiya, siyasi münasibətləri artan xətt üzrə davam edir”.
Deputat düşünür ki,iki ölkə arasındakı əlaqələr həm Azərbaycanın, həm də Çinin maraqlarına uyğundur:
“Zəngəzur dəhlizinin açılması Çin üçün də çox əhəmiyyət daşıyır. Çünki "Bir kəmər-bir yol" layihəsi bu xətt üzərindən gedir. Ona görə də hesab edirəm ki, Azərbaycanla Çin əlaqələri getdikcə inkişaf edəcək. Bu əməkdaşlıq hər iki ölkənin xalqlarının mənafeyinə xidmət edəcək”.