Modern.az

Sofiyada Azərbaycan mətbəxi və məhsulları nümayiş olundu - FOTOLAR

Sofiyada Azərbaycan mətbəxi və məhsulları nümayiş olundu - FOTOLAR

Aktual

5 Dekabr 2018, 11:40

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 24-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib.

 

Modern.az xəbər verir rki, bazarda iştirak edən Səfirlik Azərbaycan Respublikasının Mədəniyyət və İqtisadiyyat  nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və AZNAR şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.

 

Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki bamiyəsi, sucuq və digər təamlar böyük marağa səbəb olmuşdur. Bazarda həmçinin Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Azərbaycan stendində həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunmuşdur. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Səfirlik həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də təmsil olunub. Belə ki, Azərbaycan diasporasından olan uşaqların ifasında Azərbaycan və bolqar dillərində Rəşid  Behbudovun “Bakı” mahnısı alqışlarla müşayiət edilib.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Radiosuna müsahibə vermişdir. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə məlumat verib. Səfir Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini diqqətə çatdırıb. Ölkəmizin turizm imkanlarından danışan səfir cari ilin yanvar ayında Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin açılmasının bolqar turistlərinə ölkəmizi daha yaxından kəşf etməyə şərait yaratdığını qeyd etmiş və dost bolqar xalqını multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi və gözəlliklərindən zövq almaq üçün Azərbaycana dəvət edib.

Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılıb. Bolqarıstan Teleqraf Agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalələr yerləşdirilmiş, Bolqarıstan Milli Televiziyası və Radiosunda səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibələri yer alıb.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dən artıq ölkə təmsil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat