Dekabrın 5-ü Bakı şəhəri 264 saylı məktəb liseydə “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə millət vəkili Gövhər Baxşəliyeva, ziyalılar, şəhid ailələri, Aprel döyüşlərinin qaziləri məktəb kollektivi iştirak edib.
Modern.az xəbər verir ki, qonaqları salamlayan 264 saylı məktəb-liseyin direktoru Sevda Qocayeva belə bir tədbirin vacibliyini vurğulayıb.
“Belə tədbirlər övladlarımızın milli ruhda böyüməsinə təsir edir. Aprel şəhidləriimizin hər birinin tanıdılması, gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında belə tədbirlərin rolu önəmlidir. Şəhidlərimiz bizim qürur mənbəyimiz, and yerimizdir”.
Millət vəkili Gövhər Baxşəliyeva çıxışında şagirdləri vətənpərvər olmağa, şəhidlərimizi tanımağa səsləyib.
İB-nin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə bildirib ki, belə tədbirlərin davamlı olaraq universitet və məktəblərdə keçiriləcək.
“Tədbir aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı məktəblilər arasında tanıtmaq, yeni nəsildə milli vətənpərvərlik ideyalarını təbliğ etməkdir”.
Bu məktəbdəki şagirdlərin arasında aprel döyüşlərində şəhid olmuş mayor Rasim Məmmedovun oğlu Asim de vardır. Asimin atası haqqındakı çıxışı tədbir iştirakçılarını kövrəldib.
Xalq artisti Nurəddin Mehdixanlı çıxışında yeni nəsli Azərbaycan naminə yaşamağa səsləyib.
Sonda çıxış edən şəhid mayor Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova məktəbin direktoruna dərin təşəkkürlərini bildirib.
Tədbirdə məktəbin aktiv iştirak edib, vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.