Modern.az

Əsl zeytun yağını bu əlamətlərdən tanımaq olar

Əsl zeytun yağını bu əlamətlərdən tanımaq olar

12 İyun 2019, 10:34

Təbii zeytun yağının tərkibində bir çox faydalı vitamin və mikroelementlər mövcuddur, buna görə o kulinariyada çox məşhurdur.

 

Fransız dietoloqlarının fikrincə, zeytun yağı orqanizmi demək olar ki, bütün xəstəliklərdən qoruyur, qocalmanı dayandırır, bədəni cavanlaşdırır və ömrü uzadır. Kardioloqlar zeytun yağının miokard infarktı riskini 70 faiz azaltdığını söyləyirlər.

 

Amma əvvəlcə zeytun yağının orijinalını tapıb almaq lazımdır. Hər bir sahədə olduğu kimi qida sahəsində də vaxtaşırı saxta məhsullarla qarşılaşırıq. Təəssüf ki, bu məhsulların arasında zeytun yağı da var. Zeytun yağının saxta olub-olmadığını yoxlamaq üçün bir neçə üsulu təqdim edirik:

 

*İlk növbədə, zeytun yağı alarkən onun qiymətinə diqqət edin. Əgər ucuzdursa almayın.

 

*Yağın rəngi ilə onun keyfiyyətini ölçmək düzgün deyil. Çünki yağın rəngi zeytunun yığılma və sıxılma vaxtında görə dəyişə bilər. Zeytun yağı açıq yaşıldan tünd qızılı rəngə kimi ola bilər.

 

*Qatqısız zeytun yağının digər xüsusiyyəti isə donmasıdır. Azacıq su qatdıqda, dərhal əriyir.

 

*Əsl zeytun yağının içərisində az miqdarda olsa da, turşu var. Bu səbəbdən onun dadına baxın. Ağzınızı yüngülcə yandırması bunun əsl zeytun yağı olmasına işarədir.

 

*Bir stəkan zeytun yağını eyni miqdarda su ilə qarışdırın. Həqiqi zeytun yağı suyun üzərinə çıxacaq. Saxta yağ isə tamamilə suya qarışacaq.

 

*Zeytun yağını duz ilə qarışdırın. Əgər çəhrayı və ya qırmızı rəng alınarsa, deməli, həmin yağ saxtadır.

 

*Plastik və ya şüşə qablarda satılan zeytun yağını almaq qətiyyən məsləhət deyil. Çünki yağ günəş şüası və hava ilə təmasda olubsa, artıq onun dadında da acılıq əmələ gələcək.

 

*Ən keyfiyyətli zeytun yağını seçib almaq istəyirsinizsə, o zaman rəfdən tünd yaşıl və ya tünd qəhvəyi şüşədə olanı götürün.

 

Zeytun yağını necə saxlayaq?

 

Əsl zeytun yağını almaq kifayət etmir. Onun korlanmaması üçün düzgün qaydada saxlamaq da əsas şərtlərdən biridir. Məhsulun uzun müddət faydasını və dadını itirməməsi üçün onu düzgün saxlamaq lazımdır, əks halda o bir neçə günə xarab olacaq  Zeytun yağının ən böyük düşməni oksigen və günəş şüasıdır.

 

Ona görə də zeytun yağını mütləq qaranlıq və quru yerdə saxlamaq lazımdır. Qaz plitəsinin yanına və ya pəncərə qırağına qoymaq olmaz! Bu halda yağın qoxusu və keyfiyyəti azalacaq, yeməklərdə acı dadı hiss olunacaq.

 

Saxlanılma yerinin seçimi

 

İşıq və hava zeytun yağında oksidləşmə proseslərini sürətləndirir və onun faydalı xüsusiyyətlərinə mənfi təsir göstərir. Məsələn, yaşlanma proseslərini yavaşladan E vitamini işığın təsiri altında 12 aya dağılır.

 

Zeytun yağının uzun müddət saxlanılması üçün uyğun temperatur göstəriciləri: +12-dən +16-ya qədər, +25°C qədər yüksəlməsi yolveriləndir. Buna görə məhsulu qaranlıq, sərin yerdə saxlayın. Bu anbar, zirzəmi və ya istilik mənbələrindən uzaq olan mətbəx dolabı ola bilər.

 

Soyuducuda saxlamaq olarmı?

 

Zeytun yağının tez korlanan məhsullar sırasına aid olmasına baxmayaraq, onu soyuducuda saxlamaq tövsiyə olunmur. Soyuğun təsiri altında onun tərkibində bərpa olunmaz kimyəvi proseslər baş verir, vitaminlər parçalanır, yağların faydası itirilir. Bundan əlavə, onun xarici görünüşü də dəyişir — maye bulanıq olur və ağ çəngəvari çöküntü yaranır. Extra Virgin növünü (yüksək keyfiyyətli zeytunlardan soyuq sıxılmış, saflaşdırılmamış yağ) hətta qısa müddətlik belə soyuq təsirinə məruz qoymaq olmaz.

 

İstifadə müddəti

 

Zeytun yağının istifadə müddəti 2 ildir, amma hesab olunur ki, onu 12 ay ərzində istifadə etmək daha yaxşıdır — yağ nə qədər təzə olsa, o bir o qədər dadlı və xoş qoxulu olacaq.

 

Zeytun yağının fərqli qablarda saxlanılması

 

Yağın satıldığı qab adətən sonrakı saxlanılma üçün də uyğundur. Başqa qab istifadə etmək qərarına gəlsəniz, bir neçə vacib məqamı nəzərə almalısınız:

 

1.Material. Mis, dəmir və plastik zeytun yağı üçün uyğun deyil: bu materiallar və yağın tərkibindəki maddələr arasında kimyəvi reaksiya yarana bilər, və bu halda məhsulu qida üçün istifadə etmək qadağan olacaq. Şüşə, mərmər və keramik qablar uyğun olacaq.

 

Zeytun yağının keyfiyyəti məhz şüşə qabda daha yaxşı qorunur. Tünd çalarlı qalın şüşə qabların istifadəsi ən yaxşı seçimdir. Bu cür şüşələr uzun boğazlı və sıx bağlanan qapaqlı olurlar.

 

Tənəkə qablar işıq buraxmır və onlarda yağın keyfiyyəti il boyu qorunur. Amma yüksək keyfiyyətli məhsul üçün tənəkə qablar istifadə etmək tövsiyə olunmur.

 

İstehsalçılar zeytun yağını keramik qablarda satışa buraxmırlar, amma ev şəraitində məhsulu onlarda saxlamaq olar. Keramika günəş şüası və kənar qoxuların qarşısını alır. Adətən bu qabların xüsusi lüləyi olur, ağzı isə taxta mantar ilə bağlanılır.

 

2.Hermetiklik. Qabın qapağı sıx bağlanmalıdır.

 

3.İşıq keçirməmə. Tünd rəngli və ya şəffaf olmayan şüşə seçin, bu yolla siz məhsulu gün şüasının dağıdıcı təsirindən qoruyacaqsınız.

 

Şüşə açıldıqdan sonra saxlanılma qaydaları

 

Açıq şüşələrdə zeytun yağı daha sürətlə korlanır. Onun keyfiyyəti və təravətini mümkün qədər çox qorumaq üçün aşağıdakı qaydalara əməl etməlisiniz:

 

  • Məhsulu bir ay ərzində istifadə edin
  • Qabı işıq mənbələrindən uzaqda, kəskin dəyişikliklər olmadan təxminən 15°C temperaturunda saxlayın.
  • Məhsulun bir hissəsini daha kiçik bir qaba tökün, qalanını sıx bağlayın, folqaya bükün və qaranlıq sərin yerə qoyun. İstifadə etdikcə yağı böyük qabdan əlavə edin.

 

Yağın korlanmasının səbəbləri

 

Dad və qida xüsusiyyətlərinin itirilməsinin səbəbi əsas saxlanılma qaydalarının pozulmasıdır:

 

*Qaba havanın daxil olması. Nəticədə məhsulun dadı acı olur, ətri zəifləyir.

*Tövsiyə olunan temperatur rejiminin pozulması. Temperatur düşməsi zeytun yağında ağ çöküntü yaradır, çünki tərkibindəki turşular soyuğa dözümsüzdür. İstidə orqanizmə fayda verən yağlı turşuların dağılması baş verir.

*Günəş təsiri. Ultrabənövşəyi şüalar məhsulun tərkibindəki vitamin və qidalandırıcı mikroelementləri dağıdırlar.

 

Məhsul korlandıqda nə etmək lazımdır?

 

Yağ qida üçün yararsız oldusa, onu bədənə qulluq üçün istifadə edə bilərsiniz. Zeytun yağını şampunlara, saç boyasına, duş gellərinə, maskalara əlavə edin — bu dəri və saçların quruluğunun qarşısını alacaq. Məhsulun qalıqlarını dondurub, sonra həmin buz ilə üzünüzü silə bilərsiniz. 300 ml zeytun yağı və 10 ml qərənfil efir yağını qarışdırsanız ağcaqanadlara qarşı effektiv vasitə əldə edəcəksiniz — yay fəslində onunla əllərinizi və üzünüzü silə bilərsiniz.

 

Zeytun yağı məişətdə də lazım olacaq: onu taxta və metal əşyaları günəşdən qorumaq üçün onlara tətbiq edir, və həmçinin qapı ilgəklərini yağlayırlar. Bu məhsul ilə mətbəx dəsmallarına bəyazlığı geri qaytaracaq məhlul hazırlaya bilərsiniz. Vedrəyə 10 litr su tökün, 2 xörək qaşığı zeytun yağı, eyni miqdarda ağardıcı və 200 qr yuyucu toz əlavə edin. Alınan məhlulda dəsmalları 5-10 dəqiqə ərzində sakit odda qaynadın. Soyumalarını gözləyin, daha sonra dəsmalları təmiz su ilə yaxalayın.

 

Əgər yeməyiniz 180°C dərəcədən yuxarı temperaturda bişəcəksə, o zaman zeytun yağını ya hazır xörəyə əlavə edin, ya da salatlara. Onu qaynar yeməklər üçün tavaya tökmək məsləhət deyil.

 

Müasir kosmetologiyada üz və bədən dərisinin təmizlənməsi üçün zeytun yağından çox istifadə edilir. Dietoloqlar ondan təkcə qidalanmada deyil, özünəqulluqda da istifadə etməyi tövsiyə edirlər.

 

Zeytunun meyvəsinin faydaları

 

Zeytun yağı ilə yanaşı, meyvəsi də çox xeyirlidir. Zeytun ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını “maye qızıl” adlandırırdılar.

 

Bu bitkinin tərkibində praktik olaraq insan orqanizminə lazım olan bütün mikroelement və vitaminlər var. Onun meyvəsinin 80 faizi doymamış yağ turşularından ibarətdir. Həmin yağlar isə heyvani yağdan fərqli olaraq aterosklerozun inkişafını dayandırır, ürək-damar sisteminə və həzm orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki F vitamininin əsas komponenti hüceyrə membranının qurulmasında iştirak edir. İmmunostimulyator, həzm yaxşılaşdırıcı, xora əleyhinə, qan laxtalandırıcı, antioksidant və zəif işlədici təsirlərə malik zeytun yarpaqlarının tərkibindəki oleuropein qan təzyiqini də stabilləşdirməyə kömək edir.

 

Zeytunun tərkibindəki doymamış yağ turşuları qadın cinsiyyət vəzilərinin funksiyasını normalaşdırır. Alimlər bitkinin tərkibindəki yağ turşularının ana südünə çox yaxın olduğunu müəyyən ediblər. Zeytun ağacının qabıqlarından kinə əvəzedicisi kimi istifadə olunmasına çalışırlar.

 

Zeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir. Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.

 

Çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.

 

Gündə üç dəfə yeməkdən əvvəl üç ədəd zeytun çəyirdəyini udmaq mədə turşuluğunu aradan qaldırır, təxminən on gün sonra qastrit eroziyaları ilə əlaqədar olan ağrını azaldır, bağırsaq kolitlərində faydalı təsir göstərir, qəbizliyi və babasili müalicə edir. Yetişmiş, qaralmış zeytunlar toplanılaraq mətli hissəsi sürtgəc vasitəsilə ayrılır. Həmin hissəni sıxıb yağ əldə etmək, tumlarını isə qurudub saxlamaq olar. Udmazdan əvvəl zeytunun uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, boğaza və ya mədə-bağırsağa ilişib zərər verməsin.

 

Qurumuş çəyirdəyin üyüdülmüş tozundan da istifadə etmək olar ki, nəticə olaraq bir ay sonra dəridə parlaqlıq yaranır. Bu toz eyni zamanda hormonal pozuntular, öd qatılığı və mədəaltı vəzidə olan iltihab prosesi zamanı çox faydalıdır.

 

Yetişmiş qara zeytunlar kəlbətinlə əzilərək iki kiloqramlıq balonun yarısına qədər doldurulur, üstünə balon dolana qədər alma sirkəsi əlavə edilir. Ağzı tənziflə bağlanaraq ən azı bir ay saxlanılır, sonra süzülür. Hazır məhsul şəkər xəstəliyi, yüksək təzyiq, qan-damar tıxaclaşması, yüksək xolesterin, piylənmə, infarkt, ateroskleroz və digər xəstəliklərin müalicəsi üçün gündə üç dəfə yeməkdən sonra bir stəkan suya bir xörək qaşığı əlavə edilərək içilir.

 

Bundan başqa, hər gün 7 zeytunun 1 əncir qurusu ilə birgə yeyilməsi ömür boyu gümrahlığa, sağlamlığa müsbət təsir göstərir. Yaponiyada herontoloqlar 25 il aparılan təcrübələr nəticəsində belə  nəticəyə gəliblər. Qeyd olunur ki, həmişə cavan qalan, cağlam və gümrah görünənlərin bədənlərində ifraz olunan xüsusi bir maddə var və həmin maddə onların cavan və sağlam qalmasına səbəb olur.

 

Alimlər həmin hormonun istehsalına daha çox səbəb olan bitkiləri araşdırmağa başlayanda maraqlı bir qənaətə gəliblər. Gündə 7 ədəd zeytunla 1 ədəd ənciri birlikdə yemək həmin hormonun daha çox istehsal olunmasına səbəb olur və onunla qidalananların mədə-bağırsaq sistemində demək olar ki, heç bir problem üzə çıxmır.

 

Bir ay müddətində gün ərzində iki dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd ənciri birlikdə yeməyin böyük faydası var. Qəbul edilən zeytunların yetişmiş olması məsləhətdir, hətta onun turşusundan da istifadə etmək olar. Prosedur zamanı 7 ədəd zeytunun qəbulundan sonra fasilə vermədən əncir qurusu yeyilməlidir. İki meyvənin qarışıq qəbul edilməsi ürək əzələsini gücləndirir, damarlara elastiklik verir və onları kirəcləşmədən qoruyur, xolesterinin miqdarını aşağı salır.

 

Bir ay həmin üsulla qidalanma Alsheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı, babasil, xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır.

 

Tərkibi minerallar və kalsiumla zəngin olduğuna görə sümük boşluğu problemləri zamanı müsbət təsir göstərir.

 

Zeytun və əncirin qarışığı dəmir, mis və sink mənbəyidir, qanazlığını aradan qaldırır, mineralların yaxşı sorulmasına səbəb olur. Arıqlamaq istəyənlər üçün də belə qidalanma yaxşı vasitədir. Zeytun və əncirin yeyilməsi iştahanı azaldır və piylərin əriməsinə səbəb olur. Bol antioksidant mənbəyi kimi nəfəs çatışmazlığı və infarkt olanlar üçün də yaxşı müalicə və profilaktik vasitədir.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada