Modern.az

Tərtərdən seçilən deputat ermənilərin Qapanlı kəndini pulemyot atəşinə tutmasından DANIŞDI

Tərtərdən seçilən deputat ermənilərin Qapanlı kəndini pulemyot atəşinə tutmasından DANIŞDI

Aktual

26 Avqust 2020, 16:34

“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri ərəfəsində işğalçı Ermənistan cəbhənin Goranboy rayonundan keçən hissəsində hansısa məkrli plan reallaşdırmaq istədi, bunun üçün göndərilmiş diversiya-kəşfiyyat qrupu ordumzun ayıq-sayıqlığı nəticəsində burunu əzilərək itkilərlə geri çəkildi. Qrupun komandiri, baş leytenant Qurgen Alaverdyan əsr götürüldü”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

 

Deputat qeyd edib ki, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan Xarici İşlər nazirləriylə görüşü öncəsi isə işğalçı ordunun bölmələri Tərtərin Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar:

 

“Atılan güllələr Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, pəncərəni sındırıb. Az öncə Zülfüqar Quliyevlə telefonla danışdım, evin pəncərəsinin şüşələrinin sınmasından başqa ayrı xətər dəymədiyini və tez-tez dinc insanları hədəfə götürən düşmənin bu cür yaramazlıqlarına bir növ öyrəşdiklərini də dilə gətirdi.

 

Maraqlıdır, Ermənistan ordusunun bu növbəti təxribatlarının arxasında nə durur? Cığallıq, ipə-sapa yatmazlıq, yoxsa onlardan yenə alət kimi istifadə olunur?

 

Nə durub-durmadığından asılı olmayaraq, bu təxribatlar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun bugünkü açıqlamasındakı fikirlərin doğruluğunu ortaya qoyur. O, TASS-a intervüsündə Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda işğalçı ölkəyə əlavə silah-sursat göndərilməsinin cəbhədə gərginliyin artması riskini yaratdığını bildirib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında dövlət sərhəddimizin Tovuz rayonu hissəsində, Sergey Lavrovun da təsdiqlədiyi kimi Azərbaycan qazı və neftinin dünya bazarına daşındığı kəmərlərin 15 kilometrliyində yeni mövqelər ələ keçirmək cəhdlərindən dərhal sonra Rusiyadan işğalçı ölkəyə 400 tondan artıq silah və sursat göndərilmişdi”.

 

Sahib Alıyevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq Vladimir Putinlə son telefon danışığında Rusiyanın bu addımının ölkəmizdə narazılıq yaratdığını vurğulamışdı:

 

“Çox ehtimal ki, Rusiyanın müdafiə naziri Sergey Şoyquyla görüşdə bu məsələnin üzərində daha detallı dayanılıb. Məncə, Şoyqunun Bakıya dünənki səfəri və Azərbaycanla Ermənistanın Xarici İşlər nazirlərinin Moskvada Lavrovla görüşləri məhz cənab İlham Əliyevin Vladimir Putinlə sözü gedən telefon danışıqlarının nəticəsi kimi meydana çıxıb.

 

Rəsmi Bakının haqlı narazılıq və xəbərdarlığını Kreml görməzdən gələ bilməz. Əgər gələcəksə, zatulinlərin strateji müttəfiq adlandırdıqları Ermənistanın necə ağır strateji yük olduğu daha aydın görünəcək və inanmıram ki, bu, regionda Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı