Modern.az saytının məlumatına görə, tanınmış vəkil, Müsavat Partiyasının Məclis üzvü İsaxan Aşurov bu gün vəfat edib. Yaxınlarının saytımıza verdiyi məlumata görə, mərhum ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində ciddi problem yaranan İ.Aşurov uzun müddətdir müalicə olunurdu. Yaxınlarının bildirdiyinə görə, tanınmış vəkilin səhhətində 2011-ci ilin əvvəllərindən problem yaranmışdı. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Almaniyada onun üzərində cərrahiyə əməliyyatı da aparılmışdı. Bundan sonra səhhəti nisbətən yaxşılaşan İ.Aşurov Azərbaycana qayıtsa da, vəkillik fəaliyyəti ilə məşğul olmayıb. Buna səbəb isə onun vaxtaşırı müəyyən müalicə prosedurundan keçməsi ilə bağlı olub.
İsaxan Aşurov 2012-ci ilin yanvarında yenidən müayinə üçün ABŞ-da olmuşdu. daha sonra səhhəti pisləşməyə doğru gedib.
Xatırladaq ki, İ.Aşurov 1955-ci ildə Gürcüstanda anadan olub. 1977-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1977-81-ci illərdə Qazax rayon Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1989-91-ci illər ərzində Tovuz rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-92-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-93-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib. 1993-94-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərərək, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilib. 1994-cü ildə həbsdən azad olunub. 1996-cı ildən vəkil kimi çalışır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. 4 övladı qalıb.
Allah rəhmət eləsin!
Modern.az