Məşhur rusiyalı telejurnalist Vladimir Pozner Gürcüstanın paytaxtı Tbilisi şəhərindədir.
Modern.az xəbər verir ki, onun Gürcüstana səfəri etirazla qarşılanıb.
İctimai fəallar və müxalifət nümayəndələri jurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya iştirakçıları bildiriblər ki, V.Pozner Gürcüstanın ərazi bütövlüyünü tanımır, etnik gürcü, abxazları təhqir edib və bu səbəbdən ölkədən çıxarılmalıdır.
Yayılan məlumatlara əsasən, telejurnalist doğum gününü qeyd etmək üçün dostları ilə birgə çarter reysilə Tbilisiyə gəlib.
Son məlumata görə, Tbilisidə ictimai fəallar rusiyalı jurnalist Vladimir Poznerin və dostlarının qaldığı mehmanxananın elektrik enerjisini kəsib.
Etirazçılar bunu rusiyalı ziyarətçilərin tezliklə Gürcüstanı tərk etmələri üçün etdiklərini deyiblər.
Aksiyanın keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəlib.
“Rus jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və onun ölkəyə səfəri ilə bağlı hər hansı qanun pozuntusu yoxdur”.
Bu isə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı bəyanatda deyilir.
Bildirilib ki, V.Pozner işğalla bağlı hər hansı qanunu pozmayıb və daha əvvəl də dəfələrlə Gürcüstanda səfərdə olub.
“Qeyd edilən ABŞ vətəndaşı olan şəxs işğal haqqında qanunu pozmayıb və Gürcüstana dəfələrlə səfər edib. Onların ölkəyə daxil olmasına gəlincə isə hökumətin sərəncamına müvafiq olaraq bəzilərinin “COVİD-19” pasportu, bəzilərinin isə “PCR” testi barədə sertifikatı var”, deyə Gürcüstan DİN-in bəyanatında vurğulanıb.