Vaxtilə “Ədalət” qəzetinin həftəlik “Nar” əlavəsi çıxardı. 2006-cı ildə orda fransız filosofu Bernard-Henri Levy’nin “Ziyalı kimdir?” kitabından tərcümələr vermişdim. Ard-arda 10-a yaxın nömrədə getmişdi bu tərcümələr. Ziyalı kimdir? – Bernard-Henri Levy dünyanın 44 məşhur yazıçısına ünvanlamışdı bu sualı və cavabları bir kitabda toplayıb nəşr etdirmişdi. Tərcümələr üzərində işləyə-işləyə gördüyüm bu işin mənası, faydası barədə də düşünürdüm, daha doĝrusu, içimdə duyurdum ki, etdiyim bu tərcümələr, buna sərf etdiyim vaxt, B-H Levy’nin bu təşəbbüsü, o məşhur yazıçıların cavabları və s. maraqlı olsa da deyəsən mənim sandıĝım qədər də əhəmiyyətli bir şey deyil heç…
Ziyalı statusu mənə çox da cəlbedici gəlməyib, amma o vaxtlar Fransada və dünyada populyar olan bu filosofa çox qulaq asırdım; həm TVlərdə, həm də internet üzərindən – oturub saatlarla dinləyərdim. Santa Barbarada bir dəfə görüşünə də getmişdim. 44 yazıçının hərəsi bir cür cavab vermişdi onun sualına; Levy’nin özünə görə isə ziyalı (ingiliscə “intellectual”) o adam deyil ki, alimdir, yazıçıdir, jurnalistdir, müəllimdir və sairə; ziyalı o adamdır ki, hakim dairələrə qarşı etiraz edir, özünü kütlə ilə hakimiyyətin arasına verib kütləni hakimiyyətdən müdaifə edir. Pah! Mənə də elə bu lazım deyildimi?!
Hakimiyyətlə kütlənin arasına girib kütləni hakimiyyətdən müdafiə etmək! Bəs kütlə məsələni ziyalıdan daha yaxşı anlayırsa necə? Daha bir eybəcər variant, kütlə də, hakim dairələr də məsələni düzgün anlayır və bir-birlərilə razıdırlar, ziyalı yanlış anladıĝından özünü ortaya atıb.
Kütlə fərdlərdən ibarətdir, onun təfəkkürü statistikdir. Hərə bir şey düşünür və bəzən bu qarmaqarışıqlıqdan bir “ortaq məxrəc” yaranır; bu “ortaq məxrəc” düşüncəni məcraya salıb çox dərinliklərə nüfuz etmək gücündədir! Ziyalı orta statistik bir fərddən daha hazırlıqlı, bilikli, elmli ola bilər, amma onun təfəkkürü, yanaşması fərdidir. Məsələn, 1960-cı illərdə çox güclü bir şahmat qrossmeysteri hansısa bir debütün deyəlim hansısa 12-ci gedişini güclü gediş saya bilərdi, indiki dövrün ortabab bir şahmatçısı isə şahmat bazasında (database) bu gedişi axtarışa verər, öyrənər ki, bu gediş bu variantda qrossmeyster səviyyəsində filan qədər (minlərlə sayda) oynanılıb, onun neçə fazində aĝlar qalib gəlib, neçəsində qaralar, neçəsində də heç-heçə qeydə alınıb. Ziyalının təfəkkürü çox zaman bu cür data-bazadan məhrumdur.
Məsələnin başqa bir tərəfi – kütlə bəzən (yaxud çox zaman) ziyalıdan daha aydın düşünür, daha rasionaldır. ABŞda məhkəmələrdə 12 münsif (jüri) seçilir, prokurorun iddiasından, vəkilin müdafiəsindən, şahidlərin dindirilməsindən sonra müttəhimin günahkar olub-olmamasını həmin bu 12 nəfər müəyyən edir. Bu adamlar təsadüfi alqoritmlərlə seçilir, ilkin variantda 20-30 (bəlkə daha artıq) adam olsa da, sonra bunların içərisindən uyĝun olan son 12-lik təyin olunur. Buna ABŞda “jury duty” deyirlər, “münsiflik borcu”. Kimə bu cür məktub gəlirsə, qanunla mütləq məktuba cavab verməlidir. Əgər məhkəməyə dəvət olunarsa, həmin gün bütün işlərini ləĝv edib iştirak etməyə qanunla borcludur. Mənə də gəlib bu cür dəvətlər, amma son 12-liyə seçməyiblər. Məsələ burasındadır ki, rəsmi bir qayda olmasa da məhkəmələr çox zaman hansısa elmi dərəcəsi olan adamları istəmirlər, o adamların düşüncəsi çox sofist, qarmaqarışıq olur deyirlər. Müttəhim günahkardır, yoxsa yox? Hə, yoxsa yox? Məhkəməyə beyniylə nəsə dərinlik qazan deyil, “ürəyinin səsinə” qulaq asıb qərar verən insanlar lazımdır.
Tutalım sən bir pəncərə ustasısan, - bir iqtisadçı qonşm deyir bunu mənə - on illərdir bu işlə məşĝulsan. Gözəl də bir pəncərə düzəldib bazara satışa çıxarmısan. Yaratdıĝın məhsula qiymət də qoymusan – 400 manat! Bazarda isə heç kim bu qiymətə yaxın durmur, kim yaxınlaşırsa sənə ən çoxu 300 manat təklif edir. Hər yetən deyir ki, baha verirsən, səni inandırmaq istəyirlər ki, qoyduĝun qiymət ədalətli qiymət deyil. Sən də gülürsən bu adamlara, “axı bu işin ustası mənəm, bu sənətə ömrümü həsr edən mənəm, indi bunlarmı mənə öyrədəcək pəncərənin neçəyə olduĝunu?”. Qonşum deyir ki, bəli, bazar sən düzəltdiyin pəncərəyə nə qiymət qoyursa doĝru olan da odur, çünki… bazar səndən çox bilir!
20 il öncə özümü guya bəşəriyyətin dərdini çəkən birisi sayırdım. Neçə dəfə başım daşdan-daşa dəydi, yolumu dəyişib guya təzə, doĝru yolla getdim, hər dəfəsində də yanlış olduĝumu gördüm. Anladım ki, heç öz doĝma kəndimin dərdini çəkmək gücündə deyilmişəm. Indi sadə adamları danışdırıb onların nə dediyinə daha diqqətlə qulaq asıram. “Getdim Leninqradın, Kiyevin zırpı-zırpı akademikləriylə oturdum-durdum, gördüm bizim kəndin ayaĝı çarıqlı kişiləri onlardan daha böyük adamlarmış” – bunu da atam deyirdi. Mən də… sadə adamları danışdırıb onların məndən daha aĝıllı və bir insan kimi daha dürüst olduqlarını hiss edəndə təəccüblənirdim əvvəllər. Indi sakit yanaşıram buna. Indi daha Bernard-Henri Levy’yə də qulaq asmıram. Ürəyim istəyir ki, bir topa adam ola, yıĝışıb harasa gedələr. Mən də dallarınca yüyürəm, çatam, qoşulam onlara. Itib-batam topanın içərisində. Hərə bir söz deyə, mən də birin deyəm. Inanam bu adamlara. Hara gedirlər, niyə gedirlər – belə şeyləri sorĝulamaq aĝlımın ucundan belə keçməyə.
Azər Əhmədov,
ABŞ
Aprel, 2021.